Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 5 mart-Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə idmançıları təbrik edib.
Millət vəkili "Facebook" səhifəsində paylaşdığı təbrikində yazıb: "5 mart 1995-ci il tarixində Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşdü və bundan sonra idmançılarımızın yeni-yeni nəaliyyətlər qazanmağı üçün İdman Fondunu təsis etdi. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyuldu".
S.Qurbanov bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Xatırladıb ki, Prezidentin 4 mart 2005-ci il tarixli Sərəncamı ilə Bədən Tərbiyəsi və İdman Günü təsis edilib.
"Ölkəmizdə idman günü-gündən inkişaf edir və geniş vüsət alır. Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır",-millət vəkili əlavə edib.
Komitə sədri daha sonra Şabran rayonunda idmançılarla görüş keçirdiyini qeyd edib: "Şabran rayonunun mərkəzində təşkil edilmiş tədbirdə idmançılar öz məharətlərinin nümayiş etdirdilər. Tədbirdə dünya şöhrətli idmançı Məmmədi Salamov, Respublika səviyyəli idmançı Coşqun Abdullayev və digərləri də iştirak edirdilər. Tədbirin sonunda rayon rəhbərliyi ilə birlikdə nailiyyət əldə edən idmançılarımızı təltif etdik".
"AzPolitika.info"


Şərhlər