Almaniyada yaşayan Azərbaycan vətəndaşı Yadigar Xanmuradov "AzPolitika.info" saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Yadigar Xanmuradovun şıkayəti ona məxsus olan torpaq sahəsinin qardaşı tərəfindən zəbt edilməsi və Astara Rayon Məhkəməsinin şikayətini qəbul etməməsi ilə bağlıdır. Həmin müraciəti qısa ixtisarla dərc edirik:

"Cənab Prezident! Mən, 1967-ci il təvəllüdlü Yadigar Xanmuradov 2001-ci ilin yayından etibarən Almaniyada yaşayıram. Azərbaycan Dövlət Dillər Universitetini 1993-cü ildə bitirmişəm. İxtisasca ingilis-alman dilləri üzrə tərcüməçiyəm. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişəm. Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüyəm. 2001-ci ilin yayından etibarən Almaniya Federativ Respublikasında yaşayıram. Ailəliyəm, 4 övlad atasıyam.

Azərbaycan Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ var. Bu hüququmdan istifadə edərək mən fərdi qaydada Sizə müraciət edirəm.

Möhtərəm przident! 1998-cu ilin martında atam Murtuza Xanmuradov Astara rayonunun Təngərüd kəndində yerləşən və onun şəxsi mülkiyyətində olan həyətində şəxsən özü mənim üçün kiçik bir torpaq sahəsi ayırmış, onu çəpərə almış və orda fərdi yaşayış evi tikməyim üçün bünövrə qazmışdı. 1999-cu ilin iyununda mən həmin həyətdə ikimərtəbəli fərdi bir yaşayış evinin inşasına başladım. 2000-ci ildə evin birinci mərtəbəsini tamamladım və ondan sonra tikinti işlərini dayandırdım. 2000-ci il mayın 17-də atam vəfat etdi. 2001-ci ilin avqustunda mən Almaniyaya mühacirət etdiyimdən, həmin torpaq sahəsinə və onun üstündə inşa etdiyim yarımçıq tikiliyə əvvəlcə anam Gülsənəm Xanmuradova, onun ölümüdən sonra isə qardaşım Rüstəm Xanmuradov nəzarət edirdi.

2013-cü il noyabrın 20-də telefonla mənə xəbər verdilər ki, üstündə yaşayış evi inşa etdiyim torpaq sahəsi ilə bağlı mübahisələr yaranmışdır. Məlum oldu ki, həmin torpağı mübahisələndirən şəxs qardaşım Xanmuradov Xanmurad, həmin mübahisələrə baxan şəxs isə Astara rayon icra hakimiyyəti başçısının Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleyman Ağacanovdur. Bu torpaq sahəsi məhz atamın 1999-cu il aprelin 28-də notarial qaydada mənə vəsiyyət etdiyi həyətdə yerləşirdi. Bir vərəsə kimi bu torpaq sahəsində maraqlı tərəf olduğum üçün mübahisələrin həllində iştirak etməyə qərar verdim.

Beləliklə, 25 noyabr 2013-cü il tarixdə elə eyni tarixli bir ərizə ilə mən Almaniyadan sifarişli poçtla Astara rayon icra hakimiyyəti başçısının Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleyman Ağacanova müraciət etdim. Bu ərizədə mən S. Ağacanovun nəzərinə çatdırmışdım ki, yaranmış torpaq mübahisələrinin həllində maraqlı tərəflərdən biri məhz mən özüməm və ondan xahiş etdim ki, yaranmış mübahisələrə əvvəlcə məhkəmədən kənar qaydada baxılsın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 107-ci maddəsində deyilir ki, məhkəmədən kənar qaydada baxılan torpaq mübahisələrində maraqlı olan tərəflər torpaq mübahisələrinin həllində iştirak etmək, mübahisələrin həllinə dair sənədlərlə tanış olmaq, onlardan çıxarışlar etmək, dəlillər və sübutlar təqdim etmək, vəsatət qaldırmaq, şifahi və yazılı izahatlar vermək, qarşı tərəfin vəsatətlərinə etiraz etmək, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarının surətini almaq, həmin qərarla razı olmadıqda, ondan müvafiq məhkəməyə şikayət etmək hüquqlarına malikdirlər.Bu maddəyə istinad edərək mən cavabdeh S. Ağacanovdan xahiş etmişdim ki, ərizədə adlarını çəkdiyim zəruri sənədləri ya birbaşa, ya da dolayı yolla, yəni həmvərəsəm Rüstəm Xanmuradovun vasitəçiliyi ilə mənim Almaniyada yaşadığım ünvana göndərsin. Lakin daxil olduğu gündən bir ilə yaxın vaxt keçsə də və həmvərəsəm tərəfindən dəfələrlə diqqətinə çatdırılsa da, cavabdeh S. Ağacanov mənim ərizəmə bu günə kimi heç bir reaksiya verməmişdir. Nəticədə mənim Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 107-ci maddəsindən irəli gələn bütün hüquqlarım, həmin Məcəllənin 106-cı maddəsinin 1-ci bəndində və «Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsindəki qaydalar pozulmuşdur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 106-cı maddəsinin 2-ci bəndində deyilir ki, torpaq mübahisələrinə maraqlı tərəflərin iştirakı ilə baxılır. Mən 25 noyabr 2013-cü il tarixli ərizəmlə cavabdeh S. Ağacanovdan xahiş etmişdim ki, yaranmış torpaq mübahisələrinin həllində mənim iştirakımı təmin etsin. Ərizədə onu da qeyd etmişdim ki, torpaq mübahisələrinə mənim iştirakım olmadan baxılmasına mən rəsmi razılıq vermirəm. Lakin buna baxmayaraq, mübahisələrin həlli təxirə salınmamış, əksinə mübahisələrə mənim iştirakım və rəsmi razılığım olmadan baxılmışdır. Nəticədə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 106-cı maddəsinin 2-ci bəndinin tələblərinə riayət edilməmişdir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 106-cı maddəsinin 3-cü bəndində deyilir ki, tərəflərin birinin üzürlü səbəb olmadan ikinci dəfə baxışa gəlməməsi torpaq mübahisələrinə baxılmasını və bu məsələ üzrə qərar qəbul edilməsini dayandırmır. Həmin maddənin 2-ci və 3-cü bəndlərinin tələbləri nəzərə alınaraq torpaq mübahisələrinə mənim iştirakım olmadan həm ilk dəfə, həm də təkrar baxılmamalı idi. Çünki bunun üçün hətta S. Ağacanovun özünə də açıq-aşkar məlum olan üzürlü səbəb var idi. Həmin üzürlü səbəb də ondan ibarət idi ki, S. Ağacanov məni mübahisə tərəflərinin dairəsinə daxil etməmiş, mübahisələrin istər ilk dəfə, istərsə də təkrar baxılma yeri və vaxtı barədə mənə heç bir bildiriş verməmişdir. Beləliklə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 106-cı maddəsinin 3-cü bəndinin tələblərinə riayət edilməmişdir.

Cənab Prezident! Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 106-cı maddəsinin 5-ci bəndində deyilir ki, torpaq mübahisələrinə baxan orqanın qərarı qəbul edildiyi andan ən geci beş gün keçənədək tərəflərə verilməlidir. Lakin bu günə kimi mənə torpaq mübahisələrinin həllinə dair heç bir qərar təqdim edilməmişdir. Bu da Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 106-cı maddəsinin 5-ci bəndində müəyyən edilmiş qaydaların pozulması ilə nəticələnmişdir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 108-ci maddəsinin 1-ci bəndində deyilir ki, torpaq mübahisələrinə dair müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı qəbul edildiyi andan qüvvəyə minir; qərardan müvafiq məhkəməyə şikayət verilməsi onun icrasını dayandırır. Əgər belə bir qərar qəbul edilmişdisə, həmin qərar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 106-cı maddəsinin 5-ci bəndinin tələblərinə uyğun olaraq mənə təqdim edilməliydi. Bu zaman mən həmin qərardan məhkəməyə şikayət verə və onun icrasını avtomatik dayandıra bilərdim; və yaxud, əgər torpaq mübahisələrinin həllinə dair qərar çıxarılmışdısa, lakin mənə təqdim edilməmişdisə, onda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 108-ci maddəsinin 3-cü bəndinə əsasən, həmin qərar mənə təqdim edilənədək onun icrası müvəqqəti dayandırıla yaxud onun icra müddəti uzadila bilərdi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 106-cı maddəsinin 4-cü bəndində deyilir ki, torpaq mübahisələrinə baxan orqanın qərarında onun yerinə yetirilməsi qaydaları və pozulmuş hüquqların bərpası üzrə tədbirlər nəzərdə tutulur. Mübahisələrin nəticələrinə dair hansı qərar qəbul edilmişdir, qərarda hansı pozulmuş hüquqların bərpası üzrə tədbirlər nəzərdə tutulmuşdur - mənə bu günə kimi bəlli deyil.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsində deyilir ki, özbaşına tutulmuş torpaqların qaytarılması və onların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.Torpaq özbaşına zəbt olunmuş olsa da belə, onun geri qaytarılması və əvvəlki vəziyyətinə gətirilməsi həmin torpaqları özbaşına zəbt etmiş hüquqi və fiziki şəxs tərəfindən həyata keçirilməli idi. Bu isə cavabdeh S. Ağacanov tərəfindən həyata keçirilmişdir. Belə ki, mübahisələrə çəkişməsiz, tərəf müqabilsiz baxan S. Ağacanovun göstərişlərinə əsasən mübahisələndirilən torpaq sahəsinin çəpərləri sökülmüş, həyət zəbt edilmiş, hətta orada bir mərtəbəyə kimi ucaltdığım fərdi yaşayış evim də sökülmüşdür.

Cənab prezident! Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsində deyilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsində isə deyilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinin dispozitiv şərtlərindən görünür ki, özbaşına tikinti hesab edilən daşınmaz əmlak yalnız və yalnız məhkəmənin qərarı əsasında sökülə bilər və özbaşına tikintinin sökülməsi ilə bağlı iddiaları yalnız və yalnız müvafiq icra hakimiyyəti orqanları və ya maraqlı tərəf irəli sürə bilər. Maraqlı tərəf dedikdə, özbaşına tikintinin aparılması nəticəsində hüquqları pozulmuş şəxslər başa düşülür. Mübahisəsi gedən tikili hətta özbaşına tikili olsa da belə, mülki qanunvericiliyə əsasən, özbaşına tikilinin sökülməsi yalnız məhkəmənin qərarı əsasında həyata keçirilir. Buna baxmayaraq, S. Ağacanov heç bir məhkəmənin qərarı olmadan, inşa etdiyim evi hüquqa zidd olaraq sökmüş və nəticədə mənə maddi zərər vurmuşdur. Başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl mülki hüquq pozuntusu və ya delikt hesab olunur. Beləliklə, S. Ağacanovun təqsirli və hüquqa zidd hərəkətləri mənə zərər vurulmasına gətirib çıxartdığına görə həmin hərəkətlər delikt sayılır. Delikt törətmiş şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır.

Cənab prezident! 2014-cü ilin avqustundan başlayaraq bu günə kimi mən Almaniyadan sifarişli poçt rabitəsi vasitəsilə Astara rayon məhkəməsinə çoxsaylı iddia ərizələri göndərmişəm. Bundan əlavə, elektron poçt vasitəsilə də dəfələrlə eyni iddia ərizələri ilə Astara rayon məhkəməsinə müraciət etmişəm. Bundan başqa dəfələrlə Astara rayon məhkəməsi ilə telefonla əlaqə yaratmışam. Məhkəmə indiyə kimi mənim heç bir ərizəmə, elektron poçtuma, telefon zəngimə cavab vermir. Mən artıq psixi sarsıntı keçirirəm, öz sağlamlığımı itirmək təhlükəsi ilə üzləşmişəm. Artıq ölüm həddinə çatmışam. Bu necə məhkəmə sistemidir, bu necə hakim andıdır?! Mən 14 ildən artıqdır ki, Almaniyada yaşayıram. Bu müddət ərzində mən 38 məhkəmə prosesinə çıxmışam və tam həqiqi deyirəm ki, heç bir məhkəmə prosesini məğlubiyyətlə tərk etməmişəm. Almaniyada insan hüquqlarına böyük sayğı, böyük diqqət var.

"Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində deyilir ki, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır.

Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər.

Cənab prezident! Azərbaycan prezidenti həm də yerli icra hakimiyyəti başçısıdır. Mən Sizdən xahiş edirəm, bir ay ərzində Astara rayon məhkəməsindən belə bir süründürməçiliyə son qoymaq barədə göstəriş verəsiniz. Əks təqdirdə mən Almaniya Federativ Respublikasının Bundestaqı qarşısında öz pozulmuş hüquqlarının bərpası ilə bağlı bütün qanuni vasitələrdən istifadə etmək məcburiyyətində qalmış olaram. Bu məsələ ilə bağlı cavabı mənim Almaniyada daimi yaşadığım Herderstrasse 20, 07545 Gera ünvanımda yaxud yadigar_h@mail.de elektron poçtumda almağıma çox şad olardım.

Sizə öncədən minnətdarlığımı bildiriəm."

Yadigar Xanmuradov

Almaniya Federativ Respublikası, Gera şəhəri

Tarix: 30 oktyabr 2014-cü il