Rusiyanın Ukraynaya təcavüzünün ardından Qərb dövlətləri Rusiyaya qarşı geniş miqyaslı sanksiyalar tətbiq etməyə başlayıb. Böyük Britanya hökumətinin fikrincə, Avropanın Rusiya yanacağından imtina etməsi Kremlə vurulan ən təsirli zərbə ola bilər.
“AzPolitika.info” xəbər verir ki, Britaniyanın “The Daily Telegraph” qəzeti Böyük Britaniyaya sıxılmış təbii qaz daşıyan Rusiya gəmisinin limana buraxılmadığına dair məqalə dərc edib. Məqalədə Rusiyanın enerji sektoruna qarşı sanksiyaların tətbiqinin vacib olduğu qeyd edilir: ”Böyük Britaniya Avropadakı müttəfiqləri ilə birlikdə Almaniyanın Rusiya qazından imtina etməsinə köməklik göstərməyə və həmçinin Rusiyanın enerji sektoruna qarşı sanksiyalar qoyulmasına hazırlıq görür.
Hazırda Britaniya hökuməti Berlin və digər Avropa qaz idxalatçıları ilə birgə bütün qitə üzrə limanlara “Sıxılmış Təbii Qaz”(STQ) tədarükünün artırılmasının münasib yollarının tapılmasını müzakirə edir. Londonun başlıca məqsədi gələn qışa kimi Avropanın Rusiya qazından tam imtina etməsinə nail olmaqdır.
Bu cür addımlar Rusiya enerji daşıyıcılarının tədarükünü sanksiya zərbələri altında qoymaq məqsədi daşıyır və bu yöndəki geniş siyasətin bir parçasıdır. Bu tədbirlər həyata keçirilərsə, Kremlin etibarlı valyuta gəliriləri mənbəyinə ağır zərbə vurulacaq.
Britaniyanın nəqliyyat naziri Qrant Şapps ölkənin müvafiq strukturlarına göstriş verib ki, Rusiya gəmilərinə ölkənin limanlarına lövbər atmağa icazə verilməsin. Buna görə də Rusiyanın qazdaşıyan “Kristof de Marjeri” gəmisi Böyük Britaniyadakı təyinat məntəqəsini məcburi tərk edərək Fransa sahillərinə yan alıb.
Hələ ki, Avropa ölkələri Rusiyanın “qaz nəhəngləri”nə qarşı sanksiyalar tətbiqinə başlamayıblar. Çünki bu addım Avropada ciddi enerji böhranı yarada bilər. Lakin əgər Avropa Yaxın Şərqdən və ABŞ-dan qazdaşıyan tankerlərlə Qərbi Avropa limanlarına “Sıxılmış Təbii Qaz” gətirə bilsələr, o zaman Qərb ölkələri “Rosneft” və “Qazproma”qarşı iqtisadi tədbirlər görə bilərlər. Belə olan təqdirdə Kreml ciddi sarsıdıcı zərbə almış olacaq.
Almaniya artıq uzun müddətdir ki, Rusiya qazından asılıdır və oradan gələn qaz dayandırılarsa, onlar digər Avropa ölkələrindən mavi yanacaq alamalı olacaqlar. Çünki “Sıxılmş Təbbi Qaz”ın qəbulu üçün Almaniya ərazisində lazımı infrastruktur yoxdur.
Belə bir fonda Britaniya və müttəfiqləri İspaniya və Fransa ərazisindəki mövcud terminallarda sıxılmış qazın həcminin artırılması yollarını axtarırlar. Həmin mavi yanacaq ilk öncə Avropanın qaz şəbəkələrinə paylanacaq, sonradan isə Almaniyaya yönəldilə bilər.
Ancaq “STQ” sektorunda amansız rəqabəti, yüksək qiymətləri və həm də tədarükçülərin digər idxalatçılar qarşısındakı öhdəliklərini nəzərə alsaq, görərik ki, bütün bunlar ciddi xərclər tələb edir. Deməli, ona görə də bu işlərin həyata keçirilməsi üçün vaxt lazımdır.
Avropa öz enerji ehtiyacını havalar istiləşənə kimi, yəni martın sonuna qədər təmin edə bilər. Sonra isə soyuqlar düşənə kimi - oktyabradək tədarükün yenidən strukturlaşmsı üçün vaxt olacaq.
Yaponiya tədarük etdiyi “STQ”-nin bir hissəsinin Avropaya göndərilməsi ilə bağlı Avropa Birliyi və ABŞ-ın xahişini qəbul edib. Avropa Komissiyasının məmurları bundan əvvəl həmin mövzu ilə bağlı Qatar, ABŞ və Azərbaycan tədarükçüləri ilə danışıqlar aparıblar.
Böyük Britaniya Rusiya qazından çox da asılı deyil. Britaniya özünə lazım olan qazın yalnız 20 faizini STQ halında idxal edir, onun isə çox cüzi hissəsi Rusiyanın payına düşür. Ancaq hər halda Britaniyadakı enerji qiymətləri Avropa bazarına bağlıdır”.
“AzPolitika.info”


Şərhlər