Sentyabr ayında banklarda problemli kreditlər 34,4 milyon manat artıb.
“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, avqustda 938,8 milyon manat olmuş problemli kreditlər, sentyabrın sonunda 973,2 milyon manata yüksəlib.
Ümumiyyətlə, bu ilin 9 ayında vaxtı keçmiş kreditlərin həcmi 180,4 milyon manat və ya 22,7% artıb. Halbuki, ötən ilin eyni dövründə vaxtı keçmiş kreditlərin həcmi cəmi 46,2 milyon manat artmışdı.
Vaxtı keçmiş kreditlərin cəmi kreditlərdə xüsusi çəkisi 5,5% təşkil edir.
Müqayisə üçün qeyd edək ki, bu ilin 9 ayı ərzində cəmi kreditlər 2 milyard 208 milyon 700 min manat və ya 14,3% artaraq oktyabr ayının 1-nə 17 milyard 631 milyon 600 min manata çatıb.
“BU MƏBLƏĞ PROBLEM DEYİL”
Bir neçə gün öncə Mərkəzi Bankın sədri Elman Rüstəmov məbuata bildirmişdi ki, ödəmə vaxtı keçmiş kreditlər banklara problem yaratmır.
“Problemli kreditlər banklara problem yaratmır. Çünki banklar belə kreditlərin 80%-i qədər öz gəlirləri hesabına ehtiyat yaradıblar. Problemli kreditlər bankların cəmi kredit portfelinin təxminən 6%-indən azdır. Bu da, başqa ölkələr ilə müqayisədə olduqca aşağıdır”.


Şərhlər