Putin o qədər adamın “qələmini” qırıb ki!

Seymur VERDİZADƏ

Beş yüz rus yazıçısı Putinin Ukraynaya təcavüzünə haqq qazandıranda çoxumuz ağzımızı büzdük: "Yazıçı irticanın yanında olmamalıdır".

Hətta bəzi dostlarımız bir qədər də irəli gedərək, bu hərəkəti Tolstoyun, Dostoyevskinin nəvələrinə yaraşdırmadıqlarını dedilər. Ümumbəşəri ideyaları təbliğ edən Dostoyevskinin, Tolstoyun, Puşkinin nəvə-nəticəsi bu cür davranmamalıydı - sizinlə razıyam. Amma müharibəni onlar başlatmayıb axı. ABŞ-ın, Avropanın dayandıra bilmədiyi savaşı yeganə silahı qələm olan adamlar necə dayandırsın? Putin o qədər adamın "qələmini" qırıb ki! Kasıb bir yazıçının qələmini qırmaq onun əlində çır-çırpı sındırmaq qədər asan bir işdir...

Uman yerdən küsərlər. Cəmiyyət ziyalıdan ummaqda haqlıdır. Axı ziyalı işıq saçan, yol göstərəndir. Əsl ziyalı öz işığı ilə qaranlıqları aydınlatmalıdır.

Çoxdan yazmışdım: Yazıçı məktəbə geyinməyə ayaqqabı tapmayan Babəki - gözünün qabağındakı balaca qəhrəmanı "görməyib" sərkərdə Babəkin həyatından yazdığı üçün oxucu onun səmimiyyətinə inanmır. Mən demirəm ki, tarixi şəxsiyyətlər haqda heç nə yazılmamalıdır. Onlar haqda da yazılmalıdır. Amma əvvəlcə gözümüzün qabağında şəxsiyyəti alçaldılan adamlar haqda yazmaq lazımdır. Yoxsa, gələcəkdə haqqında yazmağa şəxsiyyət tapılmayacaq...

Yəqin ki, bu məsələdə mənimlə razısınız. Amma mən gecə-gündüz ziyalıları suçlayan, danlayan, hətta qaralayan adamlarla bir məsələdə razı deyiləm. Çətinə düşəndə dəstək umduğunuz ziyalılara, yazarlara siz nə vaxt dəstək verdiniz? Onların yaxşı yaşaması, məmurların, oliqarxların yanında gözükölgəli olmaması, səviyyəcə özlərindən qat-qat aşağı olan adamların əlinə baxmaması üçün əlinizi nə vaxt daşın altına qoydunuz? Yazarları Putinin tankının, topunun qabağına itələyən adamların neçəsi yolunu heç olmasa bir dəfə kitab mağazasından salıb? Neçə yazıçının kitabını alıb ona az da olsa maddi dəstək olmuşuq?

Maraqlı tendensiyadır: Röyaya, Aygünə, Nadirə 10 min verib övladlarının toyuna gətirən adamlar 10 manat verib bir kitab almırlar.

Yazarlarımız da sağ olsunlar ki, bunu bir dəfə həmin adamların üzünə vurmurlar.

Hələ görməmişəm hansısa yazıçı ondan qəhrəmanlıq tələb edən adama desin ki, get səni Röya müdafiə eləsin...

Oxucu həm də vətəndaşdır. Vətəndaşı müdafiə etmək ziyalının, yazıçının borcudur.

Vətəndaşın da borcu ziyalıya hörmət qoymaqdır.

Hörmət dedim ha, minnət yox...

635x100

Şərhlər

Ali 2022-03-25 00:26:15

Tamamilə şərikəm. Burada sırf dialektik qanunauyğunluq var. Ziyalı vətəndaşın yanında, vətəndaş isə ziyalının arxasında olmalıdır. Onlar biri digərini vecə almayanda millət uçuruma yuvarlanır. Normal cəmiyyətlərdə bu dialektik qanun işləyir. anormallarda isə yox.,

Son yazılar