Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya işğalçılarından azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini nəzarətə götürüb.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyara istinadla xəbər verir.

"İrpen, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib", - Malyar feysbuk səhifəsində bildirib.

Qeyd edilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar.

Rusiya hərbi qüvvələrinin çəkilməsindən sonra Çernobıl Atom Elektrik Stansiyasının (AES) üzərində Ukrayna bayrağı qaldırılıb. CNN xəbər verir ki, bu barədə Ukraynanın “Energoatom” dövlət şirkətinin “Telegram” hesabında yaydığı bəyanatda bildirilib.

“Bu gün, 2 aprel saat 11:00-da Ukrayna himni oxunaraq Çernobıl AES üzərində Ukrayna bayrağı qaldırılıb. Çernobıl AES-in fevralın 24-də işğal başlayandan ağır şərtlər altında qəhrəmancasına çalışan, stansiyada və yaxınlıqdakı müəssisələrdə nüvə və radiasiya təhlükəsizliyini təmin edən bütün heyəti mərasimdə iştirak edib”, - bəyanatda qeyd olunub.

Ukraynada gedən döyüşlərdə Rusiya Federasiyasının motoatıcı bölüyün komandiri məhv edilib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Şərq Hərbi Dairəsinin 35-ci ordusunun 38-ci qvardiyasının motoatıcı alayının komandiri mayor Ruslan Petruxin Ukryan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib.

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, indiyədək 17 800 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 631 ədəd tankı, 1 776 ədəd zirehli döyüş maşını, 316 ədəd artilleriya sistemi, 100 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 143 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1236 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 87 ədəd dronu, 24 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.

Bu arada Ukraynalı hərbi bloger Dmitro Putyata martın 12-dən aprelin 1-ə qədər olan dövrüdə Rusiyanın Ukraynada itirdiyi hərbi texnikasının sayını hesablayıb.

"AzPolitika.info" xəbər verir ki, o sosial şəbəkədəki hesabında vurulan texnikaların fotolarını yerləşdirib və bu qeydləri paylaşıb:"Mən yalnız hərbi texnika sayılan tanklar, BMP, BMD, BTR və MT-LB-ləri saymışam. 3 həftə ərzində rusların itrdikləri tankların sayı 236 ədəd, BTR - 116, BMP - 189, BMD- 94, MT-LB - 116 ədəd təşkil edib.

Ümumilikdə martın 3-dən aprel ayının 1-ə kimi işğalçı Rusiya ordusu 366 tank, 704 ədə zirehli döyüş maşını itirib. Qeyd edək ki, Rusiya motoatıcı batalyonunda 30 döyüş maşını, tank batalyonlarında isə 41 tankı var. Beləliklə, 23 motaatıcı və 9 tank batalyonunun məhv edildiyini, yaxud qənimət götürüldüyü gözlərimlə görmüşən".


Bu arada  Rusiya ordusu Ukraynanın şərqindəki Xarkov vilayətinin Balakliya şəhərində regional xəstəxanaya hücum edib. "Haber Global" xəbər verir ki, hücumdan sonra 70 xəstə və tibbi heyət təxliyə edilib.

Xarkov qubernatoru Oleq Sinegubov bildirib ki, regional xəstəxanaya hücum nəticəsində xəstəxananın bir hissəsi zədələnib.

"Biz insanları xilas etmək üçün hər şeyi edirik. Bu, Xarkov əhalisinə qarşı hərbi cinayətdir. Balakliya Xarkov vilayətinin işğal olunmuş şəhəridirUkrayna Silahlı Qüvvələrini ittiham etmək üçün mülki şəxslərə qarşı qəsdən hücumlar həyata keçirilir”, - qubernator bildirib.


“Ukrayna qüvvələri Kiyev ətrafında Rusiya qüvvələrinin geri çəkilməsi qarşısında irəliləməyə davam edir. Şimal-qərb istiqaməti boyunca Ukrayna qüvvələrinin İrpendən Buça və Qostomel istiqamətində irəliləmək səyləri davam edir”.

Bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya qüvvələrinin münaqişənin ilk günündən döyüşlərə məruz qalan Qostomel hava limanından geri çəkildiyi bildirilir. Şərq istiqamətində Ukrayna bir neçə kəndi azad edib.

Ölkənin şərqində Ukrayna qüvvələri ağır döyüşlərdən sonra şərqi Xarkovdə əsas marşruta nəzarəti bərpa edib. Bu, cari həftənin əvvəlində Sumı yaxınlığındakı Trostyanets şəhərinin azad edilməsindən sonra baş verib”, - nazirlikdən bildirilib.

“Slobojanskaya, Donetsk və Luqansk istiqamətlərində gələcək hücum əməliyyatlarında Rusiya qüvvələrin qruplaşmasını gücləndirmək üçün bəzi ərazilərdə qoşunları geri çəkir”.

Bunu Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb.

Bildirilib ki, aprelin 1-i Rusiya Müdafiə Nazirliyi aprelin 4-dən mayın 23-dək ehtiyatda olan hərbçilərlə hərbi təlimlərin keçirilməsi barədə qərar qəbul edib: “Eyni zamanda, Ukrayna ilə sərhəddə təxribatlar etmək üçün Moldovanın Dnestryanı bölgəsində yerləşən Rusiya qoşunlarının bölmələrinin cəlb edilməsi istiqamətində işlər gücləndirilib.

Ukraynaya qarşı hücuma və ola bilsin hərbi əməliyyatlara hazırlaşmaq məqsədilə Rusiya qoşunlarının və qondarma Dnestryanı Moldova Respublikasının hissələrinin yerdəyişməsi qeyd edilib”.

Məlumata görə, Rusiya qüvvələri Luqansk vilayətində xeyli itki verir: “Ölən Rusiya işğalçıları döyüş meydanında qalıblar. Eyni zamanda ötən həftə 2-ci Ordu Korpusu adlanan bölmələrdə bərpaolunmaz şəxsi heyət itkisi təxminən 800 nəfər təşkil edib. Ukrayna Silahlı Qüvvələrinin bir qrup əsgəri sutka ərzində Donetsk və Luqansk istiqamətində düşmənin 9 hücumunu dəf edib. Əsgərlərimiz 8 tank, 44 zirehli texnika, 16 avtomobil və 10 artilleriya qurğusu məhv edib”.

Ukrayna ordusunun bölmələri Kiyev əyalətinin Borodyanka qəsəbəsini Rusiya hərbçilərindən azad edib. Bu barədə “ArmyInform” xəbər verib.

Hələlik hərbi əməliyyatın təfərrüatları açıqlanmır. Bununla bağlı yayılan görüntülərdə yerli müdafiəçilərin Rusiya hərbçiləri tərəfindən yandırılan Borodyankadakı polis idarəsi fonunda Ukrayna bayrağı ilə yer alıblar.

“ABŞ müharibə dövründə ilk dəfə müttəfiqlərinin Ukraynaya sovet tankları verməsinə yardım edəcək”.

“AzPolitika.info” xəbər verir ki, bu xəbəri “New York Times” nəşri paylaşıb.

“New York Times” bildirir ki, bu məlumatı ABŞ Administrasiyasındakı mənbələrindən əldə edib. Xəbərdə deyilir ki, Ukraynaya tankların verilməsi qərarı Prezident Volodimir Zelenskinin müraciətinə cavab olaraq ABŞ rəhbərliyi tərəfindən qəbul olunub.

Mənbə tankların yaxın günlərdə göndəriləcəyini bildirsə də, bunların hansı ölkələrdən alınacağına dair məlumat verməyib: “Tanklar Donbasdakı Rusiya qüvvələrinə uzaqdan artilleriya zərbələri endirməyə imkan verəcək”.

Qəzet bildirir ki, Ukraynaya tankların verilməsi müharibənin yeni fazasının başlanğıcı hesab oluna bilər.

Fevralın 24-dən aprelin 1-dək Ukraynanı tərk edən qaçqınların sayı 4 137 842 nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) bu gün yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, son sutka ərzində 35 891 nəfər qonşu dövlətlərin sərhədlərini keçib.

Fevralın 24-dən aprelin 1-dək olan dövrdə Polşaya 2 405 703, Rumıniyaya 629 917, Moldovaya 391 592, Macarıstana 379 988 qaçqın gedib.

"AzPolitika.info"