Menu

“Brüssel görüşündə iki tarixi əhəmiyyətli razılaşma əldə olunub” – “Erməni müxalifəti prosesi poza bilər”

08.04.2022, 16:26
“Brüssel görüşündə iki tarixi əhəmiyyətli razılaşma əldə olunub” – “Erməni müxalifəti prosesi poza bilər”

"Brüssel görüşündə iki önəmli razılaşma əldə olunub. Birincisi, sülh müqaviləsinin hazırlanması üzrə liderlərin xarici işlər nazirlərinə tapşırıq verilməsi. Bu, çox önəmlii nəticədir. İkincisi, aprel ayının sonuna qədər sərhədlərin delimitasiya və demarkasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılaşma. Hər iki razılaşma çox mühümdür və Azərbaycanla Ermənsitan arasındakı problemlərin həlli üçün önəmli zəmin yaradır. Bu razılaşmaları hətta tarixi əhəmiyyətli adlandırmaq olar".

“AzPolitika.info” xəbər verir ki, siyasi təhlilçi Şahin Cəfərli BBC radiosuna müsahibəsində Brüssel görüşünün yekunlarını şərh edərkən bunları bildirib.

Ekspert vurğulayır ki, burda əsas məsələ razılaşmaların həyata keçirilməsi məsələsidir: "Yəni, razılaşma əldə eləmək asandır, amma onların həyata keçilməsi, məncə, elə də asan olmayacaq. Burda Rusiya amilini də nəzərə almalıyıq. Düzdür, bu razılaşmalarda və Şarl Mişelin verdiyi bəyanatda əslində Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş bundan öncəki razılaşmalara - həm 10 noyabr 2020-ci il tarixli bəyanata, həm 26 noyabr 2021-ci il Soçi bəyanatına istinadlar var. Burda birbaşa Rusiyanın maraqlarına qarşı yönələn hər hansı bir məqam yoxdur. Amma burda Rusiya hiss eləsə ki, təşəbbüs onun əlindən çıxır və Qərbin əlinə keçir, bu məqamda, məncə, Rusiya destruktivlik edə bilər.

Buna görə də, düşünürəm ki, sülh sazişinin hazırlanması prosesi elə də asan olmayacaq. Üstəlik, Rusiyanın bu prosesə təsir imkanları hələ də qalır. Eləcə də Ermənistanın daxili proseslərini də burda qeyd etməliyik. Artıq Ermənistan müxalifəti bu görüş ərəfəsində kütləvi aksiyalarla, məncə, Paşinyana bir xəbərdarlıq mesajı göndərib.

Bu baxımdan, Ermənistan daxili siyasətindəki proseslərin də sülh sazişi prosesinə ciddi təsiri olacaq. Əgər Ermənistanda müxalifət Paşinyana qarşı ciddi bir xalq hərəkatı təşkil edə bilərsə, sülh prosesini poza bilərlər. Məncə, belə bir imkanları var".

Azərbaycanla Ermənistan arasında münasibtlərin nizamlanması prosesində təşəbbüsün Avropa İttifaqına keçməsi imkanlarına gəlincə, Ş.Cəfərli deyir ki, hələ ki, təşəbbüs Avropa İttifaqının əlində deyil. "Amma burda onu qeyd eləmək olar ki, Qərb bu regionu Rusiyanın maraq dairəsi olaraq qəbul etmir. Rusiya bütün keçmiş sovet məkanını özünün müstəsna maraq zonası sayır və Qərbin də bunu belə qəbullanmasını tələb edir. Elə Ukrayna böhranında da bunu müşahidə edirik. Həm Ukrayna məsələsində, həm də son olaraq Qərbin Azərbaycan-Ermənistan sülh prosesinə müdaxiləsi məsələsində biz müşahidə edirik ki, Qərb bu məkanları Rusiyanın nüfuz dairəsi olaraq tanımayacaq və qəbul etməyəcək. Bu, önəmli məqamdır. Prosesi tamamilə Rusiyanın öhdəsinə buraxmırlar. Əgər İkinci Qarabağ Müharibəsindən əvvəlki sülh prosesini xatırlasaq, o zaman Qərbdən olan vasitəçilər, yəni həm ABŞ, həm də Fransa bu məsələni bir növ Rusiyanın öhdəsinə buraxmışdılar.

Rusiyanın Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarındakı liderliyini bir növ qeyri-rəsmi qəbul etmişdilər. Ancaq artıq dəyişən geosiyasi şərtlər, eləcə də Rusiya-Avropa gərginliyinin artması Qərbi bir növ öz siyasətini dəyişməyə vadar elədi və onlar artıq Rusiya ilə əməkdaşlıqdan daha çox rəqabətə üstünlük verirlər. Xüsusilə, Ukrayna müharibəsindən sonra Qərb-Rusiya münasibətlərində bir qırılma baş verdi. Fikrimcə, Qərb artıq Rusiyanın maraqlarına əvvəlki qədər hörmət göstərməyəcək və Rusiya-Qərb münasibətlərində rəqabət elementləri artıq daha ön plandadır, nəinki əməkdaşlıq məsələləri", - təhlilçi vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol