Bu talaçılıqdan vergi və gömrük orqanlarının rəhbərlərinə nə qədər pay düşür?

Rəsmi məlumata görə, 2013-cü ildə ətriyyat, dəri, dırnaq, makiyaj və başqa vasitələrin idxalı 19 mln 756 min dollar təşkil edib. Bu, 2012-ci ildəkindən 12,4 faiz azdır. Müqayisəli analiz göstərir ki, ətriyyat və kosmetik vasitələrin qeyri-leqal dövriyyəsi idxal həcmindən 5 dəfə çoxdur.

Gürcüstan Statistika Departamentinin məlumatına görə, 2013-cü ildə bu ölkəyə 42,7 mln manatlıq ətriyyat və qadın kosmetika vasitələri idxal edilib. Bu, 2012-ci ildəkindən 36,1 faiz çoxdur. Rəsmi rəqəmlərdən belə çıxır ki, əhalisi Azərbaycandan iki dəfə az olan Gürcüstanda adambaşına ətriyyat və kosmetika vasitələri istehlakı Azərbaycandankından çoxdur. Amma Azərbaycan sakinləri bununla razılaşmaz, çünki ölkədə qadınlar bəzənməyə gürcülərdən və istənilən Avropa ölkəsinin qadınlarından çox fikir verir.

Azərbaycan gömrüyü ilə idxalçıların (əsasən “Ideal” və “Sabina”) “əyri güzgüsü” bu il dəyişməyib. DGK-nın məlumatına görə, bu ilin I yarısında ölkəyə xaricdən 5 mln 193,9 min dollar məbləğində 156,2 ton ətriyyat və tualet suyu, 4 mln 222,9 min dollar məbləğində 1295,5 ton kosmetik vasitə gətirilib. Gürcüstanda 9 ayda bu malların idxal həcmi 32,3 mln dollar olub. Bu barədə contact.az məlmat verib.

“Ideal” mağazalar şəbəkəsinin 15, “Sabina”nın 12 obyekti var. Beləliklə, Gürcüstanda xərclənən məbləğə istinad edib demək olar ki, Azərbaycanda 80 mln dollar məbləğində ətriyyat və kosmetika vasitələri idxal vergisindən yayındırılır.

Bu arada dondurma biznesində külli miqdarda vəsaitin gizlədildiyi məlum olub. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkədə bir ildə 500 ton dondurma istehsal olunur. Dondurma bazarında mənzərə 10 ildir dəyişmir. Ona istehsalçılar özləri də inanmır. “İldə 500 ton dondurma? Yalandır!”, - deyə “AER” şirkətinin rəhbəri Elşən Şərifov Turan-a bildirib. Amma aparıcı istehsalçıların beşliyinə daxil olan şirkətin rəhbəri öz istehsal həcmlərini açıqlamayıb.

Rəsmi statistikanın ziddiyyətini Naxçıvan MR Statistika İdarəsinin məlumatı da göstərir. Ötən il MR-da 138,7 ton dondurma istehsal edilib. Bu, 2012-ci ildəkindən 5,2 faiz çoxdur. Beləliklə, belə çıxır ki, muxtariyyatda ölkə dondurmasının 27 faizi istehsal edilib. Bu isə mütəxəssislərlə yanaşı, bazar iştirakçılarında da şübhə yaradır.

Ekspertlərə görə, yayda bir gündə 100-120 ton dondurma istehsal edilir. Dondurma sentyabra kimi şadlıq evlərində də verilir. Bu seqmentdə gündə 5 ton dondurma istehlak edilir. Bazar əsasən “SƏBA”, “Camal ltd.” və “AER” arasında bölünüb. Onlar tələbatın yarıya qədərini (60 ton) təmin edir. Daha 10 müəssisə var ki, gündə 7-10 ton məhsul satır. Nəhənglərlə rəqabət apara bilməyən sexlər istehlakçılara gündə bir neçə ton mal təklif edir. Ekspertlərin fikrincə, bazarın illik həcmi 10 minlərlə tondur. Bu məhsulun uçota alınmayan dövriyyəsi 40 mln manata yaxındır.

Bazar rentabelli olduğu üçün 2015-ci ildə daha bir iştirakçı peyda olacaq - “Zəhmət- Ruzi” MMC (əmtəə nişanı - SAB).

Gömrük Komitəsinin məlumatına görə, 2013-cü ildə dondurma idxalı 43,3 ton artıb. Pul ifadəsində idxal 600 min dollar azalaraq 1 milyon 127,5 min dollar təşkil edib. Yerli istehsalın üstünlüyünü o da göstərir ki, 2010-cu ildə Azərbaycana bəyannamə qiyməti 2 milyon 679,7 min dollar olan 1096,2 ton dondurma idxal edilib. Idxalçılar elə həmin istehsalçılardır (“SƏBA”, “Camal ltd.” və s.). Məsələn, “Iceland” brendi ilə tanınan “Camal Ltd” “Mars” (Fransa), “Nestle” (İsveçrə), “McCain” (Kanada), “Talosto” (Rusiya) kimi markaları satır. Yerli istehsal çoxdan ixracata çıxıb. 2013-cü ildə 19 ton azərbaycan dondurması ixrac olunub.

Qeyd edək ki, qeyri-leqal dövriyyənin artması dövlət büdcəsinə ödənməli olan milyonlarla manat vergi və gömrük rüsumunun da talanması deməkdir. Bu talaçılıqdan vergi və gömrük orqanlarının rəhbərlərinə pay düşüb-düşmədiyini, yaxud nə qədər pay düşdüyünü söyləmək, əlbəttə, çətindir. Ancaq məsiliyyətin böyük hissəsini onların daşıdığını, büdcənin talanmasına onların öz vəzifələrini yerinə yetirməməsinin şərait yaradığı dəqiqdir. Onu da qeyd edək ki, büdcədən talanan bu milyonlar isə yalnız dövlətin deyil həm də hər bir Azərbaycan vətəndaşının puludur. Deməli vergi və gömrük orqanlarının rəhbərləri dolaysıyla həm də vətədaşların ciblərinin soyulmaında iştirak edirlər.

Murad

AzPOLİTİKA.İNFO