AZƏRBAYCANIN GENOFONDUNA ZƏRBƏ HAZIRLANIR? - AQTA-nın təklif etdiyi qanun layihəsi nəyə və kimlərə xidmət edir?

“ABŞ-ın böyük şirkətləri GMO məhsullarını ölkələrdə satmaq üçün yuxarı dövlət orqanlarında çalışan şəxslərə rüşvət təklif edirlər”

“GMO məhsulları istifadə edilən zaman birbaşa genlərə təsir edərək, gələcəkdə dünyaya gələn uşaqların mutasiyaya məruz qalmasına və onların müxtəlif xəstəliklərlə doğulmalarına səbəb olur”

“Ölkədə GMO-nun təbliğatını aparan lobbilər bu əməllərinə son qoymalıdırlar”

Milli Məclisin aprelin 12-də keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edilib. 9 fəsil 40 maddədən ibarət olan qanun layihəsində insanların sağlamlığı, qida və yem məhsullarının təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur. Ancaq bu layihədəki bəzi nüanslar ictimaiyyət arasında birmənalı qarşılanmayıb və böyük narazılığa səbəb olub.

Qanun layihəsinin 13-cü maddəsində göstərilib ki, tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) olan yem məhsullarının Azərbaycanda istehsalı, emalı və dövriyyəsinə icazə verilsin. Layihədə qeyd olunub ki, GMO-lu məhsullar müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum tərəfindən qeydiyyata alındıqdan sonra istifadə edilə bilər.

Bu qanuna əsasən qeydiyyata alınan məhsul insan sağlamlığına zərərli olmamalı, istehlak xüsusiyyətləri ilə bağlı istifadəçiləri aldatmamalı və heyvanların normal qidalanması üçün zəruri inqrediyentlərə sahib olmalıdır.

Məlumat üçün qeyd edək ki, GMO- Xüsusi laboratoriyalarda virus, bakteriya, heyvan və bitkilərin DNT-sindən istifadə edilərək, yaradılan yeni bitki növlərinə verilən addır. Məsələn, kartofun soyuğa və xəstəliklərə davamlı olması üçün ona əqrəb geni, pomidor və çiyələyin şaxtaya dözümlü olması üçün isə ona balıq geni vurulur. Bu yolla canlının genetikasında dəyişiklik edilərək, məhsuldarlıq artırılır və nəticədə şirkətlər daha böyük maddi qazanc əldə edirlər.

Aparılan elmi araşdırmalar nəticəsində məlum olub ki, bu yolla hazırlanan qidalar insan sağlamlığı üçün olduqca təhlükəlidir. GMO-nun zərərli təsirləriylə bağlı ilk elmi nəticə ingilis alim Arpad Puştaiyə məxsusdur. Onun siçovullar üzərində apardığı təcrübə əsasında GMO-lu məhsul yedizdirdiyi bu heyvanların bir müddət sonra qanında leykositlərin miqdarı aşağı düşüb, mədə və qara ciyərlərinin ölçüsü kiçilərək funksiyaları zəifləyib, ümumi çəkiləri və beynin çəkisi azalıb, aqressivlik yüksəlib, hətta bir müddət sonra onlar bir-birilərini yeməyə başlayıblar.

GMO-nun insan həyatı üçün təhlükəli olması Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiq olunub. ÜST-ün apardığı araşdırmalar nəticəsində məlum olub ki, GMO-ların geniş istehsalına başlanıldığı 1995-ci ildən dünyada qlüten həssaslığı, diabet və xərçəng kimi xəstəliklərin sayında ciddi artım qeydə alınıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2016-cı ildə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” imzaladığı fərmana əsasən, ölkə ərazisində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır.

Amma buna baxmayaraq, mətbuatda Azərbaycanda GMO-lu qidalardan istifadəylə bağlı zaman-zaman materiallar dərc olunub. Belə məhsulların satışıyla bağlı müxtəlif iddialar ortaya atılıb. Bu iddiaların doğru olub-olmaması müzakirə mövzusu olsa da, gerçəklik budur ki, GMO-nun istehsalının artdığı illərdə dünyada olduğu kimi Azərbaycandada sözügedən xəstəliklərdən vəfat edənlərin sayı çoxalıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2000-ci ildə xərçəng xəstəliyindən 5081 nəfər, 2001-ci ildə 5455 nəfər, 2002-ci ildə 5859 nəfər, 2003-cü ildə 6248 nəfər, 2004-cü ildə 6105 nəfər, 2005-ci ildə isə 6381 nəfər vəfat edib. Bu xəstəlikdən vəfat edənlərin sayı müsbət tendensiyayla davam edib və 2020-ci ildə 9879 nəfərə yüksəlib.

GMO-nun sərhədlərimizə hələ gəlib çatmadığı 1980-2000-ci illər ərzində xərçəng xəstəliyindən vəfat edənlərin sayı 98 min 380 nəfər olduğu halda, 2000-2020 ci illər ərzində bu xəstəlikdən vəfat edənlərin sayı birdən-birə 145 min 225 nəfərə yüksəlib.

Qeyd edək ki, 20 illik periodda onkoloji xəstəliklərlə yanaşı, bəzi digər xəstəliklərdən ölənlərin sayında da artım gözə çarpır. Məsələn, “endokrin sistemin xəstəlikləri və qidalanma, maddələr mübadiləsi pozğunluqları" xəstəliklərindən vəfat edənlərin sayı 2000-ci ildə təxminən min nəfər olduğu halda, 20 il ərzində bu göstərici 50 faiz artaraq 1500 nəfərə çatıb. Təbii ki, son zamanlar bu xəstəliklərin artmasına hava çirkliliyi, ekoloji tarazlığın pozulması kimi amillərdə təsir göstərib. Ancaq şübhəsiz ki, keyfiyyətsiz qida məhsullarının istehlakının artması da ölüm faizinə təsir göstərən başlıca amillərdən biri hesab olunur.

Bu mövzuyla bağlı qida mütəxəssisi Ağa Salamov “AzPolitika.info”-ya şərhində bildirib ki, hər bir insan öz yaşadığı coğrafiyanın meyvə-tərəvəzindən istifadə etməlidir: “Bu zaman insan genafondunda ciddi dəyişikliklər baş vermir. GMO-da əqrəb və digər heyvanların genindən istifadə olunur. Biz bu məhsulları istehlak edən zaman orqanizmamızda olan genləri aktivəşdirmiş oluruq. Bu da bizim genofondumuza mənfi təsir göstərir. Məsələn, Afrikada bitən bir meyvə GMO daşıyıcıdırsa mən onu istehlak edirəmsə bu zaman orqanizmamda GMO-lu meyvənin genlərini aktivləşdirirəm. Bu genlər gələcəkdə mutasiyaya uğrayır və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.

Mən Quba almasını, Lənkəran limonunuvə ya digər orqanik qida məhsullarını qəbul edirəmsə orqanizmamda həmin genləri aktivləşdirmiş oluram. İnsan bədənindəki xromosomlarda20 minə yaxın gen mövcuddur. GMO məhsulları istifadə edilən zaman birbaşa bu genlərə təsir edərək, gələcəkdə dünyaya gələn uşaqların mutasiyaya məruz qalmasına və onların müxtəlif xəstəliklərlə doğulmalarına səbəb olur”.

Ekspert qeyd edib ki, bu cür məhsulların ölkə ərazisində istifadəsinin birmənalı olaraq əleyhinədir: “Düşünürəm ki, Azərbaycanda əksər insanlar və qida mütəxəssisləri də GMO istifadəsinin əleyhinədir. Çünki biz genafondumuzu GMO-ya qurban verə bilmərik. Bizim hibrid, GMO genlərini orqanizmamızda aktivləşdirməyimizə ehtiyac yoxdur.

Eynilə ölkədəki heyvanların qida rasionuna GMO-lu yemlərin daxil edilməsi də düzgün deyil. Çünki GMO-lu yemlərin heyvanlara necə təsir göstərəcəyini bilmirik. Biz bu heyvanların ətindən, südündən istifadə edən zaman kim zəmanət verə bilər ki, bizim övladlarımız gələcəkdə qüsurlu doğulmayacaq? Əgər buna zəmanət verən varsa elmi əsaslarla GMO-lu yemlərin insan sağlamlığına zərərli olmadığını əhaliyə sübut etməlidir”.

Qeyd edək ki, dünyanın əksər inkşaf etmiş ölkələri GMO məhsullarını təhlükəsiz hesab etmirlər. Avropa Birliyi başda olmaqla Avstraliya, Yaponiya, Yeni Zellandiya kimi ölkələrdə GMO istehsalı və satışıyla bağlı məhdudiyyət və qadağalar mövcuddur. Beıə məhsullar istehsal edən ölkələr isə Ümumdünya Ticarət Təşkilatının tələbinə uyğun olaraq, məhsulun üzərində GMO-nun olub-olmamasını qeyd edirlər.

Müstəqil ekspertlər hesab edirlər ki, geni dəyişdirilmiş məhsullardan istifadə edən insanların immun sistemi zəifləməyə başlayır və həmin insanların müxtəlif xəstəliklərə yoluxmaları asanlaşır.

GMO-nun vətəni olan ABŞ-da əhalinin 70 faizinin allergik xəstəliklərinin dayışcısı olması, koronavirus infeksiyası zamanı ən çox ölüm faktının ABŞ-da qeydə alınması da (1 milyon nəfərdən artıq insan vəfat edib) olduqca maraqlı faktlardır.

Bu mövzuyla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “AzPolitika.info”-ya şərhində bildirib ki, aprelin 8-də sözügedən məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ciddi müzakirələr aparıb: “İctimai şuranın üzvü olaraq AQTA rəsmilərilə birlikdə GMO məsələsini müzakirə etdik. Ancaq 1 saat 40 dəqiqə davam edən iclas cəmiyyət və AQTA üçün əhəmiyyətsiz keçdi. Bildiyiniz kimi GMO haqqında elmdə kifayət qədər təzadlı fikirlər mövcuddur. GMO xəstəlik yaradan amildirsə məntiqi yolla anlamaq mümkündür ki, bu genlərin heyvanlardan insanlara keçmə ehtimalı var. Müəyyən qüvvələr illərdir ki, Azərbaycanda GMO-nu hüqquqi səviyyədə qəbul etdirməyə çalışırlar”.

Ekspert qeyd edib ki, ölkədə illərdir ki, GMO əkinçiliyinin olmasıyla bağlı fikirlər səsləndirlilir: ”Azərbaycanda ABŞ-ın “Monsanto” şirkətinin istehsal etdiyi “Raund-ap” herbisidləri satılır. Əgər bu herbisidlər Azərbaycanda satılırsa, bu o deməkdir ki, ölkədə GMO əkinçiliyi də var. Azərbaycanda GMO-nun təbliğatını aparan lobbilər bu əməllərinə son qoymalıdırlar. Prezident İlham Əliyevin GMO-nun məhdudlaşdırılmasıyla bağlı qəbul etdiyi “Toxumçuluq haqqında” qanun, “Taxılçılıq haqqında” qanun və digər qanunlarla bu məslələr tənzimlənir. Lakin müəyyən lobbilər bu fərmanların əhəmiyyətini aşağı salmağa çalışırlar. İlk dəfədir ki, qanunvericiliyə GMO-lu heyvan yemlərinin gətirilməsi daxil olunur. Məlumdur ki, ABŞ-ın böyük şirkətləri GMO-nu dünyaya yeritmək üçün Ümumdünya Ticarət Təşklatından istifadə edirlər. Bu şirkətlər öz məhsullarını ölkələrdə satmaq üçün yuxarı dövlət orqanlarında çalışan şəxslərə rüşvət təklif edirlər.

Mən İctimai Şuraya təklif etdim ki, GMO yemləri ilə istehsal olunan məhsulların üzərində “bu yemləmədə GMO yemlərindən istifadə olunub” yazısı qeyd olunsun. Lakin AQTA rəsmiləri bildirdilər ki, bu zaman həmin məhsulları heç kim almaq istəməyəcək. Ancaq nəzərə almalıyıq ki, istehlakçıların seçim etmək hüququ var. Ona görə də təklif edirəm ki, GMO-lu malların markalanmasında istehlakçıların məlumat almaq hüququ təmin olunsun”.

Qeyd edək ki, sözügedən qanunun hazırlanmsında AQTA yaxından iştirak edib. Qurumun rəsmi səhifəsinin Maarifləndirmə bölməsində dərc olunan “Hansını seçək: təbii qida məhsullarını, yoxsa GMO-ları?” adlı məqalədə qeyd olunub ki, “GMO mənşəli heyvan qidalarının geniş istifadə edilməməsi alimlərin müəyyən araşdırmalar nəticəsində bu tip qidaların insan sağlamlığına ciddi ziyan vurması qənaətinə gəlməsi ilə bağlıdır. GMO mənşəli məhsulların məhsuldar və iqtisadi baxımdan sərfəli olmasına baxmayaraq, onların insan sağlamlığına və ekosistemə xeyiri və ya vura biləcəkləri potensial ziyanı elmi tədqiqat müəssisələri tərəfindən hələ də tədqiq edildiyindən , bu cür məhsulların təhlükəsizlik aspektləri sual altındadır”.

Yəni AQTA özü də etiraf edir ki, bu məsələdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır. GMO-ların təhlükəszliyi ilə bağlı bunu deyən qurumun, birdən-birə belə məhsulların ölkə ərazisində istifadəsini təklif etməsi, bu sahədə fəallıq göstərməsi isə başadüşülən deyil.

Görünən odur ki, AQTA öz əsasnaməsindəki “Əhalinin yüksək keyfiyyətli məhsullarla sağlam qidalanmasını təmin etmək” vəzifəsini unudub.

Hər halda ümid edirik ki, Milli Məclis üzvləri qərar verərkən Azərbaycanın genafondunu təhlüküə altına atan belə strateteji məsələlərin 2-3 mənşəyi məlum olmayan xarici təşkilat və ekspert qurupuyla müzakirə edildiyni, ictimaiyyətin bu mövzuda rəyini və Prezidentin GMO-nu qadağan edən fərmanlarını nəzərə alacaq...

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanmışdır.



635x100

Şərhlər

Vətəndaş 2022-04-27 10:05:56

Ğncə ATA-nı təmizləmək,rüşvət polemikasından uzaqlaşdırmaq vacibdir.Çünki onların fəaliyyəti yalnız rüşvət üzərində qurulyb.Bunu sübut edən faktlardan ən birincisi Azərbaycana illərdir idxaı olunan yağlat,Azərsunun idxal etdiyi bir sıra məhsullardır.Palma yağının insan orqanizminə mənfi təsiri dəfələrlə mətbuatda gedib.Amma idxal davam edir.Azərsunun xaricdən idxaı etdiyi vaxtı keçmiş,qablaşdırması təzələnmiş makaron və digər ərzaqlar ölkəyə daxil olmaqda davam edir.Buna kim nəzarət etməli və qadağa qoymalıdır?

TARIX 2022-04-21 21:13:06

ÖLKƏYƏ GMO MƏHSULLAR GƏTİRİLİRDİ VƏ ONUN FƏSADLARI GÖZ QABAĞINDADIR.ONA RƏSMİ İCAZƏ VERİLMƏSİ İSƏ FACİYƏLƏRƏ YOL ACACAĞI ŞÜBHƏSİZDİR.

Bəhram 2022-04-21 21:11:36

1 SSRi dövründə orqanizmimizdə toksinləşmə yünğül hiss edilirdi. Hazırda qida toksinindən əziyyət çəkməyən insan və hətta mal-qara yoxdur? 2 Hanı Azərbaycanın Gəncə Univer-İnsititutu, Azərbaycan öz əski və çeşid məhsullar? 3 AQTA məhsul satmaq üçün deyil, yalnız təhlükənin qarşısını ala bilsə kifayətdir!

Türk Turan 2022-04-21 16:42:21

AQTA-nin fəaliyyəti qənaətbəxş hesab olunmur. Əksər agentliklər kimi onlar da rüşvət bəlasına düçar olublar. Rüşvətxorluğa son qoyulmalı, belə agentliklərə vətənpərvər rəhbərlər başçılıq etməlidir. Yoxsa hər kəs bu bəladan öz nəsibini alacaq.

Son yazılar