"Mən susuram, lakin “Etibar Əliyev ensiklopediyada olan boşluqları haqlı olaraq dilə gətirib”.

Bu sözləri AzEdu.az-a açıqlamasında tanınmış ictimai-siyasi xadim, sabiq millət vəkili, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib. 

Şahlar Əsgərov məsələ ilə bağlı fikirlərində Etibar Əliyevi haqlı hesab edib: “Hamı bilir ki, Azərbaycan ensiklopediyası bərbad gündədir. Mən susuram, lakin Etibar Əliyev bunu haqlı olaraq dilə gətirir. Onun heç bir günahı yoxdur. Ensiklopediya elə bir nəşrdir ki, xaricə səfər zamanı qalaq-qalaq kitab aparmaqdansa, onu götürmək daha sərfəlidir. Bu baxımdan, o, dəyərli olmalıdır. Ensiklopediyada olan məqalələr tərcümə olunmamalı, dəyərsiz insanlar tərəfindən yazılar yer almamalıdır. Hər sahənin əsas siması öz məqaləsini bu nəşrdə yazmalıdır. Məsələn, fizika, biologiya və digər sahələrdə sözünü demiş insanlar burada yazılar çap etdirməlidir. Şəxslər həmin kitabın ərsəyə gəlməsi zamanı 3-5 manat gəlir var deyə, öz qohumlarını prosesə cəlb edərək məqalə yazdırmamalıdır. Çünki onlar ensiklopediyanı pis günə qoyurlar. Bu həqiqətləri kim görərək tənqid edirsə, düz yoldadır. Çünki bu tənqiddə ümumxalq mənafeyi daha yüksəkdir.

Hər kəs öz tərbiyəsinə uyğun dili var. Ensiklopediya tənqid olunmağa layiqdi. Çünki o, Qurani-Kərim və tarix kitablarından sonra üçüncü yerdə gəlir. Hamı istəyər ki, bu kitab gözəl olsun”.

Xatırladaq ki, millət vəkili Etibar Əliyevin özünün şəxsi feysbuk hesabında Azərbaycan Milli Ensiklopediyası bağlı tənqidi fikirlərlə çıxış edib. E.Əliyev həmçinin, jurnalistlərə müraciət edərək, onunla Ensiklopediya rəhbərliyinin debatının təşkilini xahiş edib: “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin direktoru Tofiq Nağıyev reket jurnalist, məşhur böhtançı, həbsdə olan Rasim Məmmədovun ortağı Asif Mərziliyə verdiyi müsahibəsində mənim Milli Ensiklopediya ilə bağlı iradlarımı böhtan adlandıraraq, haqqımda yaşına uyğun olmayan tərbiyəsiz ifadələr işlədib.

Görsənir ki, Mərzili səviyyəsizlik virusunu bu ağsaqqala da keçirib. Mərzili qafalı Tofiq Nağıyev deyir ki, guya mən onlarla görüşdən qaçıram. Sizdən xahişim: Mənim Tofiq Nağıyev başda olmaqla Ensiklopediyanın rəhbərliyi ilə debatımı təşkil etməyinizi Sizdən xahiş edirəm. Onlara Ensiklopediya savadsızlığını izah etmək mənə nəsib olacaq”.