Menu

Polisdən nazirliyə edilən şikayətlər necə araşdırılır? - İctimai Şuranın sədri Vilayət Eyvazovla görüşüb

15.04.2022, 16:37
Polisdən nazirliyə edilən şikayətlər necə araşdırılır? - İctimai Şuranın sədri Vilayət Eyvazovla görüşüb

"Aprelin 13-də Daxili işlər naziri Vilayət Eyvazovla görüşümüz oldu. Görüşdə nazirliklə İctimai Şuranın əməkdaşlığı, planlaşdırılan fəaliyyətlər, gözləntilər müzakirə edildi. Vilayət müəllim də Daxili İşlər Nazirliyi (DİN) tərəfindən cinayətkarlığa qarşı mübarizə, narkotiklərin qanunsuz dövriyyəsi, məişət zorkalığı hallarının qarşısının alınması, ictimai asayişin təmin edilməsi ilə əlaqədar görülən tədbirlər, aparılan islahatlar barədə məlumat verdi".

"AzPolitika.info" xəbər verir ki, bunu DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, nazir DİN-in bu istiqamətlər üzrə vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda maraqlı olduğunu və ictimai iştirakçılığı vacib hesab etdiyini vurğulayıb: "Vilayət Eyvazov son vaxtlar, xüsusən narkotik vasitələrin qanunsuz dövriyyəsi, cinayətkarlığa qarşı mübarizə sahəsində ictimai dəstəyin, vətəndaşların neqativ hallar barədə polisi məlumatlandırmasının verdiyi töhfələri xüsusi qeyd etdi. Narkomaniyaya qarşı mübarizə, məişət zorakılığı hallarının qarşısının alınması, preventiv tədbirlərin görülməsi sahəsində aparılan işlərin səmərəsinin əhəmiyyətli dərəcədə ictimai dəstəkdən asılı olduğunu bildirdi. Bir daha İctimai Şuranın bu məsələlərdə daha fəal olmağı və digər vətəndaş cəmiyəti təşkilatlarını da təşviq etməyə, əlaqələndirici rolunu oynamağa dəvət etdi".

Ə.Nuriyev qeyd edib ki, görüşdə polis orqanları tərəfindən vətəndaşların müraciətlərinə baxılması sahəsində müşahidə etdikləri problemləri açıq şəkildə müzakirə ediblər. 

"İctimai Şura üzvlərinin əldə etdiyi məlumatlar və şahidi olduğu, araşdırdığı neqativ hallardan söz açdım. Nazir bu cür neqativ halların təkrarlanmaması üçün müvafiq tədbirlər görülməsi barədə tapşırıqlar verdi" - deyə, o, qeyd edib.

İctimai Şuranın sədri əlavə edib ki, görüşdə ictimai fəal Bəxtiyar Hacıyevin İctimai Şuraya müraciətlərində qaldırdığı məsələləri və hüquqlarının pozulması ilə bağlı dediklərini diqqətə çatdırıb: "Nazir DİN tərəfindən Bəxtiyar Hacıyevin bütün müraciətlərinə cavab verildiyini, onun narazı qaldığı məsələlər barədə təkrar müraciət etmək, digər orqanlara şikayət etmək hüququnun olduğunu bildirdi. Qeyd etdi ki, DİN Bəxtiyar Hacıyevin müraciətləri əsasında müvafiq araşdırmalar aparıb və nəticəsi barədə onu məlumatlandırıb. Polis əməkdaşlarının qanunları pozması, kobud rəftar etməsi, zor tətbiq etməsi və digər hüquqazidd əməllər törətməsi barədə bütün müraciət və şikayətlər obyektiv araşdırılır. Bu cür əməllərə yol vermiş əməkdaşlar barədə sərt tədbilər görülür. Nazirlik mütəmadi olaraq bu barədə məlumatı ictimaiyyətə açıqlayır".

Əliməmməd Nuriyevin sözlərinə görə, nazir İctimai Şuranın polisin fəaliyyət istiqamətləri ilə bağlı monitorinqlər aparılması, ictimai nəzaərt tədbirləri təşkil etməsi təkliflərini dəstəklədyini qeyd edib: "Bildirdi ki, polislə cəmiyyət arasında etimadlı münasibətlər quran, neqtiv halların həllinə imkan yaran bütün təşəbbüsləri dəstəkləməyə hazırdırlar. Qeyd etdi ki, Nazirlik cəmiyyətlə kommunikasiyaya böyük önəm verir, bu məqsədlə hazırda sosial şəbəkələr də daxil olmaqla bütün mümkün kommunikasiya kanalları yaradıılıb. Vilayət Eyvazov sonda vurğuladı ki, yaxın vaxtlarda İctimai Şura üzvləri ilə görüş keçirəcək və Şuranın təklifləri, qaldırdığı məsələlər barədə müzakirələr aparılacaq".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol