Əfqanıstanın sərhəd təhlükəsizlik qüvvələrinin təxribatlarının artması ilə bağlı Pakistan Xarici İşlər Nazirliyi (FO) bəyanat yayaraq, bu cür transsərhəd atəş insidentlərini kəskin şəkildə pisləyib, məsuliyyət daşıyanlara qarşı sərt tədbirlər görülməsini tələb edib.
“Reuters” xəbər verir ki, ötən həftə transsərhəd hücumla bağlı Pakistan Xarici İşlər Nazirliyi Əfqanıstanın İslamabaddakı müvəqqəti işlər vəkilini nazirliyə dəvət edib. Müvəqqəti işlər vəkilindən bu cür insidentlərin qarşısını almaq üçün Kabil administrasiyasından sərhəd bölgələrində təhlükəsizlik tədbirlərini gücləndirməyi və ikitərəfli əlaqələri daha təsirli etmək tələb olunub.
Aprelin 14-də Çitralda Əfqanıstan tərəfdən Pakistan nəzarət-buraxılış məntəqələri 5-6 saat səbəbsiz atəşə məruz qalıb, sərhəd hücumunda Əfqanıstandan 35 mərmi atılıb.
Bundan əlavə, Xidmətlərarası İctimai Əlaqələrin (ISPR) yaydığı məlumata görə, Şimali Vəziristanın Hayber Paxtunxva bölgəsində Əfqanıstan sərhədi yaxınlığında terrorçuların hərbi karvanı pusquya salması nəticəsində 7 pakistanlı əsgər həlak olub. ISPR daha sonra əlavə edib ki, təhlükəsizlik qüvvələri operativ reaksiyaya başlayıb və effektiv şəkildə dörd terrorçu öldürülüb.
Bu arada, “Khaama Press”in xəbərinə görə, şənbə günü Əfqanıstanın Xost və Kunar əyalətlərinin yerli rəsmiləri bildirib ki, Pakistan təyyarələrinin əyalətlərin müxtəlif hissələrinə təşkil etdiyi hava hücumu nəticəsində uşaqlar da daxil olmaqla 60-a yaxın mülkü vətəndaş həlak olub. Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai Pakistanın Əfqanıstanın Xost və Kunar əyalətlərinə aviazərbələri zamanı mülki vətəndaşların həlak olması barədə xəbərlərə münasibətində bu hücumları pisləyib.
Pakistan hökuməti və Əfqanıstandakı “Taliban” rəsmiləri bombardmanla bağlı şərh verməyib, lakin Pakistan mediası bildirib ki, aviazərbələr bu əyalətlərdəki Təhrik-e-Taliban Pakistan (TTP) puştun islamçı qruplaşmaları hədəf alıb.
L.SƏMLA
AzPolitika.info


Şərhlər