Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Əlgüşad Gülalıyevin işindən apellyasiya şikayəti veriləcək.
Əlgüşad Gülalıyev Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Oktyabrın 30-da Xətai Rayon Məhkəməsi Əlgüşad Gülalıyevə 6 ay islah işləri cəzası verib, hər ay onun əməkhaqqından 15 faiz cərimə kimi tutulması haqda qərar çıxarıb.
“Media forum” saytına açıqlamasında Oqtay Gülalıyev qərarı aldıqdan sonra apellyasiya şikayəti vermək fikrində olduqlarını bildirib: “Əlgüşad barəsində verilmiş hökm ədalətsiz və qüsurludur. Şahid ifadələri də təsdiqləyir ki, oğlum kiminləsə dalaşmayıb və kimisə vurmayıb. Əlgüşadın günahsızlığı hadisə yerində olan videokameranın görüntüsündə də təsdiqini tapdı. Sonda şikayətçi də öz şikayətindən imtina etdi. Bildirdi ki, ona təzyiqlər olub. Şikayətçi bu məhkəmə oyununda iştirak etmək istəmədiyini bəyan etdi. Bunlara baxmayaraq hakim ədalətsiz qərar verdi, dövlət ittihamçısı da məhkəmə araşdırmalarını, şahid ifadələrini və digər dəlil-sübutları deyil, istintaqa verilən ifadəni əsas götürdü. Sual olunur, istintaqa verilən ifadələr əsas götürüləcəkdisə, məhkəmə prosesi nəyə lazım idi?
Əlgüşad barəsində 6 ay islah işləri və hər ay əməkhaqqından 15 faiz cərimə tutulması qərarı çıxarılıb. O, ali məktəb tələbəsidir və işləmir. Onun əməkhaqqından necə tutulacaq, o, islah işlərinə necə cəlb olunacaq? Bunun özü belə müəmmalıdır. Bu baxımdan qərar ləğv olunmalıdır. İslah işləri görməsi üçün Əlgüşada heç nə təklif olunmayıb. Üç gündən artıq müddət keçib, hələ ki, bizə bildiriş göndərilməyib. Əlgüşad hər gün universitetə gedir, özüm universitetin rəhbərliyi ilə əlaqə saxlayıram. Bu durum oğlumun təhsil aldığı ali məktəbə təsir göstərməsə də, Əlgüşadın öz vəziyyətinə mənfi təsir edir.
Hakimiyyətin siyasi mübarizəni öz opponentlərinə qarşı bu formada aparmasını məqbul hesab etmirəm. Biz mübarizəmizi qanunla və etik çərçivədə aparırıq”.


Şərhlər