Menu

Vəkil həbsdə olan jurnalistlə görüşə bilməyib

04.11.2014, 19:13
Vəkil həbsdə olan jurnalistlə görüşə bilməyib

Noyabrın 4-də vəkil Bəhruz Bayramov həbsdə olan jurnalist Xalid Qarayevlə görüşmək istəsə də, buna nail ola bilməyib.

Xalid Qarayev “Azadlıq” qəzetinin müxbiri və xaricdən peyk vasitəsilə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının texniki direktorudur. O, oktyabrın 29-da Bakıda saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinə aparılıb. Oktyabrın 30-da Binəqədi Rayon Məhkəməsi ona 25 sutka inzibati həbs cəzası kəsib. Jurnalist xırda xuliqanlıqda, küçədə söyüş söyməkdə, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

“Media forum” saytına açıqlamasında vəkil Bəhruz Bayramov noyabrın 4-də Xalid Qarayevlə görüşmək üçün Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinə getdiyini deyib: “Xalid Qarayevin işinə Binəqədi Rayon Məhkəməsinin hakimi Vüqar Məmmədov baxmışdı. Onun məktubunu və vəkillik vəsiqəmi təqdim etsəm də, təəssüf ki, görüşə icazə vermədilər. Ya qanunları bilmirlər, ya da bilərəkdən belə edirlər. Bildirdilər ki, order təqdim etməlisən. Cavab verdim ki, məhkəmənin sizə göndərdiyi qərarda mənim adım, soyadım və işin Binəqədi Rayon Məhkəməsinin icraatında olması barədə məlumat var. Bütün səylərimə baxmayaraq görüşə icazə verilmədi”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol