Menu

Pərviz Həşimli Ali Məhkəmənin sədrinə və Birgə Qrupa müraciət edib

04.11.2014, 19:49
Pərviz Həşimli Ali Məhkəmənin sədrinə və Birgə Qrupa müraciət edib

Məhbus jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli Ali Məhkəmənin sədri Ramiz Rzayevə və İnsan Hüquqları üzrə Birgə Qrupa müraciət edib. Bunu “Media forum” saytına onun vəkili Bəhruz Bayramov deyib.

Bəhruz Bayramov noyabrın 4-də Bakı İstintaq Təcridxanasında Pərviz Həşimli ilə görüşüb.

Vəkil “Media forum”a bildirib ki, hər iki müraciətində Pərviz Həşimli istintaq və məhkəmə prosesləri zamanı ona qarşı çoxsaylı qanunsuzluqların yol verdiyini bildirib, həbsinin qanunazidd olduğunu vurğulayıb və şikayətlərinə obyektiv baxılmasını istəyib.

Vəkil deyib: “Pərviz Həşimli mənimlə görüşündə qeyd etdi ki, ötən ay Bakıda Azərbaycan Ali Məhkəməsinin və Avropa Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib ki, Azərbaycan vətəndaşlarının hüquqlarının milli məhkəmələrdə qorunmasında maraqlıdır. Pərviz Həşimli də Ramiz Rzayevə müraciətində qeyd edib ki, onun işi ilə bağlı Ali Məhkəməyə ünvanlanmış şikayət var və o, həmin şikayətin təmin olunmasını istəyir.

Xatırladım ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Pərviz Həşimlini 8 il müddətinə azadlıqdan məhrum edib. Biz bu qərardan apellyasiya şikayəti vermişik. Bu yay – iyulun 7-də Bakı Apellyasiya Məhkəməsində şikayət üzrə ilkin iclas keçirildi. Müdafiə tərəfi işə məhkəmə istintaqı qaydasında baxılmasını istədi, amma bu, təmin edilmədi, işə məhkəmə istintaqı aparılmadan baxılması qərara alındı. Nəticədə biz Ali Məhkəməyə şikayət etdik. Şikayətdə Ali Məhkəmənin Bakı Apellyasiya Məhkəməsində Pərviz Həşimlinin işinə məhkəmə istintaqı aparılması yolu ilə baxılmasına qərar verilməsini xahiş etmişik. Ali Məhkəmə şikayətə noyabrın 12-də baxacaq. Bakı Apellyasiya Məhkəməsində proses də Ali Məhkəmənin qərarından sonra bərpa olunacaq”.

Məhbus jurnalistin İnsan Hüquqları üzrə Birgə Qrupa etdiyi müraciətdən danışarkən vəkil bildirib: “Pərviz Həşimli hesab edir ki, onun bu müraciətinin necə araşdırılacağı İnsan Hüquqları üzrə Birgə Qrupun obyektivliyi üçün bir test olacaq. Pərviz Həşimli deyir, məhkəmələrdə ona qarşı yol verilən qanunsuzluqlar o qədər çılpaqlığı ilə ortadadır ki, bunu görmək üçün nə hüquqşünas, nə də hüquq müdafiəçisi olmaq gərəkdir”.

Pərviz Həşimli ötən il sentyabrın 17-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilib.

İnsan Hüquqları üzrə Birgə Qrup 2014-cü ilin oktyabr ayında yaradılıb. Qrupda hökumət, parlament nümayəndələri, QHT təmsilçiləri və hüquq müdafiəçiləri təmsil olunurlar. Birgə Qrupun yaradılmasında məqsəd məhbuslarla bağlı məsələləri müzakirə edərək problemlərin həlli üçün tövsiyələr verməkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol