Bu gün Rusiyanın “Qazprom” şirkəti Polşa və Bolqarıstana qaz verilişinin dayandırıldığını açıqlayıb. Səbəb kimi həmin ölkələrin qazın ödənişini Rusiya rublu ilə ödəməkdən imtina etmələri göstərilib.
Xatırladaq ki, Putin martın 23-də hökumət üzvləri ilə keçirdiyi toplantıda “dost olmayan ölkələr”ə təbii qazın rublla satılacağını açıqlamışdı. O, həmin vaxt bu qərarını ölkə aktivlərinin Qərb tərəfindən dondurulmasıyla əlaqələndirmişdi. Müstəqil ekspertlər Rusiyanın bu addımını əvvəlcədən imzalanan müqavilə şərtlərinin kobud şəkildə pozulması kimi qiymətləndirmişdilər. Bununla yanaşı, sözügedən qərarın maliyyə-iqtisadi hədəflərdən daha çox siyasi maraqlara xidmət etdiyi vurğulanmışdı.
Məlumat üçün qeyd edək ki, Rusiya təbii qazı Avropanın qaz təchizatının üçdə birini təşkil edir. Rusiyanın “dost olmayan ölkələr” siyahısında isə 46 dövlətin adı var. Bu siyahıya ABŞ, Avropa İttifaqına üzv olan bütün dövlətlər, Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan daxildir.

Ekspertlər hesab edirlər ki, Rusiyanın Polşa və Bolqarıstana tətbiq etdiyi sanksiyaların fərqli səbəbləri var. Onlar bildirirlər ki, Polşa ABŞ və digər Qərb dövlətləri tərəfindən Ukraynaya göndərilən yardımların əsas marşurut xəttinə çevrildiyi üçün sanksiyaya məruz qalıb. Bolqarıstanın isə Ukrayna müharibəsində bitərəf mövqe tutmasına baxmayaraq, ötən il hakimiyyətə gələn yeni liberal qüvvələrin Rusiya ilə soyuq münasibətlərinin olmasına görə sanksiyayla üzləşdiyi bildirilir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen isə bildirib ki, Rusiya bu yolla Avropanı növbəti dəfə qazla şantaj etməyə çalışır: “Biz bu ssenariyə hazır idik. Hazırda Avropa İttifaqının əlaqələndirilmiş cavab planını hazırlayırıq. Bizim birlikdə olduğumuzdan və ziyan çəkmiş üzv ölkələrlə həmrəyliyimizdən avropalılar arxayın ola bilərlər”.

Bu mövzuyla bağlı iqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiyanın “qaz kartını” işə salması Polşa və Bolqarıstan üçün müəyyən çətinliklər yaradacaq: “Polşa təbii qaz ehtiyacının təxminən 50 faizini, Bolqarıstan isə 90-95 faizini Rusiya hesabına ödəyir. Ancaq bu ölkələr alternativlər və qaz anbarlarında topladıqları ehtiyatlarla payıza qədər idarə edə bilərlər. Polşa qaz anbarlarının dörddə üçünü doldura bilib. Həmçinin Norveçdən çəkilən qaz kəməri bu ilin payızında işə düşəcək. Digər tərəfdən Polşa alternativ mənbələr vasitəsilə də qaz ehtiyacını ödəyə bilər. Məsələn, Almaniya qazı Rusiyadan alacaq və bir hissəsini Polşaya verəcək. Polşa bu cür yerdəyişmələrlə qaz alış-verişini davam etdirəcək”.
Ekspert qeyd edir ki, Bolqarıstana qaz verilişinin dayandırılması qeyri-müəyyən görünür: “Bolqarıstana qaz “Türx axını” kəməri vasitəsilə ixrac edilir. Rusiya bu qaz kəməri ilə təkcə Bolqarıstana yox, Serbiya, Macarıstan, Türkiyə kimi ölkələrə də qaz satır. Bu ölkələr isə Rusiyanın əsas tərəfdaşları hesab olunurlar. Bu baxımdan Rusiyanın Bolqarıstana qaz ixracını necə dayandıracağı sual doğurur. Bolqarıstanın alternativ qaz istehlakçısı isə Azərbaycandır. Cənub Qaz Dəhlizinin üçüncü mərhələsi interkonnektorla birləşdirildikdən sonra Azərbaycan Bolqarıstana illik 1 milyard kubmetr qaz satacaq”.
Xalid Kərimli vurğulayıb ki, Avropada qaz təminatında alternativ marşurut xəttlərinin yaradılmasıyla bağlı müzakirələr aparılır: “Avropa Əlcəzair, Nigeriya və Qətər vasitəsilə özünə alternativ mənbələr yaratmağı düşünür. Ancaq Əlcəzair və Nigeriyadan Avropaya qaz xətti çəkilsə də, bu kəmərlərin çıxarış həcminin birdən-birə artırılması mümkün deyil. Göründüyü kimi, qaz məsələsi Avropanı küncə sıxışdıran əsas faktordur. Ona görə də düşünmürəm ki, bütün Avropa ölkələri Rusiyadan aldıqları qazın pulunu rublla ödəməkdən imtina edəcəklər. Hesablamalar əsasında bəzi ölkələr bu addımı atacaq, bəziləri isə atmaycaq. Rusiyanın Avropada qaz satdığı əsas öləkər- Almaniya, Hollandiya, Türkiyə, Macarıstan və Belarusdur. Almaniyada rus qazını alan böyük şirkətlərdən biri bildirib ki, rus qazının rublla almaq ehtimalları müzakirə olunur. Macarıstan artıq elan edib ki, rus qazını rublla alacaq. Türkiyə dost olmayan ölkələr siyahısnda deyil və rus qazını almağa davam edəcək”.
Ekspert qeyd edib ki, Rusiyanın gəlirlərinin əhəmiyyətli hissəsi qaz satışından formalaşır: “Rusiya ixrac etdiyi qazın 70 faizindən çoxunu Avropaya satır. Rusiyanın valyuta gəlirlərinin əhəmiyyətli hissəsi buradan formalaşır. Hesab edirəm ki, Rusiya Çinə və digər ölkələrə qaz ixracını artıraraq, itirdiyi valyutanı bu formada kompensasiya etməyə çalışacaq. Bu proses Avropanın qaz alışı xərclərini artıracaq. Çünki Rusiyanın Avropaya çəkdiyi kəmərlər vasitəsilə qaz daha ucuz məbləğə başa gəlirdi. Həmçinin Avropa ölkələrinin alternativ mənbələrdən qaz ixracını gerçəkləşdirməsi əlavə xərclərin yaranmasına səbəb olacaq. Eyni zamanda bütün bu problemlər enerji resurlarının da qiymətini bahalaşdıracaq”.
E. Bəyməmmədli
“AzPolitika.info”

Şərhlər