“ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 33 milyard dollar yardım ayrılması üçün Konqresə müraciət edib. Bayden məktubunda Konqresə və Amerika xalqına izah edib ki, Avropada zorakı aqressivliyin qarşısını vaxtında almamağın bədəli həmişə daha yüksək olub, nəinki bu cür əməllərin qarşısını almağın xərci”.
“AzPolitika.info” xəbər verir ki, bunları siyasi şərhçi Şahin Cəfərli ABŞ-ın Ukraynaya böyük məbləğdə yardım ayırmaq qərarını şərh edərkən qeyd edib.
Ş.Cəfərlinin fikrincə, ABŞ Ukraynada 2 məqsədə çatmağa çalışır: “ABŞ bu gün Ukrayna savaşı ilə bağlı 2 təməl vəzifə güddüyünü gizlətmir.
Birincisi, Ukrayna ordusunu silahlandırmaq və onun rus ordusu üzərində qələbəsini, işğalçıları ölkə ərazisindən qovmasını təmin etmək;
İkincisi, Rusiya dövlətini uzunmüddətli perspektiv üçün zəiflətmək, onun hərbi gücünü tükətmək, sanksiyalar və ticarət embarqoları ilə iqtisadiyyatını sarsıtmaq.
ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin sədri Mark Millinin (Mark Milley) sözləri də önəmlidir. General bildirib ki, əgər Putin məsuliyyətdən yaxa qurtarmağa nail olarsa, dünya nizamı yox olacaq, buna yol vermək olmaz”.
Siyasi şərhçi qeyd edir ki, ABŞ-la sinxron hərəkət edən Britaniya hökuməti isə xarici işlər və müdafiə nazirlərinin dilindən açıq elan edib ki, onlar Ukrayna ordusunun rus ordusunu 24 fevraldan öncəki mövqelərə sıxışdırmasından sonra Krımın azad olunmasına da dəstək verməyə hazırdırlar. "Biz səylərimizi ikiqat artırmalıyıq, yola davam etməliyik, sürətlə hərəkət etməliyik və Rusiyanı bütün Ukraynadan sıxışdırıb çıxarmalıyıq", - deyə XİN rəhbəri Lizz Trass bildirib.
“NATO Baş katibi Yens Stoltenberq isə Ukrayna ordusunun NATO silahlarına keçidini sürətləndirəcəklərini söyləyib (Yeri gəlmişkən, şəxsi qənaətimə görə, müharibədən sonra Ukraynanın NATO-ya qəbulu ciddi şəkildə gündəmə gələcək.). Son aylara qədər Putin rejiminin Qərbdəki əsas dayağı və dəstəkçisi olan Almaniyanın qısa müddət ərzində yaşadığı transformasiya da diqqətəlayiq mövzudur. Bu gün Bundestaqda ölkənin bütün sistem partiyalarının dəstəyi ilə Ukraynaya ağır hərbi texnikanın verilməsi barədə qərar qəbul olunub. Almaniya hökuməti Rusiyaya neft embarqosu tətbiq edilməsinə və Rusiya bank sisteminin təməl qurumu olan "Sberbank"ın SWIFT-dən kənarlaşdırılmasına da razılıq verib”, - Ş.Cəfərli əlavə edib.
“AzPolitika”


Şərhlər
Şahin bəyin fikirlərində həqiqət payı üç, beş faizdən azdır ki, çox deyil. Yeri gəlmişkən belə fikirlərlə Azərbaycan ictimaiyyətini qane etmək mümkün deyildir. Çünki elin gözü tərəzidir deyiblər. Amerikanın bu müharibədəki əsas məqsədi Avropa və Çin arasındakı iqtisadi münasibətləri kökündən dəyişmək, baltalamaq ən yaxşı halda bu münasibətlərə onun özünün nəzarət etməsini təmin etməkdir. Çünki artıq Avropa və Çin Amerika üçün iqtisadi sferada böyük təhlükəyə çevrilirdi. "Pandemiya" və bu müharibə məhz bu təhlükənin qarşısını almaq üçün Amerika tərəfindən təşkil olunmuşdur. Digər tərəfdən Fransa kimi bir dövlətin rəhbəri çıxışlarında NATO-dan asılılığın aradan qaldırılmasını, Avropa ittifaqının özünəməxsus NATO kimi hərbi qruplaşmasının tezliklə yaradılmasını təkidlə vurğulayırdı. Təbii ki, Amerika heç vaxt buna razı olmazdı. Çünki Amerika NATO hərbi qruplaşması vasitəsilə Avropanı öz nəzarətində saxlayır. Amerika Rusiyanın yaxın və uzaq perspektivdə zəifləməsini müharibəyə ehtiyac duymadan da ildırım sürətilə həyata keçirə bilərdi. Məqsəd Avropanı Rusiya vasitəsilə qorxutmaq, qorxmayacaqsa, yer üzündən tamamilə silməkdir. Ukrayna isə hələlik bu müharibədə qurbanlıq keçidir. Uzaq perspektivdə isə Amerika Ukraynanı özünün nəzarətində əhəmiyyətli gücə çevirmək istəyir. Təbii ki, bütün bunlar müəyyən zaman kəsiyində gerçəkləşəcək, Allah izin verərsə. Ancaq möcüzə bu müharibəni dayandıra bilər. O möcüzə isə putinin ölməsi və s. ola bilər. Amerikaya Avropanın yola gəlməsi üçün bu müharibənin uzanması sərf edir. Əks təqdirdə Ukraynaya elə hərbi yardımlar göstərərdi ki, müharibə çox qısa zamanda yekunlaşardı. Zelenski öz çıxışında Ukraynanın yaxın gələcəkdə İsrail dövləti kimi olacağını da çəkinmədən qeyd edib. İsrail dövlətində isə bildiyiniz kimi hər kəs əsgərdir...