Menu

Kartof satdığı deyilən polislə bağlı Rəsmi açıqlama - Video 

05.11.2014, 09:24
Kartof satdığı deyilən polislə bağlı Rəsmi açıqlama - Video 

 Bakı Şəhər Baş Polis İdarəsi kartof satdığı deyilən polislə bağlı aparılan araşdırmaların nəticələri haqda məlumat verib.

İdarənin rəis müavini rəis müavini Səhlab Bağırov saytımıza bildirib ki, yazıda qeyd olunan ittihamlar həqiqətə uyğun deyil. Onun sözlərinə görə, həmin informasiya araşdırılan zaman məlum olub ki, görüntülərdə qeyd olunan polis əməkdaşı heç də kiminsə malını müsadirə edərək satmayıb:

“O, atasının və yaxın qohumlarının Lerikdə becərdikləri və pay üçün ona göndərdikləri kartofu dostu ilə bölərkən görüntülənib”. S. Bağırov əlavə edib ki, həmin polis əməkdaşı Post Patrul Xidmətində çalışmır, buna görə də onun küçə ticarəti ilə mübarizə apara bilməz: “Hər şeydən əvvəl onu bildirək ki, həmin polis əməkdaşı Post Patrul Xidmətində deyil, tamam başqa bir xidmətdə çalışır. Ona görə də, bu polis əməkdaşının yol kənarında xidmət həyata keçirməsi qeyri-mümkündür. Əlbəttə, o öz ailəsinin göndərdiyi tərəvəzi qəbul edirmiş. Lakin onun böyük səhvi bu işi polis formasında həyata keçirməsi olub. Buna görə həmin polis əməkdaşı haqqında ölçü götürüləcək. Bu məsələnin başqa bir tərəfidir və qaydaları pozduğuna görə o, cəzalandırılacaq. Məsələnin narahatlıq doğuran digər tərəfi isə medianın yaydığı məlumatdır”.

Rəis müavini onu da bildirib ki, medianın yaydığı məlumatlar daim araşdırılır və öyrənilir. Fakta söykənən informasiyalarla bağlı ölçü götürülür: “Ancaq bu tip xəbərlərin böyük bir hissəsi, o cümlədən Maştağadakı polis əməkdaşı ilə bağlı xəbər polisin nüfuzuna xələl gətirəcək səviyyədə hazırlanıb və həqiqəti əks etdirmir. Mediadan istəyimiz odur ki, xəbər yayarkən həqiqətə söykənməyən məqamlara yer verməsinlər, məsələni dəqiq araşdıraraq dərc etsinlər. Əks halda yanlış məlumatlar həm polisin, həm də medianın nüfuzuna xələl gətirir”.

Qeyd edək ki, həmin yazıda qeyd olunurdu ki, Maştağada sakinlərin əlacsızlıqdan yol kənarında öz təsərrüfatlarında becərdikləri meyvə-tərəvəzlərini satarkən polis əməkdaşları onlara hücum çəkərək, mallarını müsadirə edirlər və müsadirə etdiklərini öz malları kimi satırlar.

* * * 

Polis küçə ticarəti ilə mübarizə adı altında kasıb adamların malını mənimsəyir.

Bu fikirlər Bakının Maştağa sakinlərinin aznews.az-a ünvanladıqları şikayət məktubunda qeyd edilir. Bildirilir ki, əlacsızlıqdan yol kənarında öz təsərrüfatlarında becərdikləri meyvə-tərəvəzlərini satarkən polislər onlara hücum çəkərək, mallarını müsadirə edirlər. Şikayət məktubunun maraqlı hissəsi, həmin məhsulların bir qədər kənarda elə polislər tərəfindən satışa çıxarılması barədə qeyd olunanlardır. Bildirilir ki, poqonlular müsadirə etdikləri malları ya özləri yol kənarlarında satırlar, ya da yaxınlıqdakı mağazalara ucuz qiymətə verirlər.

Məsələ ilə bağlı həmin əraziyə göndərilən aznews.az-ın əməkdaşı çox maraqlı görüntülər əldə edib. Belə ki, polis mundirində olan şəxs avtomobilinin yük yerinə qoyulan kisələrdən kartof və heyva paketlərə yığaraq, yaxınlıqdakı mağazaya və başqa şəxslərə satır. Polisin hərəkətlərində aydın şəkildə görünür ki, o həyacanlıdır, müsadirə etdiyi malların bir hissəsini təhvil verib, satıb ərazidən uzaqlaşır...

Həmin videonu və fotoşəkilləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol