Menu

"Bu sosial dəstək paketi 100 min şəxsi əhatə edib" - Nazir müavini

07.05.2022, 15:23
"Bu sosial dəstək paketi 100 min şəxsi əhatə edib" - Nazir müavini

"Vətəndaş rifahının və məmnunluğunun təminatı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin ana xəttini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq mühüm addımlar atılır, sosial müdafiə və aktiv məşğulluq proqramları ildən-ilə genişləndirilir. Dövlət başçısının tapşırığına əsasən, xüsusilə də şəhid ailələri və müharibə iştirakçıları yüksək diqqət və qayğı ilə əhatə olunaraq, onların sosial dəstəklə təminatı üçün genişmiqyaslı və məqsədyönlü işlər aparılır".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri "Azərtac"a müsahibəsində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib.

Nazir müavini əlavə edib ki, bu il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün doqquzmərtəbəli 12 binadan və 576 mənzildən ibarət yeni yaşayış kompleksinin açılışı da həmin kateqoriyadan olan vətəndaşlara yüksək qayğının daha bir nümunəsi oldu. H.Abdullayev daha sonra yeni mənzillə təmin edilmiş şəhid ailəsi ilə görüşü zamanı dövlət başçısının dediklərini xatırladıb: “Biz bütün şəhidlərimizin ailələrinin məişət problemlərini həll etməyə çalışırıq və çalışacağıq. Bu, bizim borcumuzdur. Prezident kimi mənim və dövlətimizin borcudur. Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ailələrinə bu günə qədər 12 mindən çox mənzil verilib”. 

Bununla ölkə başçımız şəhid ailələrinin problemlərinin həlli üçün dövlətin əlindən gələni etdiyini və bundan sonra da edəcəyini bildirdi. Prezident İlham Əliyevin “Bütün məsələlərdə, məşğulluq, məişət problemləri, ondan sonra istənilən problem ola bilər insanın həyatında, - bütün dövlət məmurları, mərkəzi, yerli icra orqanları daim şəhid ailələri ilə bir yerdə olmalıdırlar, kömək göstərməlidirlər. Bu, bizim borcumuzdur” sözləri bu gün şəhid ailələrinə diqqət və qayğlı ilə yanaşılması istiqamətində əsas fəaliyyət prinsipini ifadə edir".

Nazir müavini əlavə edib ki, 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilir. Onun sözlərinə görə, bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib və onlara dəstəkyönümlü 166 min xidmət göstərilib.

H.Abdullayev postmüharibə dövrü üzrə sosial dəstək paketinin əsas istiqamətlərindən birinin də şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının genişləndirilməsi olduğunu vurğulayıb. O, keçmiş məcburi köçkünlər üçün tikilmiş yaşayış komplekslərindəki mənzillərin də dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə əlillərinə təqdim edildiyini, keçən il və bu ilin ötən dövründə Bakı şəhərində, Abşeron, Lənkəran, Samux rayonlarında bu məqsədlə yeni yaşayış komplekslərinin açılışlarının olduğunu deyib: “Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq, ötən il şəhid ailələri və müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı proqramı 5 dəfə genişləndirilib. Əgər nazirlik tərəfindən 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev verilmişdirsə, 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 3 min mənzil və fərdi evin verilməsi təmin edildi ki, bu da 3 il əvvələ nisbətən 5 dəfə çoxdur”.

Ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlilinin mənzil və fərdi evlə təmin edildiyini bildirən H.Abdullayev o cümlədən, postmüharibə dövründə 3500 mənzilin bu kateqoriyadan olan insanlara verildiyini, son 4 ildə də 1450, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinin minik avtomobili ilə təmin edildiyini diqqətə çatdırıb.

Nazir müavini postmüharibə dövründə icra olunan sosial dəstək paketi çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibənin iştirakçılarından ibarət 93 min şəxsə 103 min sosial ödəniş təyinatı aparıldığını da qeyd edib: “Bildiyiniz kimi, 2019-cu ildən başlayaraq ölkəmizdə sosial ödənişlərin elektron sistemlər üzərindən proaktiv təyinatı mexanizmləri qurularaq işə salınıb. Şəhid ailələri və müharibə iştirakçılarına bütün sosial ödənişlərin təyinatı da onların müraciətinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan proaktiv qaydada həyata keçirilib”.

Həmin sosial ödənişlərdə ciddi artımların edildiyini də vurğulayan H.Abdullayev xüsusilə inqilabi sosial islahatlar nəticəsində 2019-cu ildən minimum əməkhaqqında 2,3 dəfə, orta aylıq əməkhaqqında 41 faiz, median əməkhaqqında 85 faiz, minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 75 faiz, yaşa görə orta aylıq pensiyada 70 faiz, müavinət və təqaüd ödənişlərində müvafiq olaraq 3 və 5 dəfə artım baş verdiyini qeyd edib. Milli Qəhrəmanlar üçün təqaüdün də 1500 manatdan 1800 manata çatdırıldığını, “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün (2000 manat) təsis edildiyini deyib.

Nazir müavini bildirib ki, eyni zamanda, şəhid ailələrinin övladları ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda, təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Aktiv məşğulluq proqramlarındada şəhid ailəsi üzvlərinə üstünlük verilir. Əmək münasibətlərində, vergi sahəsində də onlar bir sıra imtiyazlara və təminatlara malikdirlər.

Postmüharibə dövründə müharibə əlillərinin reabilitasiya xidmətləri və vasitələri ilə təminatından bəhs edən H.Abdullayev Prezident İlham Əliyevin göstərişi ilə 2020-ci ilin dekabr ayından müharibə əlilləri yeni texnologiyalı protezlərlə təminatına başlandığını, artıq Vətən müharibəsinin 200 hərbçisinin, ümumilikdə 300 müharibə əlilinin son nəsil protezlərlə təmin edildiyini deyib.

H.Abdullayev postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 11 min şəxsin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu, vahid əlaqələndirmə mərkəzləri tərəfindən 30 min şəxsə xidmətlər göstərildiyini diqqətə çatdırıb.

"AzPolitika.info"

Şərhlər

Seyid ƏNHU 2022-05-07 23:49:27

Əziz dostlar, dünyanı payi-piyadə gəzsəniz Azərbaycan və Türkmənistan məmurlarından savayı sözünə mədhiyyə ilə başlayan ikinci bir məmura rast gəlməyəcəksiniz. Buna şübhə edən varsa sosial mediyanın xarici seqmentlərinə nəzər salsın. Siz belə bir halla nəıinki Avropa, heç Kuba, Venesuella, Çili kimi ölkələrin mətbuatında qarşılaşmayacaqüsınız.Hörmətli Azpolitika lütfən, məmurların mətbuatdan sui-istifadə edərək yuxarı instansiyalara saxta davranış sərgiləməsinə və yaltaqlığın mentallaşdırılmasına İmkan verməyin. Mədhiyyəni qadağan, ən əlaczıq məqamda isə heç olmasa ixtisar edin.

vətəndaş 2022-05-07 20:12:31

Qiymətlər qalxanda dedilər pensiya qalıxır. Anamın pensiyası 250 idi oldu 258. Ölkədə pensiya şousu, sosial ədalət şousu gedir.
Şoumenlər milləti ələ salıb aldadırlar. molyardları talançılar özləri bölüşdürürlər.

vətəndaş 2022-05-07 20:11:13

Qiymətlər qalxanda dedilər pensiya qalıxır. Anamın pensiyası 250 idi oldu 258. Ölkədə pensiya şousu, sosial ədalət şousu gedir.
Şoumenlər milləti ələ salıb aldadırlar. molyardları talançılar özləri bölüşdürürlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol