"Gec olsa da bunları deməliyəm. İşlədiyim 20 il ərzində xarici siyasətimizin müxtəlif dönüşlərini görmüşəm, lakin heç vaxt ölkəmdən və öz işimdən bu ilin fevralın 24-də olduğu kimi utanmamışam".
"AzPolitika.info" xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müşaviri Boris Bondarev bildirib.
"Putinin Ukrayna ilə, əslində isə bütün Qərb dünyası ilə başladığı aqressiv müharibə təkcə Ukrayna xalqına qarşı deyil, həm də Rusiya xalqına qarşı bəlkə də ən ağır cinayətdir. Ölkəmizdə firavan demokratik cəmiyyətin tədricən qurulacağına bütün ümidlər puça çıxdı", - o bəyantında qeyd edir.
B.Bondarev bildirir ki, bu müharibəni düşünənlər yalnız bir şey istəyirlər: "Əbədi olaraq hakimiyyətdə qalmaq, dəbdəbəli ruhsuz saraylarda yaşamaq, lüks yaxtalarda üzmək və elədiklərinə görə cəzasız qalmaq. Bunun üçün onlar çoxlu canlar verməyə hazırdırlar. Bu məqsədlə artıq minlərlə rus və ukraynalı həlak olub".
Səfirin müşaviri daha sonra vurğulayır ki, ötən iyirmi il ərzində Xarici İşlər Nazirliyinin fəaliyyətində yalan və qeyri-peşəkarlıq səviyyəsi durmadan artıb. Diplomat qeyd edir ki, son illərdə bu, sadəcə olaraq fəlakətə çevrilib: "Baş verənlərlə bağlı qərəzsiz məlumat, qərəzsiz təhlil və ayıq proqnoz əvəzinə 1930-cu illərin sovet qəzetlərinin ruhuna uyğun təbliğat klişeləri var. Özünü aldadan sistem qurulub. Nazir Sergey Lavrovun özü bu sistemin deqradasiyasının ən yaxşı nümunəsidir. O, 18 ildə nazirliyin bir çox əməkdaşlarının görmək istədiyi peşəkar və savadlı ziyalıdan fərqli olaraq, davamlı olaraq ziddiyyətli bəyanatlar verən, dünyanı nüvə silahı ilə hədələyən şəxsə çevrildi! Bu gün Xarici İşlər Nazirliyi diplomatiya ilə məşğul deyil. Yalan püskürür, nifrəti və müharibəni alovlandırır. Diplomatiya Rusiya cəmiyyətinin real ehtiyacları ilə heç bir əlaqəsi olmayan dar bir dairənin şəxsi maraqlarına xidmət edir. Artıq Rusiyanın heç bir müttəfiqi yoxdur və bunun izahı Rusiya televiziyalarında həmişə danışılan bədnam rusfobiya deyil, ölkəmizin təcavüzkar siyasətidir".
B.Bondarev sonda vurğulayır ki, diplomat olmaq üçün təhsil alıb və ölkəm üçün işləməyə davam etmək istərdi: "Amma çox təəssüf ki, hazırda dövlət qulluğunda qalmaq və fəlakətli siyasi kursla getmək vətənə xəyanət etmək deməkdir. Mən bunu istəmirəm və bacarmıram. Nəticədə işdən çıxmaq qərarına gəldim".
"AzPolitika.info"


Şərhlər
Axırı bir düzgün fikirləşən tapıldı.
Lavrov putin ve ya mübü hec bir ferqi yoxdu
Axır ki, əsl həqiqəti yüksək tribunadan dilə gətirən peşəkar diplomat tərəfindən dilə gətirdi ..Düşünməyə deyər .