"Təhsil uzunmüddətli və arası kəsilməz prosesdir. Təhsildə təəssüf ki, 9 il heç nə etməyib, 10-11-ci sinifdə hazırlıqlara daha çox xərc çəkib imtahanda yüksək nəticə əldə etmək mümkün deyil. Bu bizim cəmiyyətdə mövcud olan ciddi mifdir".
"Report" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.
Nazir bildirib ki, bu barədə müzakirələr aparılmalıdır: "Bu kimi biznes münasibətlərinin tənzimlənməyən istiqaməti də var. Bu ayrılıqda müəllimlərin öz şagirdləri ilə məşğul olması, valideynlərin övladlarının aşağı yaşlarından repititor yanına qoyması məsələsidir. Bir çox hallarda bu, təhsilin keyfiyyəti ilə əlaqələndirilir. Lakin aparılan təhlillər onu göstərir ki, bu, bir çox hallarda işləyən valideynlərin günortadan sonra övladlarını harada saxlaması ilə bağlı olan ciddi tələbdən irəli gəlir. Dünyanın hər yerində məktəbdən sonrakı saatların hansı formada tənzimlənməsi ilə bağlı mənfəətli biznes sahələri qurulur".
O bildirib ki, Azərbaycanda təhsil hələ də biznes fəaliyyəti kimi qəbul edilmir və hər zaman bunun yanında bir tənqid səsləndirilir: "Valideynlərin övladlarını özəl sektora qoymaq üçün çəkdiyi xərc dövlətin bir uşağın təhsilinə ayırdığı xərcdən, təxminən, 10 dəfə çox olduğundan orada daha yaxşı qidalanma, təhlükəsizlik və infrastruktur var. Bu da valideynin hüququ kimi qəbul olunur. Valideynlər əsasən uşağının aşağı yaşlarında təhsili üçün pul xərcləməyə başlayır. Bu xərc əyrisi 6-cı sinifdə aşağı düşür. Abituriyent dövrü gələndə yenidən hazırlıqlar başlayır. Bunun psixoloji tərəfləri və minlərlə əlaqəlidir. Təhsil nöqteyi nəzərindən həmin xərcləmə əyrisi uşağın inkişafına o qədər də optimal təsir etmir. Əksinə, ortadakı boşluq sonda effektiv olmayan nəticələrə gətirib çıxarır".


Şərhlər
DIM ilə Təhsil Nazirliyi arasında hər zaman çəkişmə gedib. DİM Təhsil Nazirliyinin iş keyfiyyətini aşağı salmaq üçün qəbul imtahanına (Xüsusən riyaziyyatdan) orta məktəbdə keçilməyən suallar salırlar. Buna görə də şagirdlər məcbur qalıb repetitor yanına gedirlər.
Birincisi nədəndirsə şagirdlər çox yüklənir. Heç bir 2-ci ölkədə belə şey yoxdur. Dərs keçilmir. Məsələn Xırdalanda gedin yoxlayın elə şərait yaradılır ki uşaq dərsə gəlməsin pul yığa bilsinlər. Məsələn atestata normal qiymət üçün külli miqdarda pul alırlar. Hər şey üçün pul alırlar. Belə çıxır ki Vətənimizdə məktəblərdə uşağa dərs əvəzinə yaltaqlıq satqınlır,rüşvət cahillik öyrədilir. Bu xəstəlik də bizi məhv edir və sonumuza çıxacaq. Tək təhsildə yox hər yerdə belədir. Ona görə də malımızı pulumuzu o bu yeyir biz də ehtiyac içərisində boğuluruq. Xahiş edirəm bunu verin nöqtəsinə kimi. Çünki bu reallıqdır bir xalq kimi bizim faciəmizdir. Bizim kimi millətə bu faciədən qurtulmaq çox çətin olacaq. Bəlkə Alah bizə kömək ola!
Bu 100% dərslərin keyfiyyətsiz keçirilməsi və ya ümimiyyətlə keçirilməməsi ilə ilə əlaqədardır.Orta mətəblərin yuxarı sinifləri ümümiyyətlə dərsə getmirlər.Büdcə pulları isə talanır.
Cənab nazirin fikirləri bu günkü vəziyyətlə adekvat deyil.Hətta cox təccüb də doğurur.Bu günkü təhzilimizin vəziyyəti belədir ki, uşağını oxutmaq istəyirsənsə repititor tutmalısan.
Mənim bu nazirdən gözləntim çox idi. Yalan danışmaq lazım deyil. Təhsilin səviyyəsi sıfırdır. Mən aylıq gəlirimin yarısını repetitora verirəm. ... Məktəbdə müəllim təhsili sadəcə olaraq yola verir.