Son illər Azərbaycanda digər sahələrdə olduğu kimi, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi istiqamətində də genişmiqyaslı islahatlar aparılır. Belə ki, orta və uzunmüddətli fiskal dayanıqlığın, maliyyə və borc intizamının gücləndirilməsi məqsədilə büdcə qaydasına əsaslanan fiskal çərçivənin tətbiqi, habelə büdcə xərclərinin səmərəliliyinin, ünvanlılığının və effektivliyinin artırılması məqsədilə ortamüddətli xərclər çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid üzrə islahatlar davam etməkdədir.
Qeyd olunanlarla yanaşı, son illər ölkəmizdə büdcə şəffaflığının və hesabatlılığının artırılması, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının büdcə proseslərində iştirakının genişləndirilməsi istiqamətində də əhəmiyyətli addımlar atılmaqdadır.
Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 2-ci hissəsində bu istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Sözügedən Fəaliyyət Planına uyğun olaraq büdcə müzakirələrində ictimai iştirakçılığın təşviqi, büdcəöncəsi debatların və açıq müzakirələrin başlamasına imkanın yaradılması məqsədilə büdcə müzakirələrinin başlamasına 1 ay qalmış “Dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” - “İlkin Büdcə Bəyanatı” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir. Sənəddə ortamüddətli dövr üzrə makroiqtisadi proqnozlar, xərc və gəlir siyasətinin əsas istiqamətləri, dövlət borcu üzrə proqnozlar və s. ilə yanaşı, icmal və dövlət büdcəsinin növbəti il və sonrakı üç il üzrə əsas parametrləri öz əksini tapır.
Bundan əlavə, son illər növbəti ilin büdcəsi hələ təsdiq edilməmişdən qabaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi büdcə layihəsini, ortamüddətli dövr üçün icmal və dövlət büdcələrinin əsas parametrlərini, o cümlədən makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları rəsmi saytında yerləşdirərək ictimaiyyətə açıq edir.
Həmçinin, vətəndaşların büdcə prosesi barədə daha rahat şəkildə məlumat əldə etməsi üçün “Vətəndaşın Büdcə Bələdçisi” hər il büdcə təsdiq edildikdən sonra Nazirliyin rəsmi saytında yerləşdirilir.

Büdcə layihəsinin və təsdiq olunmuş büdcənin təqdimatı ilə yanaşı, büdcənin icrası ilə bağlı aylıq, rüblük və illik hesabatlar da açıq büdcə sorğusu və digər beynəlxalq səviyyədə qəbul olunmuş fiskal diaqnostika metodologiyalarına uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müntəzəm olaraq dərc olunur.
Heç şübhəsiz ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar və bu istiqamətdə atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı reytinq agentliklərinin, iqtisadi və maliyyə institutlarının diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.
Büdcə şəffaflığı və hesabatlılığına dair əsas diaqnostik qiymətləndirmə alətlərindən biri də Açıq Büdcə Sorğusudur. Açıq Büdcə Sorğusu üzrə hesabat hər iki ildən bir ABŞ-da yerləşən Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership) Təşkilatı tərəfindən hazırlanır və dərc olunur. Sorğuda qiymətləndirilməsi nəzərdə tutulan 145 sualdan 109-u büdcə məlumatlarının ictimaiyyətə açıqlığını (Açıq Büdcə İndeksi), 18-i ictimaiyyətin büdcə prosesində iştirakını, 18-i isə Parlamentin (Milli Məclis) və ali audit orqanının (Hesablama Palatası) bu sahədə rolunu dəyərləndirir.
Cari ilin may ayının 31-də “Beynəlxalq Büdcə Tərəfdaşlığı” təşkilatı tərəfindən Açıq Büdcə İndeksi üzrə dünya ölkələrinin 2021-ci ildəki reytinqi açıqlanıb. Azərbaycan müvafiq hesabatda 100 mümkün baldan 57 bal toplamaqla müstəqillik tarixi ərzində büdcə şəffaflığı göstəricisi üzrə ən yüksək nəticə ilə qiymətləndirilib. Azərbaycan son qiymətləndirmə sorğusunda öz nəticələrini öncəki sorğuya nəzərən 22 bal artırıb. Hesabata əsasən Azərbaycanın 120 ölkə arasında mövqeyi 81-ci yerdən 44-cü yerə yüksəlibdir. Son dərc olunan Açıq Büdcə İndeksində Azərbaycanın reytinqi dünya üzrə orta göstəricidən (45 bal) 12 bal yuxarıdır və Azərbaycan ümumi reytinqdə ən çox irəliləyən ölkələrdən biridir.
Qeyd edək ki, Açıq Büdcə İndeksi sorğusu üzrə ölkələrin büdcə mexanizmlərinin qiymətləndirilməsinə 2006-cı ildən başlanılıb və Azərbaycan ilk qiymətləndirmədən etibarən müvafiq sorğuda iştirak edir. Bu indeksin əhəmiyyət ondan ibarətdir ki, reytinqin tərtib olunmasında Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflığın Ən Yaxşı Təcrübələr Məcəlləsi”, “Lima Bəyannaməsi”, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Fiskal Şəffaflıq üzrə Ən Yaxşı Təcrübələr” və “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs”ün prinsipləri kimi sənədlərə istinad olunur. Onu da qeyd edək ki, bu qiymətləndirmə çoxsaylı parametrlər üzrə müstəqil qiymətləndiricilər tərəfindən müəyyənləşdirilib və qurum tərəfindən yenidən baxışdan keçirilib.
Açıq Büdcə Sorğusunun 2021-ci il üzrə nəticələri əsas və köməkçi suallar əsasında müəyyənləşib ki, müvafiq sualların da əksəriyyəti büdcə haqqında məlumatların ictimaiyyətə əlçatanlığının qiymətləndirilməsinə, yəni Açıq Büdcə İndeksinin hesablanmasına xidmət edib. Belə qiymətləndirmə səkkiz əsas büdcə sənədinin əhatəliliyinin və metodologiyada nəzərdə tutulmuş müddətlərdə dərc edilməsinin, o cümlədən rəsmi dövlət qurumlarının rəsmi internet səhifələrində yerləşdirilməsinin təhlili vasitəsilə aparılır. Ümumiyyətlə, bu dəfəki reytinq hesabatının bir xüsusi önəmi ondan ibarətdir ki, ilk dəfə olaraq, Azərbaycanda büdcə ilə bağlı qiymətləndirilən səkkiz əsas büdcə sənədin (İlkin büdcə sənədi, İcra orqanının büdcə layihəsi, Təsdiq edilmiş büdcə, Vətəndaş büdcəsi, Dövlət büdcəsinin icrasına dair aylıq hesabat, Dövlət büdcəsinin icrasına dair yarımillik hesabat, Dövlət büdcəsinin icrası üzrə illik hesabat, Dövlət büdcəsinin icrasına dair audit hesabatı) hamısının ictimaiyyətə açıqlanması “Beynəlxalq Büdcə Tərəfdaşlığı” tərəfindən qeyd edilib. Əlavə olaraq, ilkin büdcə sənədləri, dövlət büdcəsinin icrasına dair yarımillik, illik və yekun hesabatlar üzrə həm məlumatlılıq səviyyəsinin artırılması, həm də sənədlərin özlərinin ictimaiyyətə açıqlanması üzrə irəliləyişlərə nail olunub.
Bütün bunlar mütərəqqi təcrübə və fiskal diaqnostika alətlərinin tələbləri nəzərə alınmaqla görülən işlərin nəticəsidir. Məlum olduğu kimi, Açıq Büdcə İndeksinin nəticəsi həm də “Qlobal rəqabətqabiliyyətlik hesabatı”nda (The Global Competitiveness Report) bençmark olaraq nəzərə alınır. Bu baxımdan da növbəti Qlobal Rəqabətqabiliyyətlilik İndeksinin müvafiq indikatoru üzrə də yaxşılaşmanın olacağı gözlənilir.
Qeyd olunan sürətli irəliləyişin fonunda bu sahədə görülən işlərin davam etdirilməsi növbəti Açıq Büdcə İndeksi hesabatında ölkəmizin mövqeyinin daha da yaxşılaşacağını deməyə əsas verir.
Rasim
"AzPolitika.info"


Şərhlər