Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın Tel-Rifat və Mənbic bölgələrində PKK/YPG terror təşkilatına qarşı hərbi əməliyyat keçirəcəklərinin anonsunu verdikdən sonra bölgədə gərginlik artıb.
“AzPolitika.info” Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ankaranın yeni əməliyyat anonsundan sonra bu gün Suriyanın şimalında Suriya Milli Ordusunun (SMO) iştirakıyla geniş hərbi təlim keçirilib.
Təlimdə 2 min nəfər SMO hərbçisi və 150-yə yaxın hərbi texnika iştirak edib. Top atışlarıyla başlayan təlimin ilkin mərhələsində təyin olunan düşmən mövqelərinə tank və raket zərbələri endirilib.
Məlumatda qeyd olunur ki, təlimi Suriya müxalifətinin müvəqqəti müdafiə naziri Həsən Hamadi və Suriya Xüsusi Təyinatlılarının komandiri Seyf Əbu Bəkir də izləyib.
Qeyd edək ki, SMO qüvvələri Türkiyənin Suriyadakı əsas tərəfdaşlarından hesab olunurlar. Türkiyə Suriyadakı bütün hərbi əməliyyatları SMO qüvvələrilə birlikdə icra edir.




Şərhlər