SADIKOVUN HƏBSİNƏ NƏ MANE OLUR? - Polkovnikdən ŞOK İDDİALAR

Orduda “təmizləmə” həbslərlə müşahidə olunur. Məlumatlara görə, həbs edilənlərin böyük əksəriyyəti Baş Qərargahın sabiq rəisi Nəcməddin Sadıkovun yaxın ətrafıdır.

Son olaraq hərbi dairələrdə “şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıqov ətrafında halqanın daralması kimi izah edilir. Bildirilir ki, Nəcməddin Sadıqov vəzifədə olduğu dövrdə “şlyapa Zahid” təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu. Sabiq vergilər naziri Fazil Məmmədov, Nəcməddin Sadıqov və Zahid Niftəliyevin Ukraynada şərikli tütün fabriki olub. Fabrikin 13 faizi Zahid Niftəliyevə məxsus olub. Zahid Niftəliyevin həbs edilməsi Nəcməddin Sadıkova böyük zərbə kimi izah edilir.

Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov "moderator.az"-a açıqlamasında bildirib ki, “Şlyapa Zahid” deyilən Zahid Niftəliyevi hələ I Qarabağ savaşı zamanı, 1992- ci ilin yayından o vaxt 703 saylı briqadanın komandiri olan Nəcməddin Sadıkovun yanında görüb: "Onda Zahid Nəcməddinin sürücüsü idi. Korpus komandiri və Baş Qərargah rəisi olandan sonra Nəcməddin ona qol-qanad verdi, bütün “qara” işlərini - kadr “siyasət”ini, hərbi komissarlıqlardan haqq alıb-verməyi Zahid həll edirdi. Pul-paranın hamısını o toplayıb çatdırırdı. Özü də Zahid Niftəliyev hərbçi deyildi, mülki idi...

Son illərədək “Şlyapa Zahid" hər hansı idarə rəisi, hərbi hissə komandiri, eləcə də hərbi komissarlıq rəhbərinin və s. yanına girib ona Nəcməddinin adından istənilən göstərişi verir, birini vəzifəyə qoydurur, o birini çıxardır, “hesab” alırdı. O, Baş Qərargah rəisinin qeyri-rəsmi səlahiyyətli nümayəndəsi idi. Hansısa idarə rəhbəri, komandir, hərbi komissar nəyəsə yox deyəndə Nəcməddin Sadıkov onu bir neçə gün içərisində sıradan çıxarırdı. Ona görə də hamı bilirdi ki, Zahid gəldi, yaxud Nəcməddin gəldi – fərqi yoxdur..."

Mehman Səlimov "adı korrupsiya cinayətlərində hallanan Baş Qərargahın keçmiş rəisi Nəcməddin Sadıkovun həbsi ehtimalı artırmı” sualını belə cavablandırıb: “Şlyapa Zahid” getdi... Ancaq Nəcməddin Sadıkovun həbsi Ukraynadakı müharibənin nəticəsindən asılıdır. Biz, nə qədər Kremlin, Putinin təsirindən uzaq olsaq, Nəcməddinin və digərlərinin həbsi şansı bir o qədər artacaq. Əgər Rusiya orada hərbi və siyasi mənada tam məğlub olsa, Azərbaycanda nəinki Nəcməddin, Kremlin “5-ci kolon”unun bütün nümayəndələri “buldozerin ağzına veriləcək”... Yox, Allah eləməmiş, Moskva - Putin Ukraynada qalib çıxsa, onda Nəcməddin və bütövlükdə “5-ci kolon”  Azərbaycan üçün daha təhlükəli oyunlar oynaya bilər..."

Nəcməddin Sadıkovun hələ də həbs edilməməsinin Rusiya amili ilə izahı nə qədər gerçəkdir?

"AzPolitika.info" xəbər verir ki, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, sabiq rəisin Rusiya hərbi-siyasi elitası ilə əlaqələri gizlin deyil. Nəcməddin Sadıkovun uzun illər Baş Qərargah rəisi postunu tutması da bu amillə bağlı olub: “Rusiyanın regionda təsirləri azaldıqca, Türkiyənin nüfuzu artdıqca, Nəcməddin Sadıkov kimi Rusiya ilə geniş əlaqəli kadrlar vəzifədən gedəcək, həbs olunma ehtimalları böyük olacaq. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri nə qədər geniş olsa da, artıq dövr dəyişib. Azərbaycan Rusiyanın təsir dairəsindən uzaqlaşdıqca, orduda vəziyyət dəyişəcək. 44 günlük Vətən müharibəsi göstərdi ki, Türkiyə ordu modelinin mənimsənilməsi ölkəmiz üçün həyati vacib məsələdir. Belə bir modeldə Nəcməddin Sadıkov kimilərə yer yoxdur. Rusiya ilə əlaqələri olan Rövşən Əkbərov artıq həbsdədir. Nəcməddin Sadıqov da belə bir aqibətdən sığortalanmayıb. Həbs qərarı veriləcəksə, bir anın içində qandallanacaq. Ona Rusiyadakı ”dayı"ları kömək edə bilməyəcək".

Natiq Ələsgərov xatırladır ki, Nəcməddin Sadıqov 1993-cü ildən 2020-ci il Vətən müharibəsinin ilk ongünlüyünə qədər Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini daşıyıb: “Ətrafına yığdığı kadrların köməyi ilə Müdafiə Nazirliyi sistemində rüşvət və korrupsiya bataqlığı yaradıb. Sonuncu həbs olunan Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-Tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev buna bariz nümunədir. Hazırkı mərhələdə onun işi üzrə 17 nəfər zərərçəkmiş şəxs kimi tanınıb. Araşdırmalar zamanı məlum olub ki, Zahid Niftəliyev Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddətli hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan hərbi qulluqçuların xidməti yerlərinin pul müqabilində dəyişdirilməsini təmin edib. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. 

O, həmçinin qanunsuz sahibkarlıqla da məşğul olub. Nəcməddin Sadıkovun ən yaxın adamı Zahid Niftəliyev dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməyə təhrik etmədə ittiham olunur (Cinayət Məcəlləsi, maddə 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4 312.2). Lakin ibtidai istintaqın gedişində onun barəsindəki ittihamın daha ağır maddələrə tövsif olunma ehtimalı var. Yəni Nəcməddin Sadıkovun ətrafı bu xislətdə olan kadrlardır. Ətrafını isə onun özü formalaşdırıb.

Xatırlayırsızsa, Vətən müharibəsinin ilk günlərində, 2020-ci il oktyabrın 4-də mətbuatda Azərbaycan Ordusunun rəhbərliyinin döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəbər yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcməddin Sadıkov gözlərini obyektivə zilləmiş şəkildə tuş gəlmişdi. Oktyabrın 10-da isə Nəcməddin Sadıkov barəsində olan və Müdafiə Nazirliyinin saytında yer alan məlumat bölümü yoxa çıxdı. Əslində həmin gündən Nəcməddin Sadıkovun həbsi gündəmdədir. Bunu özü də bilir. Çünki onun neqativ, daha çox düşmənə sərf edən fəaliyyəti ən təvazökar araşdırma ilə cinayət işinin materialı ola bilər. Nəcməddin Sadıkov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırçı şəkildə danışması daim tənqid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcməddin Sadıkovun Rusiya ilə əlaqələri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu “Milli Qəhrəman” adına layiq görməsi, Dərbənddə adına küçənin olması Baş Qərargah rəisi vəzifəsində olduğu müddətdə daha çox şimal qonşumuza xidmət etməsi kimi qəbul olunub. Onun NATO tədbirlərindən birində Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 

 

2017-ci ildə Nəcməddin Sadıkovun Mikael Arutyunyanla görüşü birmənalı qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib. Belə bir keçmişə malik düşmən generalı ilə Nəcməddin Sadıkovun xoş ünsiyyəti haradan qaynaqlanır? Digər bir diqqətçəkən məqam da Nəcməddin Sadıkovun yerli mətbuatın tənqidinə məruz qaldığı illərdə onu daha çox yerli rusdilli medianın, Ramiz Mehdiyevin ruporlarından hesab edilən mətbuatın müdafiə etməsi olub. Nəcməddin Sadıkovun Birinci Qarabağ savaşı dövründə Rusiyadan Azərbaycana gəlməsini xüsusilə qeyd edən həmin media bu faktı onun Rusiyaya bağlılığını təkzib edən məqam kimi təqdim edirdi. Yəni Sadıkov Rusiyadan vətənpərvərlik nümunəsi göstərərək Azərbaycana gəlib, Qarabağ savaşına qatılıb və belə bir şəxs Rusiyanın maraqlarından çıxış edə bilməz. Əslində isə bu, gülünc bir əsas hesab edilə bilər. Sadıkov o dövrdə ölkəyə qayıdan vətənpərvər zabitlərin sırasına qatılıb gəlsə də, onun Kəlbəcərin verilməsində müstəsna rolu olması da uzun illər müzakirə mövzusu olub. Bu cür çoxsaylı suallar var ki, bu gün də cavablandırılmayıb".

Natiq Ələsgərov deyib ki, siyasi qərar verilərsə, Nəcməddin Sadıkovun həbsi üçün yetirincə əsaslar var. Bu halda onu Rusiya ilə əlaqələri də xilas edə bilməz.

"AzPolitika.info"

635x100

Şərhlər

Mammedyarova dair 2022-06-04 00:14:48

Nəcməddin Sadikovdan danışarkən, Elmar Məmmədyarovu da xatırlamaq gərəkdir. Düşmnə sipər gösətrməli ordumuzu Nəcməddinlər bərbad edərkən, Azərbaycanın xaricidəki informasiya sistemini və diplomatiyasını sıradan çıxarmış, milli kadrlara divan tutmuş, ermənilərə açıqca himayadarlıq etmiş, Rusiyaya bağlılığı heç bir şübhə doğurmayan Elmar Məmmədyarovu da xatırlamaq gərəkdir. Mammedyarovun davamçıları olan kiyevli dostları, xələfovlar, azimovlar, mammed-kuliyevlər hələ də iş başındadırlar......

t.ədalət 2022-06-03 11:55:22

Anlaya bilmirəm ki,Səfər Əbiyevlə Nacmuddin Sadıkovun arasında nəkimi fərq var?Hər ikisi Rusiyanın casusudur.Hər ikisi Azərbaycan ordusunu məğlubiyyətə hazırlayırdı.....

Roma 2022-06-03 11:42:44

Nəcməddin erməni generalı ilə elə görüşür ki, elə bil bu düşmən generalı deyil əziz bir adamıdır. Millətimizin bəlalarından biri və ən başlıcası budur...

Son yazılar