Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyəti Balakəndə Regionlarda “Məişət Zorakılığı” təbliğat kampaniyasının təşkili adlı layihə üzrə tədbir keçirib. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Təlim və seminar formatında keçirilən tədbirə yerli icma nümayəndələri ilə yanaşı Balakən rayon icra orqanlarının təmsilçiləri də qatılıb. Təlimçi Dilarə Əfəndiyeva toplantı iştirakçılarına “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunla bağlı geniş bilgi verib. O, gündəlik həyatda rast gəlinən real faktlar üzrə qanunun işləmə mexanizmindən, problemlərin ictimailəşdirilməsi qaydalarından, konkret hallar üzrə rəsmi qurumlara müraciət formalarından, eləcə də hökumət orqanlarının yaranan problemlərin həlli üçün birgə fəaliyyətinin təşkilindən də söz açıb.

Toplantıda çıxış edən Balakən rayon İcra Hakimiyyətinin nümayəndəsi Fariz Nəcəfov bildirib ki, vətəndaşların ailədaxili problemləri ictimailəşdirmək, onların həlli üçün rəsmi qurumlardan yardım istəmək vərdişləri aşağı səviyyədədir. Bu səbəbdən çox zaman ailədaxili məsələdir deyib bir sıra ciddi qanun pozuntuları, məişət zorakılığı kimi təsbit olunan hallar gizlədilir:“Bu halları yalnız həlli ailə institutunun yardımı, qohumların müdaxiləsilə həll edə bilmədikdə ictimailəşdirir, rəsmi qurumlara müraciət edirlər. Bu isə ona gətirib çıxarır ki, ilkin variantda çözümü profilaktik tədbirlərlə mümkün olan məsələ ailələrin dağılmasına qədər gətirib çıxarır. Bütün hallarda vətəndaşlar bilməlidirlər ki, qanun onu pozmağa meylli şəxslərdə çəkingənlik yaradır, rəsmilər məişət zorakılığı ilə bağlı əməllərin qanunla cəzalandırılması haqqında məlumatlandırıcı iş apardıqda normal münasibətlətə geri dönülməsinə daha çox şans yaranır”.

İcma təmsilçiləri isə ailədaxili münasibətlərin pozulmasının əsas səbəbi kimi regionlarda işsizliyi göstrəriblər. Onların fikrincə, məşğul, normal gəliri olan ailələrdə münasibətlər daha sağlam olur. Belə ailələr məişətlə, övladlarla bağlı ortaq hədəflər müəyyən edir, onların reallaşdırılması üçün çalışırlar. Ailələrin iqtisadi çətinlikləri isə buna imkan vermədikdə fərdlər arasında da münasibətlər gərginləşir. Bu səbəbdən vətəndaşlar məsələlərə kompleks yanaşmağı, məişət zorakılığının aradan qaldırılması üçün işsizliyin çözülməsinə xüsusi diqqət ayrılmasını vacib saydıqlarını bildiriblər.


Şərhlər
QHT-lərin fəaliyyəti məhdudlaşdırılmalıdır.Xarici ölkələrin casusları bu təşkilat vasitəsi ilə maliyyələşdirilir.QHT-lər dövlət orqanı deyil ki, xalqa nəyisə təbliğ etsin.