Kiyevdə fəaliyyət göstərən Azərbaycan diasporunun Ukrayna xalqına humanitar yardımı davam edir.
Sosial şəbəkələrdə yayılan videolardan belə aydın olur ki, belə xeyriyyə aksiyalarından biri bu günlərdə Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivinin dəstəyi ilə baş tutub. Aksiya zamanı diaspor fəalları birbaşa ahıl və aztəminatlı ailələrin yaşadıqları mənzillərə gedərək, ərzaq məhsullarını çətin durumda olan paytaxt sakinlərinə çatdırıblar.
Yerli sakinlər bu nəcib hərəkətə görə Ukrayna Azərbaycanlıları Radasına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, iş adamı kimi tanınan və xeyriyəçiliklə məşğul olan Oleq Krapivin istər Azərbaycanda, istərsə də Ukraynada idman sahəsinə, uşaq evlərinə və ehtiyacı olan ailələrə yaxından köməklik göstərir. Fevralın 24-dən başlayan müharibə ilə bağlı Ukrayna Azərbaycanlıları Radasının mərkəzi ofisində mürəkkəb durumla qarşılaşan soydaşlarımızın təxliyəsi və ehtiyacı olanlara humanitar yardım göstərilməsi məqsədilə 24 saat fəaliyyət göstərən operativ qərargah yaradılıb.
Diasporla İş üzrə Dövlət Komitəsi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərən UAR və Oleq Krapivin ilk növbədə qadınların və uşaqların Ukraynadan təxliyəsinə nail olub.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının V Qurultayı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Oleq Krapivin diasporumuzun inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.


Şərhlər
Azərbaycan diasporuna təşəkkür edirik. Allah razı olsun sizdən. Bütün bu müsbət və xeyirxah əməllər Azərbaycan xalqının nə qədər alicənab və müdrik olduğunun göstəricisidir.