PUTİNİN GENERALLARI UKRAYNADA NİYƏ ÖLÜRLƏR? - Hərbi ekspertlər onların həlak olmasını bir neçə səbəblə bağlayır

Rusiyanın ondan artıq generalı həlak olduğu halda, Ukrayna bircə general da itirməyib

Kiyev başda olmaqla bütün Ukraynanı 72-96 saata nəzarətə götürməli olan Rusiya ordusu bu gün nəinki Ukraynanın, heç Donbasın da iri şəhərləri siyahısına daxil olmayan hansısa Severodonetsk şəhəri ətrafında ağır döyüşlərdə ilişib qalıb.

Rəsmi hərbi mənbələrin verdiyi məlumata görə, dünyanın ikinci ordusu sayılan rus ordusu son 50 gün ərzində Ukraynada cəmi 20-25 kilometr irəliləyə bilib. O da bəzi istiqamətlərdə. 603 min kvadrat kilometr ərazisi olan Ukrayna üçün bunun nə demək olduğunu xüsusi qeyd etməyə yəqin ki, ehtiyac yoxdur. Eynilə də uzun illər bütün dünyanı qorxu içində saxlamağa çalışan, silahları, generalları, zabitləri, əsgərləri göylərə qaldırılan, durmadan reklam olunan rus ordusu üçün də bu durumun necə böyük bir iflas və biabırçılıq olduğunu xüsusi vurğulamağa gərək yoxdur…

Rusiyanın bu savaşdakı canlı qüvvə itkisi barədə müxtəlif rəqəmlər səsləndirilir. Ukrayna tərəfi həlak olmuş rusiyalı əsgər və zabitlərin sayının 30 mini keçdiyini iddia edir və bildirir ki, onların arasında 10-dan artıq general var.

Son olaraq ötən gün Rusiya Silahlı Qüvvələrinin 29-cu ordusunun qərəgah rəsisi, general-mayor Roman Kutuzovun həlak olduğu məlum olub və bu xəbəri Donbasdakı separatçı qurum da təsdiqləyib. Bununla da Rusiyanın Ukraynada ölən generalların sayı 10-dan çoxdur. Belə ki, bundan öncə müxtəlif mənbələr, o cümlədən Britaniya kəşfiyyatı 10-12 rus generalının həlak olduğunu bildirmişdi.

Onu da qeyd edək ki, bu generallar arasında təkcə quruda yox, hətta havada da həlak olanı var. Söhbət hələ 2012-ci ildə istefaya göndərilsə də xeyli sayda yüksək ranqlı pilotunu itirən rus ordusunun yenidən öz sıralarına qatmağa məcbur olduğu general-mayor Kanamat Botaşevdən gedir. 

Luqansk səmasında vurulan bu general Rusiyanın döyüşlərdə ölən ən yüksək rütbəli pilotu olub. Qeyd edək ki, ölən yüksək rütbəli zabitlər arasında bir general-leytenant da var…

Maraqlıdır ki, Rusiya tərəfi öz canlı qüvvə itkisi barədə sonuncu dəfə martın 25-də rəsmi məlumat yayıb. Həmin məlumata görə, guya Rusiya müharibənin ilk ayında cəmi 1351 hərbçisini itirib. 3825 nəfər isə yaralanıb. Təbii ki, buna nəinki dünyada, heç Rusiyanın özündə də inananlar çox olmadı. Ancaq hər halda bu, itkilərlə bağlı son rəsmi açıqlama olub və həmin gündən ötən 3 aya yaxın müddətdə bu barədə heç bir rəsmi məlumat verilməyib.

Əvəzində, bir neçə gün öncə Rusiya Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov itkilərlə bağlı rəsmi məlumat verilməməsini olduqca ilginc şəkildə izah edib. Bildirib ki, martın 25-dən bu yana Rusiya ordusunun praktiki olaraq, itkiləri yoxdur! Bu səbəbdən də rəsmi məlumat yaymağa ehtiyac qalmır.

Hansı ki, quruda keçirilən hərbi əməliyyatlarda ölənlər bir yana, təkcə aprelin 14-də vurularaq batırılan Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyserinin göyərtəsində 400-dən artıq hərbçinin olduğu məlum idi.

Bununla da hakim “Vahid Rusiya” partiyasını təmsil edən Kartapolov Rusiya siyasi elitasının və rəsmi təbliğatının hansı acınacaqlı durumda olduğunu, necə primitiv yalanlara əl atdığını növbəti dəfə ortaya qoydu. Rusiya rəsmi təbliğat vasitələrinin vəziyyətini göstərən daha bir məlumata görə isə Kreml öz təbliğatçılarına Ukrayna mövzusuna aid şərhlərdə “xüsusi əməliyyat”ın tarixi, yəni neçə gündür davam etdiyinə dair məlumatlar, xatırlatmalar verməyə qadağa qoyub…

Rus generallarının ölümünə gəlincə, qeyd edək ki, əksər hərbi ekspertlər yüksək rütbəli rus zabitlərinin ölümünü siyasi hakimiyyətin hərbçilərin qarşısına qoyduğu qeyri-adekvat vəzifə və tapşırıqlar, eləcə də kiçik və orta rütbəli zabit heyətinin çox vaxt döyüşdən imtina etməsi, yaxud əmrləri icra etməkdən yayınması ilə əlaqələndirirlər. Belə ki, siyasi rəhbərlik çox vaxt hərbi komandanlıq qarşısında döyüş səhnəsindəki reallığı nəzərə almadan, peşəkar hərbi yanaşmadan uzaq, siyasi hədəflər xatirinə bu və ya digər şəhərin, qəsəbənin, ərazinin işğalı ilə bağlı konkret vaxt qoyur. Komandanlıq da eyni şeyi yerlərdəki ordu, korpus, briqada komandirlərindən tələb etməli olur.

Lakin o da məlumdur ki, yerlərdə vəziyyət yuxarıların görmək istədiyi kimi deyil. Heç bir motivasiyası, istəyi olmayan, yalnız maddi maraq güdən, qarətçilikdən tutmuş cinsi zorakılığa qədər hər cür çirkin cinayətlərə bulaşmış rus əsgəri və zabiti çox vaxt döyüşməkdən imtina edir. Belə olan təqdirdə isə yuxarı komandanlığın əmrini yerinə yetirmək məcburiyyətində qalan yerlərdəki generallar ön cəbhəyə getməli, aşağı rütbəli zabitləri yerindəcə toplamalı, hədə-qorxu gəlməli, qayda-qanun yaratmalı, əsgərləri döyüşə getməyə məcbur etməli olurlar.

Hansı ki, ekspertlərin bildirdiyinə görə, generallar döyüş xəttindən 40-60 kilometr geridə olmalı, savaşı uzaqdan idarə etməlidirlər. Cəbhə ilə əlaqəni isə qərargahdakı zabitlər təmin etməli, lazım gəldikdə ön cəbhəyə də onlar getməlidirlər. Lakin yuxarıda qeyd etdiyimiz kimi, yuxarıların tapşırıqları və rus qoşunlarının məlum durumu generalları tez-tez ön cəbhəyə baş çəkməyə vadar edir. 

Hərbi ekspertlər onların həlak olmasını da bununla izah edirlər. Həmçinin, daha bir məqam qeyd olunur ki, Ukrayna tərəfinə Qərb kəşfiyyatının və peyklərinin imkanlarından istifadə üçün şərait yaradıldığından, onlar rus generallarının yerdəyişmələrindən məlumat ala bilirlər. Bu da həmin generalları əlçatan məsafədə məhv etməyə imkan yaradır.

Müqayisə üçün bildirək ki, rus ordusundan fərqli olaraq, 4 aya yaxındır davam edən savaşda bircə Ukrayna generalı da həlak olmayıb. Bunun bir səbəbi Ukraynanın müdafiə olunan tərəf olmasıdırsa, digər səbəbi də Ukrayna Ordusunun daha müasir müharibə aparmasıdır. Burada zabit heyəti və əsgərlər arasında münasibətlər fərqlidir və yerlərdə hərbçilərə müstəqil qərar vermək, vəziyyətə uyğun davranmaq imkanı yaradılır. Digər yandan Ukrayna Ordusunun motivasiyası olduqca yüksəkdir və bu sarıdan generalların ön cəbhəyə getməsinə ehtiyac qalmır. O da qeyd olunur ki, Rusiya tərəfinin kəşfiyyat və yüksək rütbəli Ukrayna zabitlərinin yerini müəyyən etmək imkanları daha məhduddur. Bütün bunlar Ukrayna generallarını məhv etmək perspektivini xeyli azaldır…

Bir sözlə, Kremlin Ukraynadakı “xüsusi əməliyyatı”nın iflasa uğradığını əks etdirən kifayət qədər çoxsaylı faktlar sırasında rus ordusunun xeyli sayda yüksək rütbəli hərbçisini itirməsi də var. Görünür, generalların həlak olması da Putinin dediyi kimi, “plan üzrə gedən xüsusi əməliyyat”ın tərkib hissəsi imiş. Belə çıxır ki, 10-dan artıq general, 30 minə yaxın əsgər və zabit itirmək, minlərlə hərbçini əsir vermək, Kiyevin həndəvərlərinə qədər gəlib, biabırçı şəkildə geri qayıtmaq, Qara dəniz donanmasının flaqman gəmisini batırmaq, bir sözlə, rus ordusunu, əsgərini, zabitini, generalını urvatsız hala salmaq da həmin plana daxil imiş…

Cəlal (Elxan) Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Vuqar Memmed.oglu 2022-06-09 21:58:43

Bu gün Ukraynada gedən müharibədə aparıcı qüvvə müsəlmanlardır onların cəbhədən çəkilməsi putini uzağı 19 günə diz üstə qoyar!Ramazan, bütün çeçenləri aldadıb göndərir UKRAYNAYA!

Eli 2022-06-09 13:17:16

Ruslar heç vaxt vuruşsn millet olmayıb,onların işi alkaşluq ve sorakılıq,vehşilik olub.Onlar ın iqtisadiyyatını bu gün nece ki qeyri rus milletler idare edir ,ordusu da ele.Vyruşan çeçenler,burtatlar kalmıklar ve diger milletlerdir.İkinci dünya mğharibesinde vuruşa getme Stalinin her esgere güne 200 qram spirt ve arxdan gelen НКВД qoşunları esgerlerinin rys esgerlerinin oeyserine dayadıqları avtomatların lülesi taktikası hesabına olub.Vuruşsndırlar vuruşsunkar bu gğn niye vuruşa bilmirler çünki içkiden esgelerin bzşı ayılmır ne etdiklerini bele başa düşmürler.

Türk Turan 2022-06-09 11:15:54

Əhsən sənə Cəlal bəy! Putlerin sonu yaxınlaşdıqca, Kadırov kimi sərsəm hərəkətlər edir. Allah bunları biyabır eləsin.

Son yazılar