Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında ekspertiza rəyləri üzrə aktlar elan olunub. “Report”un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elmar Kərimov çıxış edib.
O, cinayət işi üzrə tərtib edilən aktlarda dəymiş ziyanla bağlı yazılan rəqəmlərlə razı olmadıqlarını söyləyib.
Məhkəmədə elan olunub ki, istintaq dövründə maliyyə yoxlaması zamanı V.Hacıyevin rəhbərliyi dövründə külli miqdarda vəsait rayon ərazisindəki təhsil və məktəbəqədər müəssisələrdə xərclənməsi adı ilə silindiyi qeyd edilib.
Təqsirləndirilən şəxsin vəkili bununla razı olmadıqlarını deyib.
Hakim bildirib ki, növbəti prosesdə İmişli rayon ərazisində aparılan tikinti işlərinə ayrılan və xərclənmiş vəsaitlərlə bağlı akt tədqiq ediləcək.
Daha sonra məhkəmənin növbəti iclası iyunun 13-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.


Şərhlər
Məmurların külli miqdarda dövlət əmlakını talaya bilməsi faktı bunu göstərir ki,nəzarət orqanları ya onlara nəzarət etmirlər,ya da taladıqlarını görüb susurlar.Hər iki halda da yalnız məmurlar deyil,nəzarət orqanları da cavabdehdir,onlar da soruşdurulmalıdır.Əgər məmurun taladığını görməmisənsə demək pis nəzarət etmisən və ya ümumiyyətlə nəzarət etməmisən.Yox əgər görüb susmusansa bu daha pis,nə marağın var imiş ki susmusan?Susmaq payın nə olmuş yəni?Eləcə filan məmur filan qədər talayıbmış deməklə olmaz.Bu işin bir nəzarəti olmalıdır.Yoxsa o zaman əhali belə düşünməkdə haqlıdır ki,hal-hazırda tutulmayan məmurlar görəsən nələri talamaqdadırlar?Nəzarət yoxdursa nə bilək talayıb-talamadıqlarını?Talamaqdadırlarsa onlara niyə ehtiram göstərək?
Vilyam müəllim vəzifəyə təyin olunana kimi hər cür fırıldaq təlimi almış birisinə bənzəyir.Azərbaycanda müəyyən regionun adamlarına "büdcə gəmirənlər" də deyirlər..