3 AVROPA LİDERİNİN UKRAYNAYA MÜƏMMALI SƏFƏRİ - "Bu səfərin arxasında təhlükəli məqamlar var..."

Nəhayət, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin az qala 4 ayının tamamında Fransa, Almaniya və İtaliya başçıları Kiyevə səfər etməyə özlərində cəsarət tapdılar. Onlardan fərqli olaraq, Polşa və Pribaltika respublikaları başda olmaqla, Avropanın bir çox ölkələrinin başçıları artıq xeyli əvvəl Kiyevdə səfərdə olaraq, Ukrayna xalqına dəstək ifadə ediblər.

Belə ölkələrin sırasında Böyük Britaniya xüsusi yer tutur və Baş nazir Boris Consonun Kiyevə gözlənilməz səfəri hələ də olduqca cəsarətli siyasi-diplomatik addım kimi müzakirə olunur.

Xeyli müddət idi ki, Fransa Prezidenti Emmanuel Makronun Kiyevə gedəcəyi barədə söz-söhbətlər dolaşsa da, Olaf Şolts və Mario Draqi ilə bağlı məsələ qeyri-müəyyən idi. Lakin iyunun 16-da, nəhayət, bu şəxslər də “şeytanın qıçını qırıb” Kiyevə yola düşdülər. 

Müharibə başlayandan bəri, xüsusilə də son günlər Ukraynanı rus işğalı qarşısında geri çəkilməyə dəvət edən, hətta ona təzyiq göstərən sözügedən ölkə rəhbərlərinin bu səfəri Qərbdə və Ukraynanın özündə xeyli müzakirələrə səbəb olub.

Hələ səfərdən öncə xüsusilə ukraynalı təhlilçilər 3 ölkə rəhbərinin gözlənilən səfərinin əsas məqsədinin Volodimir Zelenskini güzəştə məcbur etmək olduğunu bildirirdilər. Baxmayaraq ki, Zelenski başda olmaqla, Ukrayna rəhbərliyi dəfələrlə Rusiyaya hər hansı ərazi güzəştinə getməyəcəklərini bəyan ediblər...

Xüsusilə də Makron ikibaşlı açıqlamalarında Kiyevi və Qərbi Rusiyanın işğalçılıq maraqları ilə hesablaşmağa çağırır və bu, onu deməyə əsas verir ki, sözügedən səfər də məhz Kiyevi geri çəkilməyə vadar etməyə yönəlib. 

Lakin son rəsmi açıqlamasında Makron deyib ki, onlar bu səfərlə Rusiya işğalına qarşı mübarizədə Ukrayna ilə həmrəylik nümayiş etdirirlər:“Bu, vacib məqamdır. Bu, bizim ukraynalılara göndərdiyimiz birlik siqnalıdır”.

Bununla bağlı məlumat yayan “Reuters” agentliyinin bildirdiyinə görə, Makron səfərin məhz indi baş tutmasını Ukraynanın Avropa İttifaqına üzvlüyə namizədlik müzakirələrilə əlaqələndirib. O, deyib ki, bununla sözügedən üç ölkə namizədlik məsələsində Ukrayna xalqına öz müsbət mesajlarını çatdırır.

Ancaq əksər ekspertlərin fikrincə, Makronun bu qulağa xoş açıqlamalarına baxmayaraq, bu üç ölkənin maraqları heç də Ukraynanın maraqları ilə uzlaşmır və bu səfərin arxasında daha təhlükəli məqamlar var. Bunu həm Makronun, həm Şoltsun, həm də Draqinin son dövrlər səsləndirdikləri fikirlər isbat edir. 

Bu ölkə başçılarının hər üçünün imkan düşən kimi, Rusiyanın əhəmiyyətindən danışmaları, açıq işğalçılıq müharibəsini “Putinin səhvi” kimi dəyərləndirmələri, Ukraynaya hərbi dəstəyi hər vəchlə əngəlləmələri, onun ərazi güzəştlərinə getməsinin qaçılmaz olduğuna dair eyhamları və s. göstərir ki, onların Kiyevə səfəri də dəstəkdən daha çox Zelenskiyə təzyiq məqsədi daşıyır.

Bu səfərlə bağlı ən maraqlı və reallığa uyğun açıqlamanı isə Ukrayna Daxili İşlər nazirinin müşaviri Viktor Andrusiv verib: “Makron, Şolts və Draqi bizə Avropa İttifaqı üzvlüyünə namizədlik təklifi və Putinlə danışıqlar masasına oturmaq xahişi ilə gəlirlər”

Doğrudan da, Fransa, Almaniya və İtaliya Ukraynaya Putinlə razılaşmaq və ərazi güzəştləri müqabilində Aİ üzvlüyünə namizədlik təklif edirlər. 

Birincisi, namizədlik hələ üzvlük deyil və Ukraynanın üzv kimi Aİ-yə qəbulu elə həmin bu üç ölkənin “səyləri” nəticəsində illərlə, hətta onillərlə çəkə bilər. Ən əsası isə Ukraynanı güzəştə vadar etmək Putinin işğalçılıq savaşını legitimləşdirmək, beynəlxalq hüququ, dövlətlərin ərazi bütövlüyü prinsipini tapdalamaq, Rusiya başçısını növbəti oxşar addımlar atmağa həvəsləndirmək anlamı daşıyır.

Ümumiyyətlə, Putinlə danışıq aparılmasına gəlincə, buna ən düzgün qiyməti bir müddət əvvəl Polşa Prezidenti Anjey Duda vermişdi: “Mən hazırda Putinlə aparılan bütün danışıqlardan sarsılıram. Kansler Şolts, Prezident Emmanuel Makron... Bu danışıqlar mənasızdır. Onlar nə edirlər? Onlar Rusiya ordusunun Ukraynadakı cinayətlərinə görə cavabdeh olan şəxsi legitimləşdirirlər… İkinci dünya müharibəsi zamanı kimsə Adolf Hitlerlə danışıqlar aparıbmı? Kimsə deyirdimi ki, Adolf Hitlerin simasını saxlamaq lazımdır və biz elə etməliyik ki, Hitler aşağılanmış olmasın? Mən bunu eşitməmişəm”.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Camaat 2022-06-17 10:21:06

Bunları oradan iti qovan kimi qovmaq lazımdır.

Baba 2022-06-16 23:38:14

Bu Makronda kişi sifəti yoxdur. ....

Son yazılar