Komanda rəhbərliyi stadionda xəsarət alan gəncin yanındadır
Ötən gün UEFA Avropa liqasinin qrup mərhələsi çərçivəsində "Qarabağ"-"Dnepr" oyununu stadionda izləyərkən üzərinə darvaza aşan Samir Miriyev üçün həyatı təhlükə yoxdur.
"Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, o bu gün gecə saat 3-ə qədər xəstənin yanında olub. Bu səhər isə klubun baş məşqçisi Qurban Qurbanov Samir Miriyevə baş çəkib. Onun kəllə-beyin travması aldığı, oma və diz sümüyünün sındığı bildirilir. Hazırda o, reanimasiyaya yerləşdirilib. Bu gün xəstənin əməliyyat edilib-edilməyəcəyinə qərar veriləcək. Müalicə və əməliyyatın bütün xərclərini "Qarabağ" futbol klubu rəhbərliyi öz üzərinə götürüb.
Xatırladaq ki, ötən gün Bakıda keçirilən "Qarabağ" - "Dnepr" oyunu zamanı bədbəxt hadisə qeydə alınmışdı.Oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb. Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb. Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb.


Şərhlər