Gender bərabərliyi Azərbaycanda necə tənzimlənir? - "Şiddətə məruz qalan qadınlarımızın say çoxdur"

"Bütün münaqişələri gender bərabərliyilə əlaqələndirmək düzgün deyil"

Sağlam ailə mühitinin formalaşması üçün ilk növbədə cəmiyyətdə qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabər olması şərtdir. Bu bərabərlik leksikonumuza "gender bərabərliyi" şəklində daxil olub. Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Bu bərabərliyi tənzimləmək üçün inkişaf etmiş ölkələrin bir çoxunda müxtəlif qanunlar qəbul edilib, müəyyən addımlar atılıb. Amma hələ də dünya üçün gender bərabərliyinin təminatı aktual problem olaraq qalır.

Qeyd edək ki, ölkəmizdə gender bərabərliyinin hüquqi təməli Cümhuriyyət dövründə qoyulub. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb.

Bundan əlavə, Azərbaycan qadınları İslam dünyasında səsvermə hüququnu alan ilk qadın cəmiyyəti olaraq tarixə keçiblər. Azərbaycan müstəqillik qazandıqdan sonra da qadınların ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına xüsusi diqqət ayrılıb.

Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edilib. Azərbaycan 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib.

Ancaq, təəssüf ki, bütün dünyada olduğu kimi bu gün Azərabaycanda da gender bərabərliyilə bağlı bir sıra problemlər var. Məsələn, son illər ölkədə boşanmaların sayı artıb, ailədaxili münaqişələrdən əziyyət çəkənlər həddindən artıq çoxdur, ailə münasibətlərində qız və oğlan uşaqları arasında ayrı seçkiliklər mövcuddur və s. Qeyd etdiyimiz bu amillər cəmiyyətin düzgün formalaşmasına və demoqrafik tendensiyaya mənfi təsir göstərir. Son statistik məlumatalara əsasən, təkcə cari ilin ilk üç ayı ərzində 3618 boşanma halı qeydə alınıb.

Bu mövzuyla bağlı Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadə "AzPolitika.info"-ya şərhində bildirib ki, gender bərabərliyinin təmin olunması üçün ölkədə mütəmadi işlər aparılır: "Bu barədə ölkə Qanunvericiliyində müəyyən qərarlar qəbul olunub və müxtəlif Beynəlxalq Konvensiyalara qoşulmuşuq. Düşünürəm ki, bu gün baş verən ailədaxili münaqişələrin səbəbi təkcə gender bərabərliyinin pozulmasıyla əlaqədar deyil. Münaqişə o demək deyil ki, biz bərabər olmadığımız üçün bu cür hadisələr baş verir. Zorakılığın başlıca səbəbi məişət zəminində yaranan münaqişələrdir. Münaqişələrin içində psixoloji və sosial-iqtisadi problemlər də var. Ona görə də, bütün münaqişələri gender bərabərliyilə əlaqələndirmək düzgün deyil".

Ekspert qeyd edib ki, ailədaxili münaqişələrin baş verməməsi üçün münasibətlərinin düzgün formalaşmasına və etik davranışlara əməl olunmasına xüsusi diqqət ayrılmalıdır: "Hesab edirəm ki, bu məsələlərə nə qədər çox diqqət ayırsaq, bu, gender bərabərliyində balansın qorunmasına bir o qədər müsbət təsir edəcək. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və digər müvafiq qurumlar da hər zaman bu məsələni diqqətdə saxlayırlar. Amma bəli, siz sual edə bilərsiniz ki, o zaman niyə ailədaxili münsibətlərdə bu qədər boşanmalar, qətllər baş verir? Bu məsələləri ayrı-ayrılıqda araşdırdıqda görürük ki, bu hadisələrin hamısı təkcə gender bərabərliyilə əlaqədar deyil. Təəssüf ki, bu gün Azərbaycan qadınının nüfuzu yüksək olsa da, şiddətə məruz qalan qadınlarımızın sayı kifayət qədər çoxdur.

Biz bu gün gender bərabərliyinin pozulmasını daha çox ailədə böyüyən uşaqlara münasibətdə görürük. Ailədə bir qıza göstərilən münasibətlə paralel bir oğlana olan münasibət arasında fərqlər var. Bu münasibət gender bərabərliyinin pozumasına və gələcəkdə demoqrafik problemlərin yaranmasına səbəb olur. Düşünürəm ki, bu sahədə daha çox maarifləndirmə işləri aparmaq lazımdır. Maarifləndirmə dedikdə təkcə məlumatverici bukletlərin paylanılması ilə kifayətlənmək olmaz. Daha çox media və sosial şəbəkələr üzərindən insanların diqqətini düzgün istiqamətə yönəltmək lazımdır".

Psixoloq Gülər Məmmədova isə "AzPolitika.info"-ya şərhində bildirib ki, insanlar gender bərabərliyi mövzusuna müxtəlif prizmalardan yanaşır: "Gender bərabərliyi dedikdə qadın və kişi cinsləri arasındakı münasibətlərin araşdırılma konsepsiyası nəzərdə tutulur. Gender bərabərliyi feminin və maskulin keyfiyyətlərin öznəməxsusluğu olduğu təqdirdə özünü doğrultmaya da bilər. Bu bir konteksdir. Bəzi insanlar gender bərabərliyini böyük çaşqınlılqla qarşılayır. Bəziləri, ümumiyyətlə, o ifadəni eşitmək istəmirlər. Biz bilirik ki, qadın feminin, kişi isə maskulin keyfiyyətlər əsasında formalaşır. İnsanlar doğulur, müəyyən bir həyat yolu keçir və nəyi necə qavrayırsa, onu da sərgiləyir. Ailəsində mütəmadi psixoloji, fiziolji şiddət görən insanlar zamanla bunu öz ailəsində də göstərməyə çalışır. Bu da gender zorakılığının ortaya çıxmasına və demoqrafik problemlərin yaranmasına səbəb olur".

Ekspert qeyd edib ki, gender bərabərliyinin təmin olunması üçün qadın və kişi psixologiyası daha dərindən öyrənilməlidir: "Hər iki tərəf qarşılıqlı şəkildə psixologiyalarını öyrənməli və buna uyğun davranmalıdırlar. Cinsindən asılı olmayaraq, zorakılıq həmişə var. Bu insanın psixologiyasından, böyüdüyü mühitdən, aldığı tərbiyədən, genetik faktorlardan asılı olur ".

Elvin

"AzPolitika.info"

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;i" mövzusunda hazırlanmışdır.


635x100

Şərhlər

Watchman 2022-06-18 23:24:40

Özlərini ana adlandıranların öz döğma uşaqlarına olan şiddətindən niyə danışmırsız?

t.ədalət 2022-06-18 16:14:09

Tərbiyəsiz qadının gözü orda-burda olur.O,ana olsa da analıqdan uzaqdır.Milli təəssübkeşlik də əxlaqlı qadınların hesabına formalaşır....

Son yazılar