Menu

PUTİNİN DOSTUNUN TƏHLÜKƏLİ ”UKRAYNA MƏNTİQİ”... – Və ya Rusiya işğalına haqq qazandırmaq Azərbaycanın maraqlarına uyğundurmu?

22.06.2022, 20:35
PUTİNİN DOSTUNUN TƏHLÜKƏLİ ”UKRAYNA MƏNTİQİ”... – Və ya Rusiya işğalına haqq qazandırmaq Azərbaycanın maraqlarına uyğundurmu?

“Bu günə qədər də bu suala cavab verilmir ki, niyə 24 fevraldan əvvəl Ukrayna hökuməti özünün neytral statusunu saxlayacağını bildirmədi?! Müharibədən əvvəl başda ABŞ olmaqla bir çox Qərb dövlətləri, həm də Ukrayna tərəfi bu ölkənin NATO üzvü olacağına dair ard-arda bəyanatlar verirdilər. Hərbi əməliyyatlar başlayandan sonra isə məlum oldu ki, NATO heç Ukraynanın bu bloka üzv olmasını istəmir. Ukrayna da artıq bundan sonra bəyanat verdi ki, bloklara qoşulmamaqla bağlı öhdəlik götürməyə hazırdı. Bundan əlavə, Ukrayna Prezidentinin ölkəsinin nüvə silahı əldə etmək istəyi ilə bağlı bəyanat verməsinin səbəbi nə idi?! Ukraynanın on minlərlə ordunu nəzarətində olmayan Donbasla sərhədə yığaraq “biz Donbasın qalan hissəsini və Krımı müharibə ilə geri qaytaracağıq” kimi bəyanatları münaqişənin həlli prosesinə necə müsbət təsir göstərə bilərdi?!”

Bu, bir neçə gün əvvəl mətbuata müsahibə verən iş adamı, hüquqşünas və “Putinin dostu” kimi tanınan, eləcə də iyunun 2-də Rusiya Elmlər Akademiyasının akademiki adı verilən İlham Rəhimovun fikirləridir. Yəni ki, hər şeydən, bütün imkanlarından və titullarından öncə azərbaycanlı, Azərbaycan vətəndaşı adı daşıyan bir adamın.

O Azərbaycanın ki, özü 30 il işğalçılıqdan, separatizmdən, ikili standartlardan, beynəlxalq hüququn tapdalanmasından əziyyət çəkib və ona qarşı bütün bu haqsızlıqların başında isə Ermənistanın əsas himayədarı olan Rusiya durub. İndi bu adam məlum maraqlar səbəbindən, özünün bacardığı səviyyədə Rusiyanın Ukraynaya qarşı açıq işğalçılıq müharibəsinə haqq qazandırır.

Nəinki hüquq professoru, hətta hüquq fakultəsinin adi birinci kurs tələbəsi də bilir ki, Rusiyanın Ukraynaya qarşı başlatdığı qanlı savaş bütün beynəlxalq hüquq normalarına, dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə, insanların adi yaşamaq haqlarına qarşı ağır cinayətdir!

Rəhimovin dediklərindən belə çıxır ki, Ukrayna mütləq neytrallığını elan etməli, NATO-ya getməyəcəyini bildirməli, özünün haqq-halal, beynəlxalq birlik tərəfindən tanınan, lakin Qarabağda olduğu kimi, separatçıların uzun illərdir at oynatdığı ərazilərinin sərhədinə qoşun toplamamalı, danışıqlar heç bir nəticə vermədiyi üçün həmin əraziləri hərbi yolla azad etmək niyyətini bildirməməli idi.

Niyə, cənab hüquqşünas? Bəlkə ona görə ki, sadəcə, Rusiya kimi işğalçı, qanun, haqqq-ədalət tanımayan, qonşularını dövlət, xalq, millət yerinə qoymayan, hələ də orta əsrlərin imperiya təfəkkürü ilə yaşayan, geridə qalmış, korrupsiyalaşmış, minlərlə cinayətlərə bulaşmış hakimiyyətə malik qonşusu var? Ukraynanın faktiki işğal olunmuş ərazilərini “Ukraynanın nəzarətində olmayan ərazi” adlandıran hüquq “akademikin”dən soruşan lazımdır ki, axı hansı beynəlxalq hüquq, norma, prinsip Ukraynanın tam legitim qərar və addımlarına məhdudiyyət qoyur? Niyə onun, yaxud hər hansı bir digər müstəqil dövlətin istədiyi beynəlxalq təşkilata qəbul olunmaq, azad cəmiyyətə, iqtisadiyyata, xarici siyasətə malik olmaq hüququ olmamalıdır?

Rəhimovun irəli sürdüyü məntiq eyni ilə Qarabağın uzun illər Rusiyanın himayə etdiyi separatçıların işğalında saxlanmasına haqq qazandırır və belə çıxır ki, Azərbaycanın da öz ərazilərini hərbi yolla azad edəcəyinə dair bəyanatlar verməsi, həmin əraziyə öz silahlı qüvvələrini toplaması doğru olmayıb. Deməli, Azərbaycan da Rusiyadan soruşmamış hansısa beynəlxalq təşkilata, birliyə daxil olmağa can atmamalıdır və sair. Unutmayaq ki, bu məntiq həm də Azərbaycanın dövlət maraqları və xarici siyasəti ilə daban-dabana ziddir!

Nəhayət, axı Putin özü son çıxışlarının birində özünü I Pyotra bənzədərək, etiraf etdi ki, əsas məqsədi Rusiyanın “tarixi torpaqlarını” qaytarmaqdır. Bundan artıq nə deməli və nə etməlidir ki, onun idarə etdiyi dövlətin əsl niyyətlərini anlayasan?! Belə bir dövlət siyasətinin hər hansı azərbaycanlı tərəfindən dəstəklənməsi isə onun bütün yaxşı əməllərinə baxmayaraq, istər-istəməz çaşqınlıq, hətta ikrah hissi yaradır.

Putin Rusiyasının apardığı siyasətin, törətdiyi əməllərin və bu zaman onun söykəndiyi prinsiplərin Azərbaycan kimi ölkələrin gələcəyi, inkişafı, təhlükəsizliyi ilə daban-daban zidd olduğunu anlamaq üçün nə böyük bir siyasətçi, nə də professor, yaxud hüquq akademiki olmağa ehtiyac yoxdur...

Yeri gəlmişkən, insanlara müharibəyə müharibə deməyin belə qadağan olunduğu Rusiya kimi ölkələrdə akademiklərin əsas etibarilə hansı prinsiplər əsasında seçilməsi, eləcə də onların kimə, nəyə xidmət etməsi barədə geniş şərh vermək mənasız olar. Ancaq Rəhimovun məhz bu arada, müharibənin qaynar vaxtında Rusiya Elmlər Akademiyasına akademik təyin olunması istər-istəməz müəyyən assosiasiyalar doğurur.

Məsələn, heç bir eyham vurmadan, qeyd etmək olar ki, İkinci Dünya müharibəsinin sonlarına yaxın, uduzduğunu və sonunun yaxınlaşdığını anlayan Hitler də kimə gəldi general, marşal, admiral və s. rütbələr paylayırdı...

Cəlal (Elxan) Məmmmədov

“AzPolitika.info”

Şərhlər

Rəşid 2022-06-23 17:59:43

Onun bu dövlət və millət üçün etdiyini siz rəy yazanların h

lala metin 2022-06-23 15:06:25

Roma papasından da artıq katolik olmaq istıyən məxluq

B.Qarabağlı 2022-06-23 09:58:16

Kim kimləri hara azdırır bilmirəm? Bu mülahizədə siyasət yox, bazlıq görünür. Üç dövlətin 10 noyabr təsdiqini bir dost düzləndirə bilərmi? Ya bu iqtisadçı dost digər yarımhaydan yaxın olsaydı, elə onun özünü Baş nazir təyin edərdi də? Bizim siyasət görünür hələ də anlamır ki, Kreml bizləri idarə etsə də, onun özünü belə məsələlərdə heç də ruslar yox, elə onlar idarə edirlər!?

Elmira 2022-06-23 08:31:19

Rəhimova haram olsun. Xain! Təşəkkür edirik Cəlal bəy!

Amon 2022-06-23 02:22:46

Bu da daha bir 5ci kolon numayendesi

uzaggoren 2022-06-23 01:24:20

tam raziyam Celal muellimnen cox gozel movzu yazib. men bu adami taniyiram onun ucun pul, var dovlet her seyden ustundur. 2000-ci ilde Putin Bakiya gelende onu ozu ile apardi Moskvaya. ..

Eli 2022-06-23 00:00:22

Bunun günahı odur ki,maddiyyatla siyaseti dıstluğa qarışdırıf ki bunlar ayri ayri meselelerdir yeni bunkar okan yerde miletçilik,meneviytat ve şexsiyyet pencereden çıxıb qaçır.

Vuqar Memmed.oglu 2022-06-22 20:08:51

Patrusev yaşda da sağlamlıqda da putindən çox geri qalır hələ + onunda komandasının ən vacib ünsürlərindən biridir!Necə olur ki,Putin gedir yerini Patrusevə verir?

Elcin 2022-06-22 20:04:50

Haram olsun bele corek

2+2=4 2022-06-22 18:00:40

Dünya siyasətində iki amil əsas faktordur – ağıl və güc; Hisslər, əxlaq, mənəviyyət yüksək siyasətdə 10-cu dərəcədən əhəmiyyətli amillərdir (əgər ümumiyyətlə amildirsə). Düşünürəm həmyerlimiz də bu adi həqiqəti çox gözəl bilir. Çox böyük ehtimalla Rusiya indiki mərhələdə Ukrayna müharibəsini uduzacaq, post-sovet respublikalarına nəzarəti büsbütün itirəcək, lakin özünün ərazi bütövlüyünü qoruyub saxlayacaq - rus şovinizmi/revanşızminin daha kəskinləşmiş vəziyyətində. Rusiyada yaşayıb, böyük biznesə malik olanlar post-konflikt, Patruşev idarəçiliyi dövrünə indidən hazırlaşırlar.

turan 2022-06-22 17:48:22

Qarabağda yaşayan erməni azlığına hərtərəfli dəstək verən Rəhimovun dostudur. Bunu heç kim yaddan çıxartmamalıdır

ilyas 2022-06-22 16:36:40

Bütün bunlar düzdür və qoyaq qırağa. Bu adam "Putinin dostu" olaraq fürsətdən istifadə edərk bu 22 ildə Azərbaycanın bir snıq barmağına "su" tökübmü və ya "su" tökmək heç ağlından keçibmi?

Türk Turan 2022-06-22 15:51:24

Cəlal bəyə sonsuz təşəkkürümüzü bildiririk, minnətdarıq. Allah sizi var, düşmənlərimizi yox eləsin.

Xeqani 2022-06-22 15:17:28

Bu da ikinci ramzan kadırovdur

Kasıb 2022-06-22 14:24:02

Bu da Putinin ..... birincilərdəndir

Mubariz 2022-06-22 14:00:42

Dürüst mövqenizə görə təşəkkürlər

t.ədalət 2022-06-22 13:41:38

Rusiya hərbiçiləri,başda İlham Rəhimovun dostu Putin olmaqla Azərbaycanın çoxsaylı əsgər və zabitlərini qətlə yetirib.Əgər belə bir vəziyyətdə kimsə özünü Putinin dostu hesab edərək öz millətinin tökülən qanına laqeydlik göstərirsə,onun kimliyini müəyyən etmək çətin deyil.İlham Rəhimov o adamdır ki,Putinin göstərişi ilə antitürk qurum olan fetoçuluq təşkilatına daxil olmaq üçün Rəbiyyət Aslanova ilə də evlənmişdi.

suleyman 2022-06-22 13:15:34

men bir vatandas olaraq Ruhulla m fikiririni dastalayiram

Ruhulla Əliyev 2022-06-22 12:44:02

İlham rəhimovun kim olduğu onun tanıuyanlar yaxşı bilir. Bu adam nəyi varsa Putinin hesabına əldə edib. İndi ağzı nədir durub Putinin əleyhnə nəsə desin. Bunun ağlı 62 yaşında gedib Rəbiyyətlə evlənəndə məlum idi. Başa düşmədi ki Rəbiyyət bununla proje evliliyi edib. İstəyini almayanda da qapını gösərdi. Belə ağıl sahibindən akademik olar? Rusiyaya xidmət etdiyi üçün əlavə bi titul da verilib. Bu cür adamlar Azərbaycan üçün Mehdiyevdən də təhlükəlidir. Çox sağ olun k, başqaları kimi 5-10 manata bunu məhd etmirsiz, əsl sifətini ifşa edirsiz!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol