XERSONUN İŞĞALI, DÖVLƏTƏ XƏYANƏT, KORRUPSİYA... - Zelenski yaxın dostunu niyə istefaya göndərir?

Ukraynada müharibənin başlamasından 4 ay keçməsinə baxmayaraq, hələ də Rusiyanın ilk günlərdəcə Xerson vilayətini və onun mərkəzini asanlıqla işğal etməsinin səbəblərilə bağlı qaranlıq məqamlar, müəmmalar qalmaqdadır. Çoxları həmin vilayətin təslim edilməsində Rusiyanın Ukraynadakı şəbəkəsinin əlinin olduğunu, vilayətin dövlət orqanlarının, güc strukturlarının xəyanəti nəticəsində işğal edildiyini bildirirlər. Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç də bir neçə dəfə açıqlama verib.

“AzPolitika.info” xəbər verir ki, ABŞ-ın “Politico” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın ətrafına və Kiyevdəki xarici diplomatlara istinadla maraqlı məlumat yayıb. 

Xəbərdə deyilir ki, Zelenski uzun illərdən bəri dostluq etdiyi İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidmətinin(SBU) rəisi vəzifəsindən azad etməyə hazırlaşır. Hazırda Prezidentin Bakanovu əvəzləyəcək şəxsin kimliyi üzərində düşündüyü qeyd olunur.

Mənbə bildirir ki, Ukrayna Prezidenti və yaxın ətrafı Bakanovun işindən narazıdır. Hesab olunur ki, xüsusilə Xerson vilayətinin və onun mərkəzi olan Xerson şəhərinin işğalına görə əsas günahkarlar məhz SBU-nun yerli idarəsinin rəhbərliyi, eləcə də qurumun mərkəzi aparatındakı bəzi yüksək rütbəli şəxslərdir.

Onların xəyanəti nəticəsində ruslar şəhəri asanlıqla işğal edə biliblər: “SBU-nun Xerson idarəsinin rəisi general Sergey Krivoruçko Zelenskinin əmrinin əksinə olaraq, rus qoşunlarının şəhərə hücumu öncəsi bütün əməkdaşların şəhərdən çıxması, təxliyə edilməsinə dair göstəriş verib. Onun köməkçisi İqor Sadoxin isə Krım istiqamətindən hərəkətə keçən rus işğalçılarının mina sahələrindən yan keçməsi üçün onlara bələdçilik edib. Həmçinin, düşmən aviasiyasının zərbələri üçün koordinatlar ötürüb”.

Zelenski bundan sonra hər iki zabiti vəzifədən və rütbədən məhrum edərək, onlara qarşı cinayət işi başladılması barədə göstəriş versə də, artıq gec olub...

Xersondakı uğursuzluğun ən əsas səbəblərindən biri isə şəhərə girişi təmin edən əsas körpü olan Antonov körpüsünün vaxtında partladılmaması olub. Bu da SBU-nun ayağına yazılan uğursuzluq, hətta xəyanət hesab olunur.

Belə ki, körpünün partladılması məhz Ukrayna Təhlükəsizlik Xidmətinə tapşırılmışdı. Lakin hansı səbəbdənsə əmr yerinə yetirilməmişdi. Bu da rus qoşunlarının asanlıqla şəhərə girməsinə şərait yaratmışdı.

Bütün bunlara görə ilk növbədə qurumun rəhbəri olan İvan Bakanov məsuliyyət daşıyır. İndi isə məhz bu uğursuzluğun nəticələrini aradan qaldırmaq üçün minlərlə, on minlərlə Ukrayna hərbçisi Xerson uğrunda qanlı döyüşlər aparmaq məcburiyyətində qalıb...

SBU-dakı ciddi problem və çatışmazlıqlar bunlarla da məhdudlaşmır. Məsələn, Bakanovun təşkilatındakı korrupsiya ilə mübarizə idarəsinin rəisi olan general Andrey Naumov işğal başlamazdan bir neçə saat əvvəl Ukraynadan qaçıb. Onun Rusiya xüsusi xidmət orqanlarına çalışdığına dair ciddi şübhələr var və hesab olunur ki, məhz o, Çernobıl AES barədə məxfi məlumatları Moskvaya ötürüb. Zelenski onu da bütün rütbə və vəzifələrdən məhrum edib və barəsində axtarış elan olunub. Ancaq onun əməllərinin dövlətə vurduğu ziyan bu tədbirlərlə heç cür neytrallaşdırıla bilməz.

O da qeyd olunur ki, Ukraynadan qaçan həmin satqın general Naumov iyunun 7-də Şimali Makedoniya sərhədində həbs olunaraq, ələ keçirilib. Onun avtomobilində 600 min avro və 125 min ABŞ dolları, eləcə də bahalı zinət əşyaları aşkarlanıb. Hazırda bu Rusiya agentinin Ukraynaya ekstradisiyası gözlənilir.

Göründüyü kimi, Rusiya xüsusi xidmət orqanları Ukraynaya qarşı işğaldan öncə özünün bu ölkədəki agentura şəbəkəsini işə salaraq, ondan maksimum istifadə etməyə çalışıb. Lakin əksər ekspertlər hesab edirlər ki, Moskva bu şəbəkə vasitəsilə elə ilk günlərdəcə daha böyük uğura ümid etsə də, yalnız Xerson istiqamətində istədiyinə nail ola bilib. Digər istiqamətlərdə yerli satqınlardan istifadə cəhdləri uğursuzluğa düçar olub və SBU bir çox əməliyyatların qarşısını almağa, Rusiyanın agentura şəbəkəsinə güclü zərbə vurmağa nail olub.

Lakin göründüyü kimi, bu nəticələr Zelenskini və onun yaxın ətrafını qane etmir. Bu səbəbdən də “Politico”-nun məlumatına görə, Prezidentin ən yaxın dostlarından sayılan Bakanov vəzifəsilə vidalaşmalı olacaq. Bu strateji posta kimin təyin olunacağı məsələsi isə hələ ki, açıq qalır.

C.Məmmədov

“AzPolitika.info”   

635x100

Şərhlər

lala metin 2022-06-24 21:31:14

Allah bilir bizdə nə qədər Naumovlar var

t.ədalət 2022-06-24 12:35:06

Rusaiya ordusu heç vaxt üz-üzə döyüşlərdə iştirak edə bilmir,qorxur.Ona görə də artilleriya və uzaqvuran raket sisteümlərindən istifadə edir,əsasən dinc əhalini öldürməklə vahimə yaratmağa çalışır.....

Son yazılar