BAKIYA DANIŞIQLARI HANSI FORMATDA DAVAM ETDİRMƏK SƏRFƏLİDİR? - Rusiyanın, yoxsa Qərbin egidası altında?...

İyunun 23-24-də Rusiya Xarici işlər naziri Sergey Lavroun Azərbaycana gerçəkləşdirdiyi səfərdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Rəsmi məlumata görə, Prezidentlə söhbətində Ş.Mişel Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunmasının Avropa İttifaqı üçün vacibliyini vurğulayıb.

O, Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib. Prezident İlham Əliyev də danışıqların real nəticələrə gətirib çıxaracağına ümidvar olduğunu ifadə edib.

Lavrovun səfəri iki mühüm nəticə ilə yadda qalmışdı. 

Birincisi, o danışıqlar prosesinin Minsk qrupunun egidası altında aparılmasına qarşı çıxıb, deyib ki, artıq vasitəçilər qrupu fəaliyyət göstərmir. Bu mövqe rəsmi Bakının maraqları ilə üst-üstə düşür.

Xatırladaq ki, ABŞ və Avropa İttifaqının bu mövqeyinə görə Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında planlaşdırılan görüş baş tutmayıb, Bakı bu görüşdən imtina edib.

İkincisi, Rusiya XİN rəhbəri 10 noyabr razılaşmasına uyğun olaraq nəqliyyat və kommunikasiyaların açılması məsələsində ciddi irəliləyiş olduğunu açıqlayıb. Onun azərbaycanlı həmkarı Ceyhun Bayramov da bu uğuru təsdiqləyib.

Bundan sonra Rusiyada nəşr olunan "İzvestiya" qəzetində Zəngəzur dəhlizinin əsasən razılaşdırıldığı, 6 km. hissədən başqa yolun texniki əsaslandırmasının hazır olduğunu yazıb. Bu məsələ də Azərbaycanın maraqları baxımdan vacibdir.

Diqqətçəkən başqa bir məsələ isə Lavrovun səfərindən sonra Qarabağdakı separatçı rejimin Laçın şəhəri və ətraf kəndlərdən ermənilərin çıxarılacağı ilə bağlı açıqlamasıdır. Bir qədər əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan da erməni əhalinin köçürülərək dövlət hesabına mənzillə təmin olunacağını bildirib.

Xatırladaq ki, Lavrovun Bakı səfərindən bir gün əvvəl Azərbaycanın müharibədən sonra inşa etməyə başladığı, Xankəndi ilə Ermənistan birləşdirəcək yeni yolun görüntüləri yayılıb. Bildirilir ki, artıq yola asfalt döşənməsi prosesi həyata keçirilir və qısa müddətdə magistral istismara hazır olacaq. Amma Ermənistan hələ də bu yolun öz ərazilərindən keçəcək hissəsində heç bir iş görməyib.

Beləliklə, iki fərqli mənzərə yaranıb: Avropa İttifaqının ötən ilin dekabrından başlatdığı prosesdə durğunluq yaranıb və burada başlıca səbəb Qərbin "status", "Minsk qrupu" tələblərində israrlı olmasıdır.

Yeri gəlmişkən, ABŞ Minsk qrupuna yeni həmsədr də təyin edib. Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan edib ki, Rusiya ilə əməkdaşlığa da hazırdırlar.

İkinci fərqli situasiya Rusiyanın əvvəlki mövqeyində hiss olunan dəyişkənlikdir. Bu, həm Minsk qrupundan imtinada, həm də 10 noyabr razılaşmasının icrası istiqamətində yuxarıda qeyd olunan bəzi addımların atılmasında ifadə olunur.

Azərbaycan burada normallaşma prosesinin Rusiyanın, yoxsa, Qərbin egidası altında aparılması arasında seçim etməli olacaq. Doğrudur, hər iki tərəf 10 noyabr üçtərəfli bəyanatını münaqişənin həlli üçün başlıca əsas sayırlar. Amma Ukrayna müharibəsindən doğan geosiyasi ziddiyətlərin düşmənçilik müstəvisinə çıxması belə bir əməkdaşlığı istisna edir.

Politoloq Azər Qasımlı hesab edir ki, strateji olaraq ümumən regiona Avropa İttifaqının güclənməsi fayda verər: "Ancaq hazırda Azərbaycan və Ermənistan razılaşsa da, Rusiya ordusunu oradan çıxarmayacaq, hətta Brüssel dəstək versə də”.

Onun fikrincə, gələcək üçün Avropa İttifaqı daha faydalıdır: “Avropa İttifaqının də bölgəyə hərbi kontingent yeritmək marağı yoxdur".

A. Qasımlının sözlərinə görə, Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması da Avropa İttifaqının formatında mümkündür: "Rusiyanın danışıqlar formatında bunu görməmişik. Sadəcə, Rusiya bölgədən çıxıb ərazini Azərbaycanın bölgəsi kimi tanıya bilər. Bunun müqabilində Rusiya sülhməramlılarına hərbi baza istəyəcək".

Politoloq Elxan Şahinoğlu isə bildirir ki, Avropa İttifaqının təklif etdiyi çərçivə daha faydalı ola bilərdi: "Amma reallıq da bundan ibarətdir ki, Rusiya Brüsselin təkbaşına vasitəçilik etməsinə imkan verməyəcək. Ona görə də biz Moskvanın siyasətini nə qədər tənqid etsək də məcburuq Rusiyanın da vasitəçiliyini qəbul edək. İkili format daha məqbuldur: zaman-zaman hər iki tərəfindən vasitəçiliyindən istifadə etmək".

Ekspert Prezident İlham Əliyevin ABŞ Prezidenti Co Baydenə məktubunu xatırladaraq deyir ki, dövlət başçısı ona da Vaşinqtonun prosesdə vasitəçi olmasını təklif edib: "Dövlət Departamentinin Minsk qrupunun qalmasında israr etməsi əslində proseslərin gedişatına mane olur. Bu, bizim maraqlarımıza da ziddir. Amma ABŞ-ın özünün prosesə qoşulması yaxşı olar. Çünki bu halda Rusiya vasitəçilikdə təkbaşına inhisarçı mövqedən çıxış edə bilməyəcək".

Rasim

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar