Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğını Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər, qüvvələrin koordinasiyalı və effektiv tətbiqi sayəsində nəzarətə götürmək mümkün olub. Bu barədə FHN xəbər verib.
Hazırda ətraf ərazilər, o cümlədən ictimai-iaşə və kommunikasiya obyektləri üçün təhlükə yoxdur. Yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Həmçinin, Şabran rayonunun Təzəkənd - Daşlı yataq - Söhbətli kəndləri istiqamətində baş vermiş yanğın nəzarətə götürülüb və hazırda soyutma tədbirləri görülür.
Yanğınla mübarizə tədbirlərinə ümumilikdə FHN-in Aviasiya dəstəsinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Xaçmazda meşə yanğını məhdudlaşdırılıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, meşə massivində baş verən yanğın məhdudlaşdırılıb və tam söndürülməsi istiqamətində işlər davam etdirilir.
Həmçinin Xaçmazda meşə yanğını ilə əlaqədar bağlanan Xaçmaz-Xudat yolu da açılıb.
Yanğınla bağlı yolda avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
***
Xaçmaz rayonunda yanğın baş verən ərazidəki mülki şəxslər təxliyə edilib və bütün mülki obyektlər yanğından mühafizə edilib.
"Report"un Şimal bürosunun məlumatına görə, bu sözləri FHN-nin Şimal Regional Mərkəzin baş zabiti Ramil Güliyev bildirib.
O, qeyd edib ki, hazırda yanğının söndürmə işləri davam etdirilir.
Yanğın olan əraziyə FHN-nin Şimal Regional Mərkəzinin, Xaçmaz rayon İcra Hakimiyyətnin və Xaçmaz rayon Polis Şöbəsinin şəxsi heyəti və canlı qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında meşəlik ərazidə baş vermiş yanğının söndürülməsini sürətləndirmək və yanğının sahəsinin daha da genişlənməsinin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nazirliyin Aviasiya dəstəsinin iki helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə işlərinə cəlb olunub.
Əlavə məlumat veriləcək.
***
Xaçmaz rayonunda yanğın nəticəsində ərazidən keçən yüksək gərginlikli elektrik xətti qırılıb.
"Report-un Şimal bürosu xəbər verir ki, nəticədə Xaçmaz şəhərinə və ətraf kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
15:16
***
Xaçmaz-Xudat avtomobil yolu bağlanıb. Buna səbəb Xaçmaz rayonunun Müzəffəroba kəndi yaxınlığında baş verən yanğın hadisəsidir.
Məlumata görə, hazırda Gəndob-Yalama yolu istiqamətindən keçən hissədə müvəqqəti postlar qurulub, nəqliyyat vasitələri alternativ yollara yönləndirilir.
Güclü külək yeni yanğın ocaqlarının yaranmasına səbəb olur, bu səbəbdən qabaqlayıcı tədbirlər görülür.
Ərazidəki istirahət mərkəzinin və yanacaqdoldurma məntəqəsinin əməkdaşları təxliyə olunub
***
Xaçmaz rayonunda meşə massivində güclü yanğın başlayıb. "Report"un Şimal bürosu xəbər verir ki, yanğın Xaçmaz-Xudat yolunun Müşkür kəndindən keçən hissəsində, yolun hər iki tərəfinin kənarında yerləşən ərazidə qeydə alınıb.
Alovun qarşısını almaq üçün əraziyə Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Xaçmaz Rayon Polis Şöbəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər
Jurnalist məktəbdə Azərbaycan dilindən 2 aldığı üçün yəqin bu peşəni seçib
Həmin o Müzəffəroba kəndi civarında kömürbasdıranlar qəbiləsi yaşayırsa yay aylarında meşəlik ərazilərin yandırılması məntiqlidir.Sağlam ağacları kəsməyə ekologiya nazirliyi icazə vermir,ona görə də sezon gəlhagəldə ağaclara od vurub qaçırlar kömürçülər,yanmış ağac artıq yararsız olduğundan kəsilməli olur.Beləcə kəsib aparırlar kömür düzəltməyə ki,sonra şadlıq saraylarına kömür satsınlar ki,onlar da toyxana əhlinə kabab bişirsinlər.Əl əli yuyur,əl də üzü.Çünki oldun kababçı,çağır gəlsin kömür Koroğlu.Özü də ağaclara qənim kəsilənlər həmişə o yerlərə haralardansa gələnlər olur,heç bir yerli adamın əli gəlməz öz meşəsinə od vurmağa.