Menu

Avropa Azərbaycan qazının hər 1000 kub metrinə 807 avro ödəyir - Hesabat açıqlandı

12.07.2022, 16:41
Avropa Azərbaycan qazının hər 1000 kub metrinə 807 avro ödəyir - Hesabat açıqlandı

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 23,4 milyard kubmetr qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 15,1% (3,1 milyard kubmetr) çoxdur.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Qazın 3,9 milyard kubmetri SOCAR üzrə, 6,9 milyard kubmetri AÇG-dən, 12,6 milyard kubmetri “Şahdəniz”dən hasil edilib.

Hesabat dövründə xaricə qaz satışı 11,2 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7% çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə 4,3 milyard kubmetr, Avropaya 5,4 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb.

Bu müddətdə Türkiyəyə TANAP-la 2,9 milyard kubmetrə yaxın qaz nəql olunub. BTC boru kəməri sisteminə 55 milyon kubmetr qaz verilib.

Avropa Komissiyasının (AK) Avropa qaz bazarındakı vəziyyətə dair rüblük hesabatında isə bildirilir ki, 2022-ci ilin birinci rübündə Avropa İttifaqı (Aİ) ölkələrinin Trans-Adriatik qaz boru kəməri (TAP) vasitəsilə Azərbaycandan tədarük olunan qazın alınması üçün xərcləri 2,1 milyard avro təşkil edib.

Hesabatda qeyd olunur ki, ümumilikdə, 2022-ci ilin ilk aylarında Aİ qaz idxalına təxminən 78 milyard avro xərcləyib ki, bunun da 26,5 milyard avrosu Rusiyadan, 19,2 milyard avrosu Norveçdən, 5,4 milyard avrosu Şimali Afrikadan (Əlcəzair və Liviya), 2,1 milyard avro - TAP çərçivəsində alınmış mavi yanacağa xərclənib. LNG şəklində Rusiya, Norveç və Şimali Afrikadan mayeləşdirilmiş təbii qazın tədarükü daxil olmaqla Aİ 2022-ci ilin birinci rübündə təxminən 33 milyard avro həcmində qaz idxal edib.

Hesabata görə, bu ilin birinci rübündə TAP vasitəsilə qaz nəqlinin xüsusi çəkisi bir il əvvəlki 1,2 faizə qarşı ümumi tədarükün 2,5 faizini təşkil edib.

"TAP Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Azərbaycanın qaz ehtiyatlarına çıxışı təmin edir ki, bu da Aİ-nin qaz təchizatı təhlükəsizliyi siyasətinin mühüm nəticəsidir”, - AK hesabatında vurğulanır.

Tədqiqatda Azərbaycan qazının rəqabətqabiliyyətliliyi qeyd edilir ki, bu da hesabat müəlliflərinin qazın qiyməti spot qiymətlərdən aşağı olan uzunmüddətli müqavilələrlə əlaqələndirilir.

Xatırladaq ki, Azərbaycan qazının TAP qaz kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Avropaya qaz ixracının 10 milyard kubmetrdən çox olacağı proqnozlaşdırılır.

"Caspian Barrel"in məlumatına görə, 2022-ci ilin birinci rübündə Avropa Azərbaycan qazını 1000 kubmetri orta hesabla 807,69 avro qiymətinə idxal edib.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol