Menu

Almaniya hökumətində həyəcan – Rusiya 10 gün sonra qaz nəqlini bərpa edəcəkmi?

12.07.2022, 16:43
Almaniya hökumətində həyəcan – Rusiya 10 gün sonra qaz nəqlini bərpa edəcəkmi?

Rusiya illik təmir işləri ilə əlaqədar iyulun 11-dən “Şimal axını-1” kəmərilə Almaniyaya təbii qaz tədarükünü 10 gün müddətinə dayandırdığını bildirib. Alman mediası yazır ki, ölkədə Kremlin Berlini Ukraynaya dəstəyə görə cəzalandırmaq üçün bu fasiləni uzatmağa səbəb tapacağı, yaxud bunu yaradacağından ehtiyatlanırlar. Kanada hökuməti isə iyulun 10-da bəyan edib ki, “Şimal axını 1” qaz kəmərinin təmir olunmuş turbinini Almaniyaya qaytaracaq.

Turbin əvvəlcə Almaniyaya göndəriləcək, daha sonra kəmərin operatoru “Qazprom”a transfer olunacaq. Beləliklə də Kanada Qərbin Rusiyaya sanksiyalarını pozmayacaq.

“Qazprom” ötən ay “Şimal axını-1” kəmərinin gücünü normal səviyyənin 40 faizinə qədər azaldıb. Almaniyanın “Siemens Energy” şirkətinin Kanadada təmir etdiyi avadanlığın qaytarılmasında yubanmanı buna səbəb göstərib. Moskva iyulun 8-də açıqlamışdı ki, turbin qaytarılsa, Avropaya qaz tədarükü artırılacaq.

“Şimal axını-1” üzərində iş çoxdan planlaşdırılırdı. Ancaq Qərbdə bəziləri xəbərdarlıq edirlər ki, Rusiya Prezidenti Vladimir Putin enerji təchizatından siyasi silah kimi istifadə edə bilər.

“Putin qaz kranını bağlayacaq… ancaq onu yenidən açacaqmı?” – Almaniyanın “Bild” qəzeti vebsaytında yazır.

“Görünməmiş vəziyyətlə üzləşmişik – hər şey mümkündür”, – Almaniyanın vitse-kansleri Robert Habek “Deutschlandfunk” radiosuna deyib. “Qaz yenidən, əvvəlkindən də çox axa bilər. Heç nə gəlməyə də bilər. Ən pis ssenariyə vicdanla hazırlaşmalı, vəziyyəti idarə etmək üçün mümkün olanı etməliyik”, – o vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın nefti və qazından siyasi təzyiq kimi istifadə etmədiyini deyib, kəsilməni mütəmadi, planlaşdırılmış tədbir adlandırıb.

“Şimal axını-1” Baltik dənizinin dibiylə Rusiyadan Almaniyaya ilə 55 milyard kubmetr qaz nəql edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol