“Müsavat partiyasında keçiriləcək bugünkü tədbirdə Qubad İbadoğlunun arayışı əsasında Mərkəzi-Nəzarət Təftiş Komissiyasının cavabına münasibət bildiriləcək”.
Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Tural Abbaslı deyib.
O vurğulayıb ki, tərəfdarlarının seçkilər barədə sual və iradı yoxdur: “Odur ki, bizim bu günkü görüşdəki iştirakımızla əvvəlcə qoyduğumuz mövqe uyğun olmaya və düz anlaşılmaya bilər. Buna görə də yəqin ki, biz bu görüşdə iştirak edəçəyik. Ancaq yəqin ki, növbəti görüşü biz də Qubad bəylə birlikdə təşkil edəcəyik. Və orada konkret fraksiya barədə müzakirələr aparılacaq. Hətta, ola bilər ki, fraksiya yaradılması istiqamətində işçi qrupu da yaradılsın”.
Müsavat partiyasının daha bir üzvü Səxavət Əlisoy isə Q.İbadoğlunun təşəbbüsü ilə keçiriləcək tədbirdə iştirak edib-etməməsi ilə bağlı konkret qərar vermədiyini vurğulayıb: “Hələ qərar verməmişəm. Müsavatda indi saxtakarlıqda ittiham olunanlar və saxtakarlıqla barışmayanlar var. Saxtakarlıq varsa, Müsavatın təməl prinsiplərindən biri olan ləyaqətçilik ayaqlar altına atılıb. Fikrimcə, saxtakarlığı qəbul etməyənlər asanlıqla təslim olmayacaq, mübarizə aparacaq və təbii ki, saxtakarlar da dirəniş göstərəcək. Bu gün mübarizənin finalı olmasa da, yarımfinalı oynanılacaq. Son söz, yəni, kimin saxtakarlarla qalacağı, kimin isə saxtakarlığı şəxsiyyətinə sığışdırmadığı üçün gedəcəyi finalda olacaq. Bunun adına istefa da demək olar”.
Xatırladaq ki, noyabrın 8-də saat 17.00-da Müsavat partiyasının Mərkəzi qərargahında Qubad İbadoğlu tədbir keçirəcək.
Tədbirdə nizamnamə pozuntuları ilə bağlı hazırlanan arayışa Müsavat partiyası MNTK-sının verdiyi rəyə də münasibət açıqlanacaq.

Şərhlər