Menu

“Bu strategiyanı reallaşdırmaqla Azərbaycan daha da güclənəcəkdir” – Professorun yazısı

23.07.2022, 11:46
“Bu strategiyanı reallaşdırmaqla Azərbaycan daha da güclənəcəkdir” – Professorun yazısı

Şəfa Əliyev

Sumqayıt Dövlət Universitetinin professoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru.

Müasir dövrdə dünya səviyyəsində siyasi-iqtisadi transformasiyalar və kataklizmlər, qlobal böhranlar dərinləşməkdədir. Qlobal təhdidlər dünya iqtisadiyyatına və onun bazis sütunlarına sarsıdıcı zərbələr vurmaqdadır. Artıq qlobal resessiya qapını döyməkdədir, belə ki, dünya ölkələrinin iqtisadi əsasları təhdidlərlə üz-üzə qalmışdır.

Azərbaycan dövlət başçısının uzaqgörən sosial-iqtisadi siyasəti nəticəsində son illərdə milli iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində, onun qeyri-neft sektoru hesabına diversifikasiyalaşdırılmasında önəmli addımlar atmışdır. İqtisadiyyatın müxtəlif perspektiv sektorlarının imkanlarından səmərəli istifadənin təmin edilməsi üzrə strateji yol xəritələrinin reallaşdırılması intensiv fazaya keçmişdir. Digər tərəfdən, 2030-cu ilədək olan dövrü əhatə edən Milli Prioritetlərin reallaşdırılmasına başlanılmışdır və məqsəd qlobal təhdidlərə dayanıqlılıq nümayiş etdirən milli iqtisadi sistemin yaradılması və ölkə əhalisinin həyat şəraitinin maksimum yüksəldilməsidir.

Ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi bu dövrdə Azərbaycanda çoxsahəli inkişafın yeni keyfiyyət səviyyəsinə yüksəlməsində önəmli rol oynayacadır. Strategiyada başlıca hədəflər kimi milli iqtisadiyyatın dayanıqlılığının gücləndirilməsi, inklüziv inkişafın təmin olunması, rəqabətqabiliyyətli açıq iqtisadiyyat modelinin daha geniş şəkildə tətbiq edilməsi nəzərdə tutulmuşdur. Gözlənilən nəticələr baxımından milli iqtisadiyyatın hər il orta hesabla 3-4 faiz artması proqnozlaşdırılır. Bundan əlavə, son illərdə milli iqtisadiyyatın artımında önəmli rol oynayan və mühüm əhəmiyyət kəsb edən qeyri-neftqaz sektorunun ölkə ÜDM-də orta illik payı 5 % artacaqdır. Digər başlıca məqam isə bu proseslərdə özəl sektorun inkişafının daha da intensivləşdirilməsi və iqtisadiyyatda bu sektorun payının 88 faizə qədər yüksəldilməsindən ibarətdir.

Sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin daha da genişləndiriləcəyi hədəflənmişdir. Belə ki, bu məqsədlər üçün yönəldilən maliyyə vəsaitinin 25-30 faizinin mikro, 35-45 faizinin kiçik, 25-35 faizinin isə orta sahibkarlara yönəldilməsi hədəf kimi götürülmüşdür. Qlobal ərzaq problemlərinin artdığı bir dövrdə daha geniş bir çeşiddə və həcmdə kənd təsərrüfatı məhsullarının istehsal edilməsi üçün orta illik artım 4 faiz nəzərdə tutulmuşdur. İxracın strukturunun genişləndirilməsi və neftqaz ixracı ilə bərabər, digər ixrac məhsullarının istehsalının artırılması və daha çox dünya bazarlarına çıxarılması üçün qeyri-neftqaz sənayesinin orta illik artımın 8,3 faiz təmin edilməsi vəzifəsi qarşıya qoyulmuşdur. Bu sırada yeni yaradılan sənaye zonalarının rolu daha qabarıq olaraq ön plana çıxacaqdır və həmin zonalarda istehsal olunan məhsulların payı qeyri-neftqaz sənaye məhsulları istehsalında 15 faiz, qeyri-neftqaz sənaye ixracında isə 25 faiz təşkil edəcəkdir.

Bu göstərilən və digər nəzərdə tutulan hədəflər ölkə iqtisadiyyatının dayanıqlılığını daha da artıracaq və ümumilikdə Azərbaycanda sosial-iqtisadi inkişafın yeni mərhələyə qaldırılmasına ciddi təkanlar verəcək, əlavə stimullar yaradacaqdır. Nəticədə Azərbaycan 2026-cı ilə qədər nəzərdə tutulan sosial-iqtisadi inkişaf Strategiyasını həyata keçirməklə, regionda lider dövlət və dünyada daha qüdrətli dövlətlər sırasında yerini möhkəmləndirməklə bərabər, həm də yüksək rifah cəmiyyəti olan ölkə kimi güclənəcəkdir. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol