“YENƏ GÜC GÖSTƏRMƏLİYİK...” – Zəngəzurla bağlı danışıqlardan imtina etməliyik”

“20 aydan çoxdur ki, İkinci Qarabağ müharibəsi bitib, amma ortada real sülh yoxdur və aparılan danışıqlar da nəticə vermir. Azərbaycan qalib ölkə kimi tezliklə sülh müqaviləsinin imzalanmasına çalışır, Ermənistan və Rusiya isə prosesi uzadır və aparılan üçtərəfli, ikitərəfli danışıqlar sanki sonsuza kimi davam edəcəyi təsiri bağışlayır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl müharibədən sonra yaranmış situasiyanı və durğunluqdan çıxış yollarını şərh edərkən bildirib.

“Qarabağ münaqişəsinin 1994-cü il atəşkəsindən sonra hansı beynəlxalq proseslərdən keçdiyini bilirik. Lissabon sammiti, Madrid prinsipləri, yeniləşən Madrid prinsipləri, Kazan görüşü, Aprel döyüşləri və sonradan imzalanan yeni atəşkəs müqaviləsi və Minsk Qrupu vasitəçilərinin saysız -hesabsız görüşləri, daha nələr... Amma məsələni U dönüşü həll etdi. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində nəinki Qarabağ münaqişəsində, hətta Cənubi Qafqazda tam yeni siyasi mənzərə, dövr yaratdı. Geosiyasi qlobal güclər də bu müharibənin nəticələri ilə hesablaşıb, siyasətlərinə ciddi korrektələr etdi. 26 illik sülh danışıqları dayandı və 44 günlük savaş Qarabağ siyasətində kəskin dönüş yaratdı”, - ekspert xatırladır.

İ.İsmayılın sözlərinə görə, indi 20 aydır ki, sərhədlərin müəyyənləşməsi üçün delimitasiya və demarkasiya danışıqları aparılır, hətta konkret razılaşmalar var, amma praktik olaraq heç bir nəticə yoxdur və yaxın zamanlara da reallaşacaq bir proses görsənmir: “İkinci tərəfdən Zəngəzur dəhlizi, yolu, nəqliyyat kommunikasiya maneələrinin aradan qaldırılmasına xüsusi fokuslanmaya baxmayaraq, burada da çoxlu söhbətlər, nikbin proqnozlar verilsə də, yenə həyata keçən bir razılaşma, verilən vədə əməletmə yoxdur. Azərbaycan da Moskva, Brüssel görüşlərindən sonra bir müddət nikbin notlara köklənir, amma qarşı tərəfin süründürmə siyasətindən başqa hələ ki, heç nə görmür. Faktiki olaraq Ermənistan siyasiləri də, cəmiyyəti də Zəngəzur dəhlizini xüsusi mataha mindirir, birmənalı fikir söyləmir, hətta şantaj vasitəsi kimi istifadə edir. Erməni siyasiləri kommunikasiyalarda mövcud maneələrin aradan qaldırılmasına etiraz etmənin perspektivi olmadığını, bölgəni “əbədi blokada saxlamağın mümkün olmaycağını” etiraf etsələr də, əvəzində bərabər hüquqlu kommunikasiyalar əldə etmək şərtlərini irəli sürürlər - yəni Laçın yoluna əbədi dəhliz statusu istəyirlər. Erməni siyasətçilər fəxrlə Zəngəzurdan keçən yolun Ermənistanın əlində “vacib və qiymətli kozır” olduğunu açıq deyirlər”.

Təhlükəszilik eksperti bu geosiyasi məkanda qərarların Azərbaycan və Ermənistanın deyil, qlobal mərkəzlərin həll etdiyi barədə rəyələrə toxunur. “44 günlük müharibəyə qədər də belə düşünülürdü. Nəticə göz qabağındadır. Bəs, indi hansı kəskin siyasi dönüş etməklə Qarabağ münaqişəsində son nöqtəni qoymaq olar? Erməniləri “kozırından” məhrum etmək üçün hansı gedişləri etmək variantları var”, - ekspert sual edir.

İlham İsmayıl suallara öz cavabında bu qeydləri vurğulayır: “Birincisi, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı danışıqları dayandırdığı haqqında rəsmi mövqeyini bildirməli və yeni Laçın yolunda sərhəd-nəzarət məntəqəsi yaradacağını elan etməlidir. İkincisi, Azərbaycan özünün beynəlxalq hüquqa əsasən, BMT-nin qəbul etdiyi sərhədlərində birtərəfli olaraq sərhəd qurğularını, hətta bəzi yerlərdə hasar çəkməklə sərhəd-mühəndis sistemini yaratmalıdır. İşğal altında qalan eksklav kəndlərin boşaldılması ultimatumunu verməli, əks təqdirdə hərbi güclə ərazi bütövlüyünü bərpa edəcəyini həm Ermənistana, həm də BMT-yə çatdırmalıdır. Biz sərhədimizi tanıyırıq, bilirik. Ermənistanın günahı ucbatından işlərin dalana dirəndiyini elan edib, sərhədlərin delimitasiya və demarkasiyasına ehtiyac olmadığını xüsusi vurğulayıb, sərhədimizi tam bərpa etməliyik. Qoy, Ermənistan özü üçün həşir salsın, biz beynəlxalq hüquqla tanınan sərhədlərimizi bərpa etmişik, bizi qınayan olmayacaq”.

Ekspert əlavə edir ki, ermənilər əvvəlcə dünyaya səs salacaq, hay-küy qaldıracaqlar ki, Azərbaycan sülh istəmir. Onun sözlərinə görə, bizim o zaman deməyə xeyli əsaslı arqumentlərimiz var və danışıqadan imtina etməyin baiskarının Ermənistan olduğunu dünyaya çatdırmağı bacarmalıyıq. “Ukrayna da Rusiya ilə danışıqlardan imtina edir və dünya da onun bu mövqeyi ilə hesablaşır. Biz də Ukrayna kimi ərazi bütövlüyümüzə xələl gətirən mənasız danışıqlardan imtina etdiyimizi, erməni silahlı qüvvələrin ərazidən son nəfərinədək tərksilah edilib çıxarılmayınca danışıqlar aparılmayacağını sərt şəkildə bildirməliyik. Və ardınca Xankəndi probleminin üzərinə getməli, tezliklə Rusiya hərbi kontingentinin nəzarət etdiyi ərazilərdə dövlət suverenliyimizin bərpa edilməsinin yol xəritəsini tərəflərə və dünyaya çatdırmalıyıq”,- o qeyd edir.

İlham İsmayıl hesab edir ki, Ermənistanla danışıqlardan imtina etdiyimizi əsaslı şəkildə təqdim edəndən sonra İrəvan özü danışıqların bərpa olunmasına yalvaracaq, Zəngəzur dəhlizinin açılmasını, sərhədlərin delimitasiya və demarkasiyasının sürətləndirilməsini xahiş edəcək.

Əksi ola bilərmi? Ekspert deyir ki, ola bilər: “Havadarı Rusiya önə çıxacaq, Lavrov danışıqları bərpa etməyin zəruriliyindən danışacaq. 44 günlük müharibədə də Rusiya müharibəni dayandırmaq üçün çox addımlar atdı, yalnız Şuşanın azad olunmasından sonra qoşununu Xankəndinə yeritdi. Deməli, növbəti dəfə gücümüzü göstərməliyik ki, Rusiya bizimlə hesablaşmağa məcbur olsun. Müharibəyə başlamadan da Azərbaycan sərt diplomatik addımlarla düşməni də, havadarını da çox məsələlərə məcbur edə bilər. Məsələnin həlli yollarından biri, elə Zəngəzur dəhlizi və sərhədlərin ikitərəfli müəyyənləşməsi danışıqlarını dayandırıb, Xankəndidə dövlət nəzarətimizin bərpa olunması istiqamətində zəruri olan siyasi-diplomatik, yeri gəlsə hərbi addımlarımızı atmaqdan keçir. Əks halda, düşmən yenə zamanı uzadıb əlavə risklər yaradacaq”.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar