“Bizim Ukrayna xalqına yazığımız gəlir... Biz Ukrayna xalqının mütləq anti-xalq və anti-tarixi Kiyev rejimindən qurtulmasına kömək edəcəyik”.
Bunu ötən gün Rusiya XİN başçısı Sergey Lavrov Qahirədə keçirilən Ərəb Dövlətləri Liqasının növbəti görüşündə söyləyib. Elə həmin gün bu, sonsuz dərəcədə riyakar və həyasız bəyanatdan öncə Lavrov deyib ki, Moskva rəsmi Kiyevlə təkcə taxıl tədarükü məsələsində deyil, ümumiyyətlə bütün mövzularda danışığa hazırdır, amma Ukrayna hakimiyyəti bunu istəmir.
“AzPolitika.info” xəbər verir ki, Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Lavrovu ələ salaraq, onun bu bəyanatına sərt cavab verib və Rusiya XİN başçısını “gün vurduğunu”, hətta onda şizofreniya əlamətlərinin olduğunu bildirib: “Lavrovun ərəb ölkələri liqası nümayəndələrilə görüşdəki bəyanatı yaxşı göstərir ki, niyə yayda günün altında baş örtüyü olmadan gəzmək doğru deyil. Klassik Rusiya şizofreniyasıdır – səhər bəyan edirsən ki, Moskva danışıqlara can atır, axşamsa deyirsən ki, məqsəd “antixalq Kiyev rejimindən” qurtulmaqdır. Və bunu başqa ölkəyə heç bir əsas olmadan hücum çəkən, ukraynalıları maksimum dərəcədə qəddarlıqla qətlə yetirən barbar dövləti təmsil edən subyekt söyləyir”.

Podolyak “rejim” ifadəsinin daha çox Rusiyaya və onun həbsxanalarına yaraşdığını bildirib: “”Rejim” daha çox Rusiya həbsxanalarına aiddir, Ukraynadakı isə təmiz, rəqabətli, demokratik seçkilərdə qalib gəlmiş, qanuni yolla seçilmiş hakimiyyətdir. Bu bir cümlədə Rusiya elitası üçün yad olan neçə söz var, elə deyil?”
Doğrudan da Lavrov günün əvvəlində Ukrayna hakimiyyətilə danışıqlara hazır olduqlarını deyib. Axşam isə həmin hakimiyyəti “anti-xalq və anti-tarixi” adlandıraraq, onu devirmək üçün Ukrayna xalqına “kömək edəcəklərini” bildirib. Göründüyü kimi, bu iki bəyanat tamamilə bir-birinə ziddir. Bir tərəfdən danışıqlara hazır olduğunu bildirmək, digər yandan qarşı tərəfi “anti-xalq” adlandırıb, onu devirmək istəyini etiraf etmək. Bu, ya siyasi riyakarlıq, həyasızlıq, abırsızlıq nümunəsi, ya da gerçəkdən Lavrovun başını itirdiyinin göstəricisi sayıla bilər. Ya da hər ikisi bir yerdə!
Xatırladaq ki, bir müdət əvvəl Rusiya XİN başçısı Hitlerin yəhudi olduğunu bəyan edəndə də, onun psixi sağlamlığı barədə şübhələr yaranmışdı və Putin buna görə İsrail rəhbərliyindən üzr istəmək məcburiyyətində qalmışdı. Lavrov bir neçə gün əvvəl isə bildirmişdi ki, Rusiyanın “xüsusi əməliyyatı”nın coğrafiyası Donbası “azad etməklə” yekunlaşmayacaq və digər əraziləri də əhatə edəcək. Putinsə qoşunlarını Kiyev ətrafında biabırçılıqla məğlub olub geri çəkəndən sonra bəyan etmişdi ki, “əməliyyatın” əsas məqəsədi öncədən yalnız “dnr” və “lxr”-in ərazilərini “azad etmək” olub və hər şey də bu plan üzrə gedir. Daha sonra Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev məqsədin təkcə Ukrayna sərhədlərinə çıxmaq deyil, az qala bütün Avropanı işğal etmək olduğunu söylədi. Şoyqu isə bildirdi ki, SSRİ-ni bərpa etmək ən ümdə vəzifədir. Daha əvvəl Rusiya Mərkəz Hərbi Dairəsinin komandanı, general Rustam Minikayev Baş Qərargahın adından danışaraq demişdi ki, məqsəd Ukraynanın cənubunu, Odessanı ələ keçirərək, Dnestryanıya yol açmaqdır. Lap başlanğıcda isə Putin tərəfindən əsas hədəf kimi Ukraynanın “denasifikasiyası və demilitarizasiyası” bəyan edilmişdi. Beləliklə, bunların hərəsinin ağzından bir avaz gəlir və sanki Kremldə hələ də müəyyən edə bilmirlər ki, son hədəf nədir və Ukraynadan nə istəyirlər...

Özü də belə görünür ki, başını itirən və şizofreniyadan əziyyət çəkən təkcə Lavrov deyil. Belə ki, Putinin özü müharibənin 5-ci ayı davam edərkən bildirdi ki, Rusiya hələ Ukraynada “heç nəyə başlamayıb”. Hansı ki, artıq 5 aydan çoxdur onun özü “xüsusi əməliyyat”ın guya plan üzrə getdiyini təkrarlayır. Yaxşı, “hələ başlamayan” bir şey necə plan üzrə gedə bilər?...
Yeri gəlmişkən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns Putinin “Rusiya Ukraynada hələ ciddi olaraq heç nəyə başlamayıb” bəyanatına iki gün öncə Aspen Forumundakı çıxışında belə cavab verib: “Amerika da hələ ciddi olaraq girişməyib, ancaq bunu mütləq edəcək...”
Cəlal (Elxan) Məmmədov
“AzPolitika.info”

Şərhlər
məncə lavrovda da, putində də qocalıq kəm ağıllılığı inkişaf edir. Xalqlar diqqətli olmalıdırlar. Onlardan hər şey gözləmək olar.
Niyə ki, lavrov Azərbaycanda çox hörmətlə qarşılanır.