Menu

Çin lideri Baydenə Tayvana görə xəbərdarlıq edib: “Odla oynayan özünü yandıracaq”

28.07.2022, 23:22
Çin lideri Baydenə Tayvana görə xəbərdarlıq edib: “Odla oynayan özünü yandıracaq”

Çin Sədri Tayvanın işlərinə xarici müdaxilənin qəti əleyhinə olduğunu deyib.

APA xəbər verir ki, bu barədə Çin Sədri ABŞ Prezidenti ilə telefon danışığında bildirib.

Onun sözlərinə görə, Tayvan məsələsində Çin hakimiyyəti və xalqı eyni mövqe nümayiş etdirir.

“1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlıdır. İctimai rəyə laqeyd yanaşmaq olmaz, odla oynasan özünü yandırarsan. Ümid edirəm ki, Amerika tərəfi bunu aydın başa düşür”, - deyə Çin lideri bildirib.

ABŞ Prezidenti Cozef Bayden isə Birləşmiş Ştatların Tayvanla bağlı mövqeyinin dəyişmədiyini təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

“Prezident Bayden Tayvandan danışarkən vurğuladı ki, ABŞ-ın siyasəti dəyişməyib, Birləşmiş Ştatlar qəti şəkildə status-kvonu dəyişdirmək və ya Tayvan boğazında sülh və sabitliyi pozmaq üçün birtərəfli cəhdlərə qarşıdır”, - Ağ Evin bəyanatında deyilir.

Həmçinin qeyd edilir ki, liderlər ABŞ və Çin arasında ikitərəfli münasibətlərlə bağlı bir sıra məsələləri, regional və qlobal məsələləri müzakirə ediblər. Bəyanatda Bayden və Si Cinpinin Ukraynadakı vəziyyəti müzakirə edib-etmədiyi göstərilmir, lakin əvvəllər Çinin Xarici İşlər Nazirliyi ölkə liderinin həmsöhbətinə bu məsələ ilə bağlı ölkəsinin mövqeyini xatırlatdığını qeyd edib.

Ağ Ev qeyd edib ki, telefon danışığı Bayden administrasiyasının iki ölkə arasında münasibətləri dərinləşdirmək səylərinin bir hissəsi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol