Qəbələ rayonunun Xırxatala kənd sakini Elşən Loğman oğlu İsmayılov iki ildən artıqdır ki, ona məxsus olan BMW markalı, "90 BS 386" dövlət qeydiyyat nişanlı avtomobilini geri ala bilmir. 

"Azpolitika" saytı vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən E. İsmayılov bildirir ki,  hələ ailəli olduğu dövrdə həmin avtomobili keçmiş həyat yoldaşının qardaşı – Sərhəd qoşunlarında xidmət edən, Şəki şəhərində yaşayan İyasov Tehran Eldar oğluna etibarnamə əsasında verib.

Elşən İsmayılov bildirir ki, həyat yoldaşı Qurbanova Elgül Eldar qızı ilə boşandıqdan sonra avtomobilin geri qaytarılmasını tələb etsə də, keçmiş qaynı Tehran İyasov nə avtomobili, nə də ona aid sənədləri geri verməyə razılaşıb. Halbuki, həmin etibarnamənin müddəti artıq başa çatıb.

Avtomobil mənim adımdadır. Sadəcə olaraq, ailə münasibətləri dövründə etibarnamə ilə avtomobili və bütün sənədləri ona verdim. Lakin ailəm dağıldıqdan sonra bu münasibətlər dəyişdi və mən ondan avtomobilin qaytarılmasını istədim. O isə buna məhəl qoymur. Bu, mənim şəxsi mülkiyyətimdir və qanunsuz olaraq mənim avtomobilimdən istifadə olunur”, – deyə Elşən İsmayılov bildirib.

Elşən İsmayılov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiyini, polis tərəfindən avtomobilin axtarışa verildiyinin bildirildiyini söyləyir. Lakin buna baxmayaraq, bu günə qədər nəticə əldə olunmayıb.

Elşən İsmayılov ölkənin Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək, avtomobilinin geri qaytarılması üçün aidiyyəti qurumlara göstəriş verməsini xahiş edir: “Cənab nazirə müraciət edirəm. Avtomobilim mənim şəxsi mülkiyyətimdir və qanunsuz olaraq mənim əlimdən alınıb. Zabit statusunda olan bir şəxsin bu cür qanunsuz davranışı heç bir şəkildə izah oluna bilməz. Xahiş edirəm, bu məsələyə hüquqi qiymət verilsin və mənə məxsus avtomobil geri qaytarılsın.”

Elşən İsmayılov isə ümid edir ki, onun səsləndirdiyi bu müraciət rəsmi qurumlar tərəfindən eşidiləcək və ədalət bərpa olunacaq.