Hüseynbala SƏLİMOV

Bəli, fikirləşdim ki, bu mövzuda heç kim yazmayacaq. Ona görə ki, 7 noyabrın indi hansısa bir yazıya təkan verəcəyini, səbəb olacağını düşünmək o qədər də asan məsələ deyil.

Amma mənim də Oktyabr inqilabı ilə elə bir işim yox. Ağlım kəsəndən ideyalı sağçı olmuşam. Ürəyim məni həmişə siyasi spektrin sağına, beynim isə sağ mərkəzə çəkib. Ona görə də heç vaxt ultra-sağçı da olmamışam və indi də deyiləm...

Bilirsiniz, bəşəriyyətin keçdiyi hər hansı böyük yola səhv deyərək bir tərəfə də tullamaq olmaz. Bütün proseslərdə nəsə düşündürücü bir məqam olur. Bu mənada hətta Oktyabr inqilabı da istisna deyil...

Solçuluqdan imtina etdik. Və düz də etdik. Amma sosial hüquqlardan imtina etmədik axı!..

Həmişə düşünmüşəm ki, sosialist inqilabları olmasaydı kapitalizm müasir görkəmini almazdı, indiki kimi cilalanmazdı.

Buna mənim zərrə qədər də şübhəm yoxdur ki, sosialist inqilabları dünyada müəyyən mənada cilalayıcı rola oynayıb, ifrat kapitalizm tərəfdarlarını nələrdənsə, hansısa ifrat qərarlardan çəkindirib...

Həm də tərəzinin bir gözünü boş qoymaq olmaz, onu daim yükləmək, sağı solla balanlaşdırmaq, tarazlaşdırmaq lazımdır ki, ölkə sağçıların diktaturasına gəlib çıxmasın.

Amma biz bunu etmədik. Bəli, formal olaraq bizdə solçular oldu. Amma formal olaraq. Solçular bizdə iki amildən peyda oldular. Biri siyasi modanın təsiri kimi, digəri də Rusiyadakı proseslərin Azərbaycan siyasətində əksi kimi.

Amma təsirli, hiss olunacaq bir proses baş vermədi...

O şeydən ki, mən bəhs etmək istəyirəm, əslində o sosialist inqilablarından da əvvəl olub. Bəli, bərabərlik Böyük Fransa inqilabının məşhur triadasından biri idi.

Təbii ki, indi mülkiyyətcə bərabərlikdən danışmaq olmaz. Kimi daha çox varlıdır, kimisə nisbətən kasıbdır. Elə bizim milli-siyasi irsimizdə də bərabərlik eqalitarizm-qanun qarşısında bərabərlik kimi yozulurdu. Bizim də bu çərçəvədən kənara çıxmaq fikrimiz yoxdur...

Amma burada Oruellin əsərlərindən bir fikir düşür yadıma. Orada deyilirdi ki, hamı bərabərdir, amma bəziləri daha çox bərabərdir...

Bax, bu “daha çox bərabər olmaq” məsələsi düşündürür biz. Bir az əvvəldə dedim ki, guya biz sosial hüquqlardan imtina etməmişik.

Amma əslində imtina etmişik, özü də ciddi şəkildə-ölkə oliqraxların meydanına çevrilib və inhisarçılıq təkcə bizm büdcəmizdə hiss olunmur, elə həyatımız da inhisarçılığın ucabtından bu gündədir...

Oliqarxik kapitlizm bir vaxt latın Amerikası ölkələrində müşahidə edilirdi- təsəvvür edin millətin milli sərvətinin 99 faizi iki-üç oliqarxın əlində cəmləşirdi. İndi bizdə də təxminən eyni mənzərə yaranıb. Oliqarxiya getdikcə “piroq”un hamısını özünə tərəf çəkməkdədir...

Əski marksistlər deyirdi ki, inhisarçı kapitalizm sosialist inqilabının ərəfəsidir.

Təbii ki, biz Azərbaycanda sosialist inqilabını gözləmirik.

Amma proseslər danılmaz, aydın bir istiqamətə doğru gedir- dini siyasi cərəyanlar güclənir. Qoy, bu sizə növbəti fantaziya kimi görünməsin. Belə bir deyim var ki, müqəddəs yer boş qalmır...

Əgər biz Avropanın bir hissəsi ola bilsəydik, bu tendensiyanı sovuşdura bilərdik. Amma biz Avropa ola bilmədik, çünki buna indiki hakimiyyət imkan vermədi. Fəqət, biz havada da qala bilmərik- biz həm də müsəlman dünyasının bir hissəsiyik...

Elə bu səbəbdən də müsəlman dünyasında gedən proseslər getdikcə bura da sirayət edəcək. Buna zərrə qədər şübhəniz olmasın.

İndi müsəlman dünyasında daha çox dəbdə olan mötədil cərəyan- islam sosializmidir. İnsanlar getdikcə daha çox buna meyl edirlər. Bir səbəbimi bir az əvvəldə dedik.

Başqa bir səbəbi də odur ki, kiçik bir qrup bu ölkədə hər şeyi qamarlayıb, bu ölkənin dənizini, gölünü və hətta meşəsini də bizim əlimizdən alıblar.

Bunların təsirilə cəmiyyətin alt qatlarında neqativ enerji yığılır. Bu enerji axır bir gün dişarı çıxmaq yollarını arayacaq. Bax, onda əsl mərəkə başlayacaq və bəlkə o vaxt bu hakimiyyətin də adamları deyəcək ki, kaş, vaxtında Avropaya inteqrasiyanın qarşısını almayaydıq. Amma o vaxt gec olacaq... Və o vaxt bir daha geriyə qayıtmaq, səhvləri düzəltmək imkanı olmayacaq...

(Musavat.com)