PUTİNİN KRIMDA PARTLAYAN ETİBARI... - “Göz bəbəyi kimi qorunan” yarımada ən zəif bəndə çevrilir

“Ukrayna Müdafiə Nazirliyi yanğının səbəbini müəyyən edə bilmir, lakin növbəti dəfə yanğın təhlükəsizliyi qaydalarını və xüsusi müəyyən edilmiş yerlərdən kənarda siqaret çəkilməsinin qadağan olunduğunu xatırladır”.

Bunu Ukrayna Müdafiə Nazirliyi ironik şəkildə, Kremli ələ salaraq, Krımdakı hərbi aerodroma endirilən zərbələri şərh edərkən bildirib.

Çünki Rusiya Müdafiə Nazirliyi “Moskva” kreyserinin Qara dənizdə Ukrayna tərəfindən batırılması hadisəsində olduğu kimi, Krımdakı partlayışları da Ukraynanın raket zərbələri yox, daxildə baş vermiş hansısa səhlənkarlıq nəticəsində baş verdiyini iddia edib.

Qeyd edək ki, 2014-cü ildə işğal olunmuş Krım Rusiya tərəfindən guya ən yaxşı mühafizə olunan, ən mükəmməl Hava Hücumundan Müdafiə sistemlərilə əhatə olunan, nəinki quruda, havada, dənizdə, hətta dənizin altında da qorunan ərazi kimi göstərilirdi. İşğaldan sonra Krıma Rusiya büdcəsindən on milyardlarla dollar xərclənib, məlum Krım körpüsü salınıb, çoxlu yollar tikilib, infrastruktur layihələri həyata keçirilib və s. Yarımadanın hərbi cəhətdən mühafizəsinə də bir o qədər pullar xərclənib.

Krım mövzusu Kremlin və şəxsən Putinin 2014-cü ildən bu yana bütün təbliğat platformasında bəlkə də ən birinci yerdə duran element və əhaliyə “yedirdilən” nailiyyət olub. Putinin bəlkə də elə bir “patriotik” çıxışı olmayıb ki, orada “Krım qələbəsi”nə toxunmasın, oranın daim Rusiyanın ərazisi olacağına, yarımadanın üzərindən “bir quş belə uça bilməyəcəyinə” vəd verməsin.

Böyük hissəsi “imperiya tüstüsü”ndən zəhərlənmiş, zombiləşmiş əhali isə Putinlə yanaşı simonyanlara, solovyovlara və digər Kreml təbliğatçılarına inanaraq, Krımı alınmaz qala hesab edirdilər. Onlar hər il yay-qış bilmədən, arxayın şəkildə yarımadaya istirahətə gedib, bir çoxları isə daimi yaşamaq üçün Krıma köçüb, orada biznes qurub, yatırım edib və sair. Və budur, günlərin birində həmin bu “alınmaz qala” çat verməyə başlayır.

Avqustun 9-da, günün günorta çağında Krımın rus turistlərinin dincəldiyi kurort ərazisinin lap yaxınlığındakı hərbi aviabaza göyə sovrulur. Səbəb 6 aydır Rusiya işğalı ilə üz-üzə qalan Ukraynanın cavab zərbəsidir. Özü də haqlı, legitim hədəfə vurulan zərbəsi...


Ancaq Kreml neçə aydır Ukrayna torpaqlarına ölüm saçan təyyarələrin qalxdığı aerodromun vurulduğunu etiraf etmir və bunu az qala ehtiyatsızlıq nəticəsində baş verən kiçik qəza kimi təqdim edir.

Bu da səbəbsiz deyil. Kremlin başqa yolu yoxdur. Əgər ərazinin Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu etiraf etsə, Krımda adam qalmayacaq. Zatən dünənki partlayışlardan sonra yarımadadan çıxış üçün Krım körpüsünün qarşısında və üzərində böyük növbə, tıxac yaranıb. Dincəlməyə gələnlər və hətta yerli əhali müharibənin nəfəsini hiss etməyə başladığından, canını götürüb qaçmağa çalışır. Hansı ki, o boyda yarımadada sadəcə bir aerodroma bir neçə zərbə endirilib.

Bəs, Ukrayna şəhərləri kimi aramsız raket, mərmi atəşinə tutulsalar necə olacaq? Əlbəttə, mülki obyektləri vurmaq yolverilməzdir və Ukrayna tərəfi Rusiyadan fərqli olaraq bunu etmir. Ancaq hər halda, yalnız hərbi obyektlərin vurulmasının intensivliyi artacağı təqdirdə belə, yeganə çıxışı Krım körpüsü olan yarımadadakı əhali arasında nələrin baş verəcəyini düşünmək çətin deyil.

Digər yandan, zərbənin Ukrayna tərəfindən az qala 300 kilometr məsafədən vurulduğu, yaxud diversiya qrupu tərəfindən törədildiyi etiraf olunsa, Krımın təhlükəsizliyinə cavabdeh olanlar – Müdafiə Nazirliyindən tutmuş Aleksandr Bortnikovun Federal Təhlükəsizlik Xidmətinə qədər bütün müvafiq strukturlar məsuliyyətə cəlb olunmalı, çox kəllələr getməli idi. İndi isə qətiyyən bunun zamanı deyil.

Zatən Putin hamıdan qaçır, çox az adamı yaxın buraxır və onun üçün hakimiyyət elitasını nəzarətdə saxlamaq, narazılıqları neytrallaşdırmaq getdikcə çətinləşir. Odur ki, müharibənin qızğın vaxtında hakimiyyət daxilində hansısa “təmizləmələrə” gedərək, vəziyyəti daha da gərginləşdirmək Kreml sahibinə qətiyyən sərf etmir.

Nəhayət, bir zamanlar fəxr etdiyi Krım bu gün Putin hakimiyyətinin ən zəif yerinə, “zəif bənd”inə çevrilib. Krımın Ukrayna tərəfindən vurulmasını etiraf etmək Putin üçün öz acizliyini, yarıtmazlığını, bacarıqsızlığını, zəifliyini, indiyə qədər söylədiyi pafoslu şüarların, tezislərin, vədlərin sabun köpüyündən ibarət olduğunu etiraf etmək olardı. Ancaq onun etiraf edib-etməməsindən asılı olmayaraq, Rusiyada insanların heç də hamısı Kreml təbliğatından ağlını, görmə və eşitmə qabiliyyətini itirməyib.

İnsanlar anlamağa başlayır ki, müharibə strateji baxımdan uduzulub və bu gün Ukrayna raketlərinin artıq onların “qapısını döyməsi”nin səbəbkarı Putin və onun əli qana bulaşmış cinayətkar hakimiyyətidir. Bu hakimiyyətin 22 ildir davam etməsinin və bu gün bütün dünyaya, eləcə də rusların özlərinə dəhşətli təhlükə mənbəyinə çevrilməsininsə əsas səbəbkarlarından biri elə Rusiya vətəndaşlarıdır. Əslində, yer üzündə ədalət varsa, müharibənin yaratdığı bütün məhrumiyyətləri, ağrıları, dəhşətləri ukraynalılar kimi rusiyalılar da yaşamalıdırlar - ukraynalılardan da qat-qat artıq!

Bəs, görəsən onlar ukraynalıların 6 aydır yaşadığı cəhənnəmin bircə saatını yaşayacaq dəyanətə malikdirlərmi və müharibə dəhşətlərini öz dərilərində hiss edərkən narazılıqlarını hakimiyyətə, sistemə qarşı çevirməyəcəklər ki? Bu sualın cavabı kifayət qədər çətindir, onu bəlkə heç Putinin özü də dəqiq bilmir və Kreml sahibini ən çox qorxudan da budur...

“Krım yarımadasının gələcəyi qara dənizin mirvarisi, unikal təbiətli milli park, dünya səviyyəli kurort olmaqdır, terrorçuların hərbi bazası yox. Hər şey hələ yeni başlayır!”. Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Krıma endirilən zərbələri şərh edərkən deyib.

“Hər şey hələ yeni başlayır” ifadəsi o deməkdir ki, bu cür zərbələr davam edə və intensivləşə bilər. Bunu isə artıq ehtiyatsızlıqla, kiminsə hardasa siqaret çəkməsilə əlaqələndirmək Kreml üçün çətin olacaq...

“Krım Ukraynaya məxsusdur. Biz heç vaxt oradan əl çəkməyəcəyik. Unutmayacağıq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi Krımın işğalı ilə başlayıb. Müharibə Krımın azad edilməsi ilə də bitməlidir”. Bunu isə Ukrayna Prezidenti Volodimir Zelenski deyib...

Cəlal (Elxan) Məmmədov

“AzPolitika.info”  

635x100

Şərhlər

Sozsuz 2022-08-11 16:48:00

Celal bey sizi derclerinize ve arasdirmalariniza gore tebrik edirik. Azpolitika umumi olaraq daxili siyasete ve proseslere mansetlerinde yer ayirsa daha aglabatan olar. Ukrayna muharibesi baslayandam melumatlarin 90 faizi ukrayna rusiya muharibesine hesr edilir. Tapsiriqlar basa dusulur amma bu qederde olmazki.

Bkm 2022-08-11 10:38:38

"Çərxi-fələk tərsinə dövran edir indi"...

Elmira 2022-08-10 19:02:41

Şad xəbərdir! Yaşasın Ukrayina!!!

Camal 2022-08-10 18:11:36

Yengəsi alkoqolik yeltsin olanın axırı belə olar...daha doğrusu axırı ruscadır...

Eli 2022-08-10 17:17:27

Böyük ehtimalla bu ilin sonuna, uzağıı bir il müddetine Putinin rehberlik etdiyi Rusiyanın dünya arenasında neçenci seviyyeli dövlet olduğu konkretleşer,o cümleden de Putinin bir Prezident kimi hansı qabiliyyetin sahibi olması öz deqiq qiymetini alar,rus milleti de bunlaea uyğun öz layiq olduğu yerde berqerar olar.

Son yazılar