Bakıda iki sərnişin avtobusu toqquşub.
APA-nın məlumatına görə, hadisə bu gün səhər Bakı-Salyan şossesinin Səbail rayonu ərazisindən keçən hissəsində, Səbail Rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin qarşısında baş verib.
88 və 120 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hadisə yerində araşdırma aparılır.
Bu gün Şəmkirdə də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Dövlət Yol Polisi İdarəsinin İstintaq və tədqiqat şöbəsinin müstəntiqi Kərim Məmmədovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, hadisə ötən gün saat 22.30 radələrində Bakı-Qazax magistral yolunun 374-cü kilometrliyində, Şəmkir rayonu Könüllü kəndi ərazisində baş verib.
Şəmkir rayonunun Könüllü kənd sakini, 54 yaşlı Raqif Hüseynovun idarə etdiyi “QAZel” markalı avtomobillə Gürcüstan vətəndaşı, 22 yaşlı Muras Sadıqovun idarə etdiyi “Mercedes Vito” markalı avtomobil toqquşub. Hadisə zamanı “QAZel”in sürücüsü R.Hüseynov hadisə yerindəcə dünyasını dəyişib. “Mercedes Vito”da olan 4 sərnişin isə müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Müstəntiq K.Məmmədovun dediyinə görə, hadisəyə “QAZel”in qəfildən magistral yol çıxması səbəb olub. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat şöbəsində araşdırma aparılır.


Şərhlər