Salman Rüşdinin Əziz Nesinlə arası niyə dəymişdi?

Etibar ƏLİYEV

Avqustun 12-də hind əsilli Britaniya yazıçısı Salman Rüşdi Nyu-Yorkda “Chautauqua” İnstitutunda mühazirəsindən əvvəl hücuma məruz qalıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin məlumatına görə, naməlum şəxs səhnəyə çıxaraq Ruşdini çıxışına başlamamış döyməyə başlayıb. Hücum edən şəxs saxlanılıb. Ehtimal ki, onun əlində bıçaq da olub.

Dəyərli oxucularım!

Aktuallığını nəzərə alaraq, 2016-cı ildə yazdığım “Salman Rüşdinin Əziz Nesinlə arası niyə dəymişdi?” adlı məqaləmi oxumaq üçün ixtiyarınıza verirəm.

Salman Rüşdinin 1989-cu ildə çapdan çıxmış “Şeytan ayələri” kitabı İslam dünyasında böyük təpkilər almışdır. 1989-cu ilin fevral ayının 14-də o zaman İranın Ali dini rəhbəri Ayətullah Ruhulla Xomeyni kitabı İslama qarşı küfr adlandıraraq, onun müəllifi və kitabı nəşr edən bütün şəxslərin qətlinə çağıran fətva vermişdir.

Salman Rüşdi müsahibələrinin birində bildirir ki, ona ölüm fətvası verilən zaman fikirləşib ki, artıq sonu çatıb: “Gizli yaşamağa məhkum olduğumdan hər şeydən məhrum idim. Ürəyim istədiyim şeyi dilimə gətirə bilmirdim. Amma üstündən 20 ildən artıq vaxt keçdiyinə görə mən artıq nə istəyirəm deyə bilirəm. Bu fətva artıq unudulmuşdur”.

Onun 2002-ci ildə çapdan çıxmış “Esselər kitabı"nda Əziz Nesinlə bağlı maraqlı bir yazısına rast gəldim: “Mən türk yazıçısı və jurnalisti Əsiz Nesinlə 1986-cı ildə Britaniya yazıçılarının onun pasportunun Türkiyə hökuməti tərəfindən müsadirə olunmasının əleyhinə təşkil olunmuş aksiyada tanış oldum. Yəqin ki, cənab Nesin mənim onu cidd-cəhdlə müdafiə etməyimi xatırlyar. Ancaq buna baxmayaraq o, mənə qarşı ədəbsizlik etdi. Əziz Nesin indi “Aydınlıq” adlı qəzetin baş redaktorudur. Bir az əvvəl “Aydınlıq” geniş müzakirələr üçün mənim “Şeytan ayələri” kitabımdan parçalar çap etməyə başladı. Bu parçalar “Salman Rüşdi alimdir, yoxsa şeytan” rubrikası altında peyda olmuşdu. Nə qəzet, nə də cənab Nesin mənim əsərimin çapı üçün məndən icazə almamışdı. Və mənə hansı başlıqların verilməsi barədə informasiya verilməmiş, tərcümənin keyfiyyəti və dəqiqliyi barədə heç nə soruşulmamışdı. 1989-cu ildən başlayaraq İran dindarları və islamı qısqananlar “Şeytan ayələri”ndəki parçaları kontekstdən çıxararaq proqresiv ideyalara və azad sözə qarşı geniş müharibə elan etmişdilər. Mən yenə də özgə oynunlarının peşkasına çevrilmişdim. Ədəbiyyat agentimə müraciət etdim ki, Əziz Nesindən soruşsun: “Nəyə görə onun qəzeti mənim müəlliflik hüququmu pozur? Əsəri nəşr etməkdə motiv nədən ibarətdir? Bəlkə mənim əsərim yazıçı kimi onu maraqlandırır?”

Uzun sükutdan sonra “Aydınlıq” mənim agentimin məktubunu şərhlə dərc etdi. Cavabdan gördüm ki, düşdüyüm ağır vəziyyət onu maraqlandırmır: “Mənim Salman Rüşdi ilə nə işim ola bilər, bəli mətni sizin razılığınız olmadan dərc etmişəm... Məni məhkəməyə verə bilərsiniz.”

Salman Rüşdi yazır: “Mən artıq başa düşdüm ki, Nesin və onun tərəfdarları məni və kitabımı ət maşınının ağzına vermək istəyirlər”.

Rüşdi istəmirdi ki, türk fanatları da prosesə qoşulsunlar. Hesab edirdi ki, bu ona əlavə problemlər yaradacaq: “Budur, indi Əzis Nesinin özü fundamentalistlərin Türkiyənin Sivas şəhərində törətdikləri faciəvi münaqişənin iştirakçısı oldu. Xəbərlərdə deyilir ki, o, sağdır. Lakin bu teraktda da xeyli insan tələf oldu. Qəzetlər bunu “Rüşdi qiyamı”adlandırdılar. Buna ad verməkdə çətinlik çəkirəm”.

Salman Rüşdi bu essesində belə bir sual qoyur: “Bu faciədən nəticə çıxarılacaqmı? Yaponiyada toplaşan “Böyük yeddilik” ölkələrinin liderləri bütün bunlardan mənəvi məsuliyyət daşıyacaqlarmı? Deyəcəklərmi, bəsdir! Terrorizmi müdafiə etmək əbəsdir. Terroristləri silahlandıran və maddi dəstək verən ölkələrə “dayanın”, deyəcəklərmi? Ümidvaram ki, Tokioya gələn jurnalistlər “Böyük yeddilik” ölkələrinin üzvlərindən xahiş edəcəklər ki, onlar Sivasda baş verən hadisələri törədənlərlə yanaşı onların mənəvi yiyələrini qınasınlar. Bu düşmənlər nəinki ateizmin, həm Qərbin, həm də əsl İslamın düşmənləridir”.

P.S. Göründüyü kimi Salman Rüşdi Əziz Nesinin terrora məruz qalmasına ironiya ilə yanaşmışdır. İngiltərə kraliçası isə ona "Cəngavər" ali rütbəsini verdi.

635x100

Şərhlər

miri 2022-08-13 15:54:22

İkisi də eyni "yuvanın quşu"dur. Sonları da eyni olmalıdır.

Son yazılar