"Məsələ çox aydındır: Türkiyə NATO-nun sadiq, mühüm, güclü üzvüdür. Ona münasibətdə hansısa ayrı-seçkiliyə yol verilməsi, ona mütərəqqi hərbi silahların satılmasından imtina edilməsi Türkiyənin qüruruna toxunur və maraqlarına ziddir. Ona görə də Türkiyə bu məsələni ardıcıl olaraq qaldırır və ABŞ-dan tələb edir ki, öz müttəfiqinə modern silahlar satsın".
"AzPolitika.info" xəbər verir ki, bunu publika.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.
Sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüşdən gözləntilərini bölüşən Zərdüşt Əlizadə deyib ki, Vaşinqtonun müasir silahları satmaqdan imtinanı Ankaranın Rusiyadan S-400 alması ilə əlaqələndirməsi mənasız bəhanələrdir: “Çünki Türkiyə S-400-ü bəxtəvərlikdən almayıb. Amerika ona “Patriot”u satmaqdan imtina edəndə məcbur qalıb S-400-ü aldı. Bundan əlavə ABŞ Rusiyadan S-300 almış Yunanıstana F-35 ən müasir qırıcı-bombardımançı təyyarələri satıb. Türkiyənin Yunanıstandan nəyi əskikdir?! Yəni, ABŞ-ın bu ədalətsiz münasibəti Türkiyəni vadar edir ki, aramsız olaraq bu məsələni qaldırsın və ABŞ-dan tələb etsin ki, ayrıseçkiliyə son qoysun”.
Zərdüşt Əlizadə bildirib ki, Türkiyə-ABŞ münasibətlərinin gündəliyində digər məsələlər də var. Onun sözlərinə görə, onlardan ən vacibi ABŞ-ın kürd separatçılarına verdiyi dəstək, Yaxın Şərqdə hansısa, o cümlədən türk torpaqları hesabına bir kürd dövlətinin yaradılması planlarıdır ki, bu da Türkiyəni əsla qane etmir: “Hələlik üzdə olan məsələlər bunlardır. ABŞ kürd separatizmini dəstəkləyir, mütərəqqi hərbi silahları satmaqdan imtina edir, nə əvvəl satılmış F-16-ları modernləşdirir, nə modernləşdirilmiş F-16-ları satır, nə də Türkiyənin F-35-lərin istehsalındakı iştirakının ləğvini aradan qaldırır. Yəni, Türkiyəni müasir silah texnologiyalarının mənimsənilməsi prosesindən dayandırmağa cəhd edir”.
Bəs bu görüşdə Azərbaycanla, o cümlədən Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı da hansısa məsələlər müzakirə oluna bilərmi? Zərdüşt Əlizadə bu suala cavab olaraq deyib: “ABŞ-ın burada bir o qədər böyük rolu yoxdur. Amerika dünyada böyük dövlət olsa da hər bir nöqtəyə əli çatmır. O cümlədən, Yaxın Şərqdə mühüm rol oynayan Türkiyənin sıx müttəfiqi olan Azərbaycana nə isə etmək imkanı yoxdur. Bəli, zilə qalxa, vəziyyəti gərginləşdirə bilər, amma bu, ABŞ və onun müttəfiqlərinin milli maraqlarına ziddir. Ona görə ABŞ mənasız yerə Azərbaycanla münasibətləri korlamaz”.
"AzPolitika.info"


Şərhlər