İRƏVANDA PARTLAYIŞDA ÖLƏNLƏRİN SAYI ARTIB - Fotolar + VİDEO (Yenilənib)

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb. Partlayış zamanı bazarda olan 17 nəfər itkin düşüb.

***

İrəvanın “Surmalu” bazarında baş verən partlayış və yanğında ölənlərin sayı üç nəfərə çatıb. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xidmətin rəhbəri Ayk Torosyan bildirib ki, dağıntılar altından daha bir qadının meyiti çıxarılıb.

20:12

İrəvanın “Surmalu” bazarında baş verən partlayış və yanğında ölənlərin sayı iki, yaralananların sayı isə 60 nəfərə çatıb. Bu barədə Respublika Səhiyyə Nazirliyinin mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

“Hazırda partlayış nəticəsində ölənlərin sayı iki nəfərdir. Müxtəlif tibb məntəqələrinə köçürülən zərərçəkənlərin sayı 60-a çatıb. Onlardan 22-i müayinədən sonra evə buraxılıb”, - məlumatda bildirilib.

19:35

İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı xəsarət alanların sayı 57 nəfərə çatıb. Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralanan 36 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin isə qənaətbəxşdir.

Bildirilir ki, dağıntılar altında xeyli insan qalıb.

17:40

Bazar günü İrəvanın “Surmalu” topdansatış bazarında baş vermiş partlayış və yanğın nəticəsində 51 nəfər xəsarət alıb.

Bu barədə jurnalistlərə Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin rəhbəri Arsen Qasparyan məlumat verib: “Hazırda 51 zərərçəkən barədə məlumatımız var. Həm yanğının söndürülməsi, həm də xilasetmə əməliyyatlarının aparılması baxımından əməliyyat vəziyyəti ağır olaraq qalır”, - o, bildirib.

***

Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində baş verən partlayış zamanı azı 7 nəfər xəsarət alıb. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, yaralılar İrəvandakı xəstəxanaya çatdırılıb.

Ermənistanın Təcili Yardım Xidmətinin rəhbəri Taqui Stepanyan məlumatı təsdiqləyib.

“Hazırda xəstəxanaya 7 yaralı gətirilib, lakin bu tam deyil, yaralıların sayı hər an dəyişə bilər”, - o deyib.

Dağıntılar altında xeyli insan qalıb. Partlayış zamanı ərazidəki mağazalara və avtomobillərə də ciddi ziyan dəyib. Əraziyə təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, partlayışın təsirindən ticarət mərkəzindəki bina da dağılıb. Qeyd edilir ki, partlayış pirotexniki məhsulların olduğu mağazada baş verib, bundan sonra yanğın başlayıb və geniş ərazini əhatə edib.

Ərazini geniş tüstü zolağı bürüyüb. Fövqəladə xidmətlər yerli sakinlərə evlərini tərk etməməyi, çölə çıxmamağı məsləhət görüblər. Qeyd edilir ki, ikinci partlayış təhlükəsi var. 

***

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.

İlkin məlumata görə, xəsarət alanlar var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar