Menu

Bakı şəhər Təhsil İdarəsi iflic uşağı niyə məktəbə qəbul etmir? - "Deyirlər, get Ələtdə, Hövsanda oxu" (FOTOLAR)

15.08.2022, 11:19
Bakı şəhər Təhsil İdarəsi iflic uşağı niyə məktəbə qəbul etmir? - "Deyirlər, get Ələtdə, Hövsanda oxu" (FOTOLAR)

"Bu il birinci sinfə qəbul olan Əsma Qarayeva uzun müddət Rusiyada yaşadığı üçün, məcburən rus bölməsində təhsil almalıdır. Yaşadığımız Binəqədi qəsəbəsi ərazisində bizə ən yaxın rusdilli təhsil müəssisəsi 179 nömrəli tam orta məktəbdir. Ona görə də Əsmanın bu məktəbdə oxumasını istəyirik. Ancaq Bakı Şəhər Təhsil İdarəsi israrla bildirir ki, bu məktəbdə yalnız müəyyən kriteriyalara sahib olan uşaqlar təhsil ala bilərlər"

Bu sözləri "AzPolitika.info"-ya müraciətində Qarayeva Əsma Elnur qızının yaxın qohumu Qarayev Xalid bildirib.

Şikayətçinin sözlərinə görə, Ə.Qarayevanın səhhətində problemlər olduğundan, onun yaşadığı yerdən uzaq məsafədə yerləşən məktəblərdə təhsil almaq imkanı yoxdur: “Uşaq iki dəfə əməliyyat olunub. Faktiki olaraq iflicdir, yeriyə bilmir və hərəkət qabiliyyəti məhduddur. Ona görə də bu uşağın xüsusi dövlət qayğısına ehtiyacı var. Müvafiq qurumlar problemi həll etmək əvəzinə uşağın Ələt və ya Hövsan qəsəbəsindəki məktəblərdə təhsil almağını təklif edirlər. Ancaq nəzərə almırlar ki, bu uşağın hər gün valideyn nəzarəti altında uzaq məsafədə yerləşən təhsil müəssisəsinə gedib-gəlmək imkanı yoxdur".

X. Qarayev müvafiq qurumların bu məsələyə etinasız yanaşmasından şikayətlənir: "Təhsil Nazirliyindən bildirirlər ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edin. Orada isə heç bir müraciətə baxılmır. Həmçinin, Təhsil Nazirliyinin internet portalına dəfələrlə yazsaq da, “qaynar xəttə” zəng vursaq da, heç bir reaksiya yoxdur".

"Məktəb direktorları bu məsələyə əlavə gəlir mənbəyi kimi baxırlar. Görünən odur ki, kimin pulu var onu da məktəbə qəbul edirlər. Yəni “yer yoxdur!” bəhanəsindən daha çox pul məsələsidir. Ona görə də düşünmürəm ki, 179 nömrəli məktəbdə bir iflic uşaq üçün yer tapılmasın. Ümid edirəm ki, müvafiq qurumlar Əsmanın səhhətini nəzərə alaraq, bu problemi qısa zaman ərzində aradan qaldıracaqlar",- deyə şikayətçi qeyd edib.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Şərhlər

X 2022-08-15 17:26:12

Allah şəfa versin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol